İQBAL AĞAZADƏ “Qanlı Yanvar” faciəsi ilə əlaqədar xalqa başsağlığı verdi

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə 20 Yanvar faciəsi ilə əlaqədar xalqa başsağlığı verib.
Yazını izləyicilərə təqdim edirik:
Bu gün tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı il 20 Yanvar hadisələrindən 34 il ötür.
Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün xalqımıza qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qaldı.
Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.
Bu gün ŞƏHİDLƏR XİYABANInda vətənimizin müqəddəs övladları uyuyur. O övladlar ki, sayələrində başımızın üstündə üçrəngli bayrağımız dalğalanır, o övladlar ki, sayələrində 18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşdu.
İllərdir, ölkəmiz çətin sınaqlardan keçdi, şükürlər olsun ki, Şanlı Milli Ordumuz bizim bu gün müstəqil, sovetin köləliyindən azad olmuş bir ölkədə yaşamağımızın böyük səbəbkarları olan ŞƏHİDlərimizin qanını yerdə qoymadı və bu gün Şəhidlərimiz yüksək mərtəbəyə çatdıqları yerdə rahat uyuyurlar.
Bu gün güneyimizdə soydaşlarımız da azadlıq mübarizəsi aparır, güneyimizdə də şəhidlərimiz var. Quzeyli, güneyli hər kəs azadlığımız, müstəqilliyimiz, istiqlalımız uğrunda aparılan bütün mübarizələrdə hər zaman həmrəy olub, bir-birlərinə dəstək verib, qarşılaşdığımız ağır sınaqlara baxmayaraq, hər zaman belə olub və olacaq.
Doğma Azərbaycanın, məmləkətimizin azadlığı uğrunda fədakarcasına canından keçmiş bütün şəhidlərimizə Allah rəhmət etsin deyir, yaxınlarına, doğmalarına başsağlığı diləyirik…
ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN SAĞ OLSUN…
ŞƏHİDlərimizə qürur və ehtiramla
Şərh yaz