Bugünlərdə bir status yazmışdım, maşallah, hərə əlinə bir qələm alıb sağdan, soldan döşəyir. Bəziləri isə mahiyyətin nə olduğuna varmadan, yazır.
Təəssüf…
O mövzuya bir daha qayıdım…
Dostlar, mən Azərbaycanı bütün rəngləri ilə sevirəm – o rənglər simfoniyasını türklər, talışlar, ləzgilər, kürdlər, avarlar, qrızlar, tatlar, yəhudilər, ingiloylar və s. birgə toxuyub.
O rəngin biri çatmasa, gözəllik pozular.
Konstitusiya ilə hər kəsin öz ana dilində danışmaq, təhsil almaq, başqaları ilə istədiyi dildə ünsiyyətdə olmaq haqqı var.
Və mən bunun istisnasız tərəfdarıyam.
Heç bir insana millətinə, dininə, irqinə, məzhəb və təriqətinə görə nifrət etmirəm, əksinə, bütün insanları sevirəm.
Özəlliklə, Azərbaycanda yaşayan, bu ölkəni sevən, onun güclü və bütöv olması üçün çalışan hər kəsi doğma bilirəm.
Biz Azərbaycan dövlətinin vətəndaşıyıq. Bu dövlətin qanunları var. Bu qanunları kimsənin pozmağa haqqı yoxdur. ( Pozurlar, icra etmirlər, biz də ona qarşıyıq, bacardığımız səviyyədə mübarizə aparırıq)
Mən bundan öncə paylaşdığım statusda “niyə kimsə Lənkərana “Lənkon” deyir” deyə bir şey yazmamışam. “Lənkəran niyə “Lənkon” yazılır” demişəm.
Sizcə, haqsızam?
Danışın, deyin, müzakirə edin, amma yazılışda dövlətin qanunlarına hörmət edin.
Sizcə, statusunda “Astara” yazıb, sonra mötərizə içərisində “Ostoro” və ya “Lerik” yazıb, yenə mötərizədə “Lik” yazmağın anlamı nədir?
Yoxsa, Lənkəran deyəndə bəziləri hara – “Astara, ya Lerik” olduğunu bilmirlər, tanımırlar?!
Bu təbliğatdır, həm də yumşaq ifadə etsəm, yaxşı olmayan təbliğat.
Yoxsa, statusumda “talış” ifadəsi belə yoxdur, bu dildə danışmağa, yazmağa irad da bildirilməyib. Bildirmərəm də.
Çünki talışları da özüm kimi sevirəm, bu dövlətin bir parçası bilirəm, digər azsaylı xalqlar kimi sahibi hesab edirəm.
Bayaq dediyim kimi, biz birlikdə güclü və gözəl görünürük. Bu gücün azalmasını və gözəlliyin pozulmasını heç arzulamıram. Bütün gücüm və mübarizəmlə də buna xidmət etmişəm və edəcəyəm.
İndi isə şərh yazan profil sahiblərinə üzümü tuturam:
Əvvəla, bura azad məkandır deyə, istədiyini yazmaq nə ağılın, nə də cəsarətin göstəricisi deyil.
Bəzilərinizi şəxsən tanıyıram, hətta çox yaxından münasibətim var. Sizə düşüncənizdən dolayı iradım yoxdur, sadəcə istərdim statusu oxuyarkən, ürəyinizdəkini yox, mahiyyəti qəbul edərdiniz.
Digər status yazanlar da var.
Siz nədən 44 günlük savaşda Azərbaycan Ordusunun zəfərindən bir cümlə belə yazmadınız?
Nədən antiterror tədbirlərindən sonra profilinizi o möhtəşəm qələbə xəbəri ilə bəzəmədiniz?
Nədən indi mənə irad bildirib, az qala “vətən xaini” çıxarmaq cəhdini edənlərə Əlikram Hümbətova, Fəxrəddin Abbasova “nekroloq” yazanda, onları “qəhrəman” kimi təqdim edəndə səsiniz çıxmadı?
Yoxsa, Yerevanda mətbuat konfransı keçirib, ermənilərlə həmrəy olan Əlikram, Fəxrəddin deyildi?
Niyə şəhidlərə rəhmət yazmayan, qələbəni təbrik etməyən biri (şərh yazanlardan) Fəxrəddinə “nekroloq” yazır?
Və əslində hədəf siz deyilsiniz, əziz talışın şirin dilində danışan, ünsiyyət quran qardaş və bacılarım!
Hədəf separatçılıq edənlərdir!
Qaldı şəxsimə təhqir yazanlara, mən kimsəni təhqir etmirəm, etməmişəm. Polemika apara bilmirsinizsə, təhqirlə nəsə yazmayın.
Hər gün ÜMİD Partiyasında oluram, istəsəniz, gəlin söhbət edək, məncə, anlaşarıq. Çünki mən də elə sizin qədər Azərbaycan vətəndaşlarını sevirəm. Siz təkcə özünüzü sevirsinizsə, mən sizi də sevirəm.
Bir mövzu da diqqətimi cəlb etdi:
“Talışlar Qarabağda döyüşüb, torpaqlarımızın azad olunmasında iştirak edib”
Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin!
Amma və lakin…
Azərbaycan torpaqlarını nə talışlar, nə kürdlər, nə rus, nə yəhudi, nə qrız, nə tat, nə avar, nə kürd, nə də türk azad etməyib.
Azərbaycan torpaqlarını Azərbaycan əsgəri azad edib. Bütün şəhidlərimiz eyni bayrağa – üçrəngli müqəddəs bayrağımıza bükülüb.
Bütün qazilərimiz eyni geyimdə, qolunda yenə bayrağımız olan “uniforma”da olublar.
Çünki hamımız Azərbaycan vətəndaşıyıq, Vətən üçün döyüşmək borcumuzdur.
P.S. Mən 1-ci Qarabağ müharibəsi iştirakçısıyam, buna əl uzatmayın. Füzulinin ilk şəhidi mənim ailəmdən olub, danışanda bir az ehtiyatlı olun.
Rayon haqqında isə heç kimsə söz deməsin (rəylərin birində var idi). Füzuli Azərbaycanda Ağdam rayonundan sonra ən çox şəhid verən bölgədir, 4 minə yaxın şəhidi var.
Allah şəhidlərimizə rəhmət etsin!
P.P.S. Şəhidliyin milliyyəti olmur, eynən Həzrəti Hüseyn, 72 məsum kimi…
Şərh yaz