Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə əziz xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Sözügedən təbriki izləyicilərimizə təqdim edirik:
Əziz və dəyərli xanımlar, əziz analar və bacılar!
Sizi 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm!
Əziz qadınlar, sizə uzun ömür, can sağlığı, sevdiklərinizlə birlikdə firəvan, xoşbəxt və rahat həyat yaşamağınızı arzulayıram.
Siz öz zəkanız, mətanətiniz, sədaqətiniz, cəsarətiniz və əqidənizlə bütün bunlara layiqsiniz.
Ananın, qadının cəmiyyətdəki yeri əvəzedilməzdir.
Qadınların olduğu yerdə ədalət, əxlaq, huzur, fayda, qayda-qanun, cəmiyyətin inkişafı var.
Son illər bütün dünyada olduğu kimi ölkəmizdə də qadınların ictimai-siyasi və mədəni proseslərdə rolu getdikcə artmaqdadır. Bizim üçün xüsusilə xoşdur ki, Azərbaycan qadınları da ölkənin və cəmiyyətin həyatında getdikcə daha fəal şəkildə iştirak edirlər.
Sizin daha aktiv, qurucu, yaradıcı, prinsipial olmağınızı və enerjinizin, zamanınızın bir qədər çoxunu ictimai-siyasi və mədəni proseslərə ayırmağınızı arzulayıram. İctimai, siyasi, media sahəsində çalışan xanımlarımızın yolları açıq olsun, azadlıq qapıları bağlanmasın!
Bu gün həbsxanalarda olan xanımlarımız var. Çox istərdim ki, xanımlar evlərinin bəzəyi olsun, soyuq divarlar, bağlı qapılar arxasında olmasınlar, tezliklə azadlıqlarına qovuşsunlar!
Azərbaycan qadını həm də işğaldan torpaqlarımızı azad edən ŞƏHİDlərimizi, QAZİlərimizi dünyaya gətirən müqəddəs anadır, onların bacısıdır, sevdikləridir, həyat yoldaşlarıdır. Azərbaycan qadını yeri gəldikdə ŞƏHİD də ola bilir…
ŞƏHİDlərimizin ruhları qarşısında baş əyir, yaralılarımıza şəfa, qazilərimizə can sağlığı diləyirəm.
Qoy, o anaların, o bacıların, o həyat yoldaşlarının ömürlərini bundan sonra elə yaşamaq nəsibləri olsun ki, ŞƏHİDlərimizin ruhu şad olsun!
Bayram kimi ömrünüz olsun, əziz və dəyərli xanımlar!
Sevgi və sayğılarla
Şərh yaz




