İQBAL AĞAZADƏ xalqı Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl münasibətilə təbrik etdi

Dəyərli həmvətənlərim!

Əziz bacı və qardaşlarım!

2025-ci il son saatlarını yaşayır.

Öncəliklə qeyd edim ki, çox şükür, müstəqilliyimizi bərpa etdikdən son iki ildir ki, ölkəmizdə müharibə yoxdur, suverenliyimiz hər qarış Vətən torpağında bərqərar olub, sərhədlərimizdə sakitlikdir, xəbərlərimiz “cəbhə bölgəsində vəziyyət ağır, sabit olaraq qalır” cümləsi ilə başlamır… Çox şükür!

İlk növbədə, torpaqlarımızın işğaldan azad olunması zamanı şəhid olan Vətən övladlarına Allahdan rəhmət diləyir, onların valideynləri, əzizləri qarşısında baş əyirəm.

Yaralılarımıza Allahdan şəfa diləyir, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram.

2020-ci ildən bu yana dünyanı saran koronavirusdan dünyasını dəyişənlərə rəhmət diləyirəm.

25 dekabr 2024-cü il faciəvi təyyarə qəzasında həyatını itirənlərin ruhları şad olsun deyir, doğmalarına, yaxınlarına baş sağlığı verir, yaralılara şəfa diləyirəm.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı baş bələdçi Hökümə Əliyevanın dediyi “Hər şey yaxşı olacaq!“mı?

Mütləq olacaq!

Ağır günlərlə yanaşı həm də unutmamalıyıq ki, biz müzəffər Vətən övladlarının qəhrəmanlığı nəticəsində torpaqlarımızı düşmən işğalından azad etdik, suverenliyimizə qovuşduq.

Bu işğala son verməklə, xalqımızı sanki yenidən diriltdik, məğlub ordunu qalib orduya çevirdik.

İtkilərimiz və acılarımız böyük olsa da, Vətən torpaqlarını yağılardan azad etməyin başqa yolu yox idi.

Hələ qarşıda görəcəyimiz çox işlər var.

2025-ci il “Konstitusiya və suverenlik” ili elan edildi.

Ölkəmizin Konstitusiyasını tanımayanları sərhədlərimizdən kənara çıxardıq, indi növbə casus şəbəkəsini məhv etmək, bir sözlə, torpaqlarımızın bütövlüyünə qarşı çıxanların gələcək nəsilləri təhdid etməsinə icazə verməməliyik, verməyəcəyik də.

İşğaldan azad edilmiş rayonlarımızın bərpası və məcburi köçkünlərin geri qaytarılması davamlı olaraq mühüm vəzifəmiz olmalıdır.

Qarabağla yanaşı, digər çətinliklərin də öhdəsindən gəlməliyik.

İlk növbədə, bütün seçkili orqanlarda xalqın səs verdiyi insanların mandat sahibi olmasına nail olmalı, seçkilərin demokratik, çoxpartiyalılıq, proporsional sistem əsasında keçirilməsini təmin etməliyik. Bunun üçün 2026-cı il mütləq Referendum keçirilməli, xalqın rifahı naminə qanunlar qəbul edilməlidir.

Məhkəmələrin azad və müstəqil fəaliyyəti üçün cəmiyyətin və siyasi cəhətdən aktiv kəsimin gücü toparlanmalıdır.

Hər bir vətəndaşımızın sosial cəhətdən təminatlı və güvənli yaşaması ən başlıca vəzifəmiz olmalı, heç bir insanımızın aclıq, yoxsulluq içində əzilməsinə imkan verməməliyik. Xüsusilə, şəhid, qazi ailələri bizə Vətənin əmanətləridirlər, əmanətə layiqincə sahib çıxmalıyıq.

Ölkəmizdə insan haqlarının, söz və mətbuat azadlığının qorunması üçün bütün siyasi və vətəndaş cəmiyyəti institutları səylərini birləşdirməli, demokratik dəyərlərin hakim olması yönündə yeni münasibətlər sistemi qurmaq üçün yorulmadan işləməliyik.

Əziz bacı və qardaşlarım!

Yeni təqvim ilinin astanasındayıq.

İstərdim ki, növbəti il xalqımız, dövlətimiz üçün faydalı, xoş anlarla yaddaqalan, güvənli və demokratik dəyərlərin hakim olduğu, Qarabağımızın hər kəndində, hər şəhərində müqəddəs bayrağımızın uca zirvələrdə dalğalandığı il olaraq təhdidsiz davam etsin.

Bu gün İran adlanan ərazidə 40 milyonluq Güney Azərbaycanlı soydaşlarımız milli kimlik, öz ana dilində oxumaq uğrunda azadlıq mübarizəsi aparır. Sonadək güneyli soydaşlarımızın yanındayıq. Veriləcək bütün qərarlarda soydaşlarımız üçün bu yolda müsbət nəticəyə varılması üçün biz də əlimizdən gələni edirik, edəcəyik də.

Yeni Təqvim İli – 2026-cı ilimiz uğurlu gəlsin, həmrəyliyimiz sarsılmasın, Milli Birliyimiz davamlı zəfərlərimiz üçün əsas olsun!

Sevgi və sayğılarla

İqbal Ağazadə 

Şərh yaz