İşdən məktəbədək: Əhalinin bölgələrə qayıtmasına mane olan SƏBƏBLƏR – ANAR İSAYEV şərh edir
Son vaxtlar bölgələrdə yaşayan əhalinin sayının azalması, bir çox vətəndaşların paytaxta üz tutması ilə bağlı məsələyə dəfələrlə toxunulmasına baxmayaraq, bu problem hələ də aktual olaraq qalır.
Bu gün reallıq odur ki, yerlərdə müxtəlif səbəblərdən əhali sayı getdikcə azalır, insanlar öz doğma yurdlarını, böyüyüb-başa çatdığı evlərini tərk etmək məcburiyyətində qalırlar.
Bunun isə əsas səbəbi yerlərdə iş yerlərinin, kənd məktəblərinin, tibb məntəqələrinin, sənaye müəssisələrinin olmamasıdır. Bir sözlə, mövcud şərait vətəndaşları “çörək pulu”, təhsil və səhiyyə problemlərini həll etmək üçün Bakıya gəlmək məcburiyyətində qoyub.
Qeyd edək ki, ölkə başçısı da kənd təsərrüfatına həsr olunan müşavirədə daxili miqrasiya məsələsinə xüsusi toxunaraq öz narahatlığını bildirmişdi.
Bölgələrdə mövcud problemlərin həlli üçün hansı addımlar atılmalıdır? Bəlkə bu istiqamətdə “Kəndə qayıdış” proqramının hazırlanmasına ehtiyac var?
Bildirək ki, bölgələrdə yaranmış vəziyyətlə bağlı Milli Məclisdə belə, bu məsələyə dəfələrlə toxnulmasına baxmayaraq, problem öz həllini tapmır.
Millət vəkili Zahid Oruc Milli Məclisdə bölgələrdəki problemlərə toxunaraq bildirib ki, poçt, rabitə, tibb məntəqələri və digər sahələrin optimallaşdırılması son nəticədə kənd məktəblərində təhsilin vəziyyətinə birbaşa təsir edir:
“Nəticədə şagird sayının azalması məktəblərin bağlanması təhlükəsini yaradır. Əgər ötən onilliklərin nailiyyətlərinə yenidən nəzər salsaq, Ulu Öndərin Sovet Azərbaycanına rəhbərliyi dövründə bölgələrin əhatə dairəsinin xüsusilə genişləndirilməsi Azərbaycanda kəndlərin sayının 4 400-ə çatmasına səbəb olmuşdu.
Həqiqətən, şəhərlə kənd arasında mütənasibliyin qorunması və əhalinin coğrafi paylanması baxımından hökumət maksimum dərəcədə çalışmalıdır ki, kəndlərdə yaşayan insanların mənafeləri dövlət siyasətində ön yerə qoyulsun”.
Millət vəkili Razi Nurullayev isə yerli mediaya verdiyi açıqlamasında deyib ki, kənddə yaşayan insanın kommunal yükü şəhərdə yaşayan vətəndaşla eyni olmamalıdır:
“Kəndlə şəhər arasında yalnız coğrafi deyil, iqtisadi və sosial baxımdan da müəyyən fərq olmalıdır. Söhbət kənddə yaşayan vətəndaşın şəhərdə yaşayan vətəndaşdan daha az hüquqa malik olmasından yox, əksinə, kənddə yaşamağı təşviq edən əlavə imkanların yaradılmasından gedir. Ona görə də kommunal xidmətlərin kəndlərdə tamamilə limitsiz və ya ödənişsiz olması məsələsinə yalnız bir istiqamətdən yanaşmaq düzgün deyil.
Mənim təklifim kənd əhalisi üçün elektrik, qaz, su və digər kommunal xidmətlərdə daha əlverişli, sosial və differensial tariflərin tətbiq edilməsidir. Yəni kənddə yaşayan insanın kommunal yükü şəhərdə yaşayan vətəndaşla eyni olmamalıdır. Çünki kənd sakinlərinin gəlir imkanları, məşğulluğu və xidmətlərə çıxışı şəhərlə eyni deyil”.
O qeyd edib ki, kənd və rayonlarda yaşayan insanlar üçün kreditlər daha əlçatan və faizlər daha aşağı olmalıdır:
“Digər tərəfdən, kənd əhalisi ölkənin ərzaq təhlükəsizliyinə birbaşa töhfə verir. Fermer, maldarlıqla, əkinçiliklə məşğul olan ailə həm öz ailəsini dolandırır, həm də ölkənin kənd təsərrüfatı məhsullarının istehsalında iştirak edir. Belə bir şəraitdə kənddə yaşayan insanların xərclərinin müəyyən hissəsinin azaldılması sosial güzəşt olmaqla yanaşı, iqtisadi siyasət də ola bilər. Kənd və rayonlarda yaşayan insanlar üçün kreditlər daha əlçatan və faizlər daha aşağı olmalıdır.
İpoteka mexanizmləri də Bakı və iri şəhərlərlə məhdudlaşmamalı, regionlarda ev almaq və ya ev tikmək istəyən vətəndaş üçün real imkan yaratmalıdır. Bu məsələ xüsusilə vacibdir, çünki hazırkı ipoteka mexanizmlərində gəlir və əmlakla bağlı müəyyən tələblər var və bəzi rayonlarda ipoteka kreditləşməsinin əhatəsi də yetərli deyil”.
Deputat bildirib ki, əgər biz kəndlərin boşalmasının qarşısını almaq istəyiriksə, yalnız “kənddə qalın” deməklə bunu edə bilmərik:
“Məqsəd insanları kəndə məcbur etmək deyil. Məqsəd elə şərait yaratmaqdır ki, insan kənddə qalmağı özü üçün sərfəli və rahat seçim hesab etsin. Bunun üçün kommunal xərclərin azaldılması, güzəştli kreditlər, əlçatan ipoteka, keyfiyyətli yol və internet, səhiyyə və təhsil xidmətləri, kənd təsərrüfatı üçün maliyyə imkanları bir-birini tamamlamalıdır. Əgər biz kəndlərin boşalmasının qarşısını almaq istəyiriksə, yalnız “kənddə qalın” deməklə bunu edə bilmərik. Kənddə yaşamağın iqtisadi üstünlüklərini artırmalıyıq.
Mənim bir ilə yaxındır söylədiyim əsas fikir də məhz budur: kənddə yaşayan vətəndaş dövlət tərəfindən əlavə dəstək hiss etməlidir. Kommunal xidmətlərdən tutmuş kreditə, ipotekadan tutmuş kənd təsərrüfatına qədər bütün siyasət kənd həyatını daha dayanıqlı və cəlbedici etməyə xidmət etməlidir. Bu, təkcə sosial siyasət məsələsi deyil. Bu, regionların inkişafı, kəndlərin boşalmasının qarşısının alınması və ölkənin gələcək ərzaq təhlükəsizliyi ilə bağlı strateji məsələdir”.
Məsələ ilə bağlı Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Anar İsayev “Cebheinfo.az”-a bildirib ki, bölgələrdən Bakıya və digər iri şəhərlərə əhali axınının əsas səbəblərindən biri kəndlərdə sosial infrastrukturun zəifləməsi, iş imkanlarının məhdudluğu və insanların gələcəklə bağlı ümidlərinin azalmasıdır:
“Əgər kənddə məktəb bağlanırsa, tibb məntəqəsi fəaliyyət göstərmirsə, daimi iş yeri yoxdursa, insanları orada qalmağa necə təşviq etmək olar? Bu şəraitdə kənd sakininin şəhərə üz tutması seçimdən daha çox zərurətə çevrilir. Məsələyə yalnız demoqrafik proses kimi yanaşmaq düzgün deyil. Kəndlərin boşalması ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı, regionların iqtisadi potensialından istifadə və ölkədə əhalinin tarazlı məskunlaşması baxımından da ciddi problemdir”.
Anar İsayevin sözlərinə görə, ilk növbədə, kənddə iqtisadi fəaliyyət və məşğulluq yaradılmalıdır:
“Fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi ilə yanaşı, kənd təsərrüfatı məhsullarının emalı, saxlanması və satışını təşkil edən müəssisələrin yaradılması vacibdir. Kiçik ailə bizneslərinə, heyvandarlığa, arıçılığa, bağçılığa və kənd turizminə dəstək artırılmalıdır. İnsan kənddə öz zəhməti ilə normal gəlir əldə edə biləcəyinə inanmalıdır. İkinci mühüm məsələ sosial infrastrukturun qorunmasıdır. Şagird sayı az olan məktəblərin bağlanması hər zaman iqtisadi səmərəlilik prizmasından qiymətləndirilməməlidir. Məktəb kəndin gələcəyidir.
Alternativ təhsil imkanları və uşaqların təhlükəsiz nəqliyyatı təmin edilmədən məktəblərin bağlanması kənddən köçü daha da sürətləndirə bilər. Eyni zamanda, ilkin tibbi xidmət, internet, içməli su, yol və ictimai nəqliyyat əlçatan olmalıdır. Üçüncü istiqamət kəndə qayıtmaq istəyən ailələr üçün stimulların yaradılmasıdır. Kənddə ev tikmək və ya mövcud evi bərpa etmək istəyənlərə güzəştli maliyyələşmə, gənc mütəxəssislərə, eləcə də müəllimlərə, həkimlərə, aqronomlara, digər kadrlara yaşayış və əməkhaqqı dəstəyi nəzərdə tutula bilər.
Bununla yanaşı, şəhərdə yaşayan, lakin kənddə təsərrüfat qurmaq istəyən vətəndaşların torpaq, maliyyə və bazarlara çıxış imkanları genişləndirilməlidir”.
İqtisadçı hesab edir ki, bu istiqamətdə “Kəndə qayıdış” adlı ayrıca dövlət proqramının hazırlanması vacibdir:
“Proqram sadəcə əhalini kəndlərə qaytarmaq məqsədi daşımamalı, kənddə dayanıqlı yaşayış və məşğulluq modeli yaratmalıdır. Bunun üçün kəndlər iqtisadi potensialına, əhali sayına, coğrafi mövqeyinə və mövcud infrastrukturuna görə qruplaşdırılmalı, hər bir ərazi üzrə konkret tədbirlər planı hazırlanmalıdır.
Proqramın icrasında yerli icra hakimiyyətləri, bələdiyyələr, aidiyyəti dövlət qurumları və özəl sektorun iştirakı təmin edilməli, nəticələr isə yaradılan iş yerləri, kəndlərdə qalan və geri qayıdan ailələrin sayı, məktəb və tibb xidmətlərinin əlçatanlığı kimi göstəricilərlə ölçülməlidir. Unutmamalıyıq ki, kənd yalnız təsərrüfat məhsulu istehsal edilən ərazi deyil. Kənd həm də milli-mənəvi dəyərlərimizin, ənənələrimizin və ölkənin sosial dayanıqlığının mühüm dayağıdır.
Buna görə də məqsəd insanları inzibati üsullarla kəndə qaytarmaq deyil, onların könüllü şəkildə kənddə yaşamaq və gələcək qurmaq istəyini təmin etmək olmalıdır. Ona görə də əvvəlcə kənddə yaşamaq üçün şərait yaradılmalı, sonra qayıdış təşviq edilməlidir. “Kəndə qayıdış” proqramı məhz bu yanaşma üzərində qurulmalıdır”.
Nigar Abdullayev
Şərh yaz




