İslamabad danışıqları iflasa uğradı: Müharibə qaçılmazdır? – TALEH ƏLİYEV şərh edir…

İslamabad danışıqları iflasa uğradı: Müharibə qaçılmazdır?- Taleh Aliyev şərh edir…
ABŞ rəhbərliyi İrana qarşı məhdud hərbi zərbələrin yenidən başlanması variantını müzakirə edir. Pezident Donald Tramp və onun müşavirləri Pakistanın paytaxtı İslamabadda keçirilən nəticəsiz danışıqlardan sonra bu addımı nəzərdən keçirməyə başlayıblar.
Məlumata görə, Vaşinqton bu yolla Tehranın müəyyən güzəştlərə getməsinə nail olmağı hədəfləyir. Eyni zamanda, genişmiqyaslı bombardmanların bərpası ehtimalı da istisna edilmir, lakin bunun regionda vəziyyəti daha da gərginləşdirə və ABŞ-ni uzunmüddətli münaqişəyə cəlb edə biləcəyi qeyd olunub.
Məhdud zərbə anlayışı nədən ibarət ola bilər? İslamabadda keçirilən görüşdən nəticə əldə edilmədikdən sonra, müharibə qaldığı yerdən davam edəcəkmi?
Sfera.az-a bu haqda açıqlama verən Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyevin sözlərinə əsasən, danışıqlar başlamazdan öncə tərəflərin atəşkəslə bağlı vermiş olduqları birtərəfli qəti qələbə açıqlamaları danışıqların uğurlu alınmayacağının carçısı idi:
“Məhz danışıqların gedişatı zamanı fasilələr verilməsi, 21 saat davam edən görüşün ilk saatlarından fasiləyə çıxılması və ardınca tərəflərin daha kəskin və daha barışmaz bir mövqedən çıxış eləməsi onu göstərirdi ki, hər iki tərəf bu danışıqlara etimad göstərmir və daha radikal çıxış etməklə özlərinin mövqelərini sonuna qədər prinsipial, dəyişməz olduğunu nümayiş etdirmək istəyirlər. Bu görüşdə tərəflər sanki məhz danışıqların aparılmaması üçün bir araya gəlmişdilər”.
Politoloq yeni başlayacaq əməliyyatların məhdud, yoxsa genişmiqyaslı olacağı haqqında da fikirlərini bölüşüb:
“Mən hesab edirəm ki, məhdud əməliyyatlar olmayacaq. Çünki 40 günlük intensiv zərbələr buna nail ola bilmədi. Xüsusilə, Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən İrana qarşı endirilmiş zərbələr və ya İranın həm regiondakı Amerika hərbi bazalarına, həm də Körfəz ərəb ölkələrinə və o cümlədən İsrailə qarşı endirdiyi intensiv zərbələr zamanı tərəflər buna nail ola bilmədi. 3 ölkə də qarşı tərəfi müharibədən çəkindirməyə və ya şərtlərini qəbul etdirməyə nail ola bilmədisə, məhdud hərbi əməliyyatlarla bu daha mümkünsüz görünür. Ona görə də dərhal olmasa da, yenidən irimiqyaslı hərbi əməliyyatların başlanması qaçılmazdır”.
Şərh yaz