İQBAL AĞAZADƏ Azərbaycan xalqını Bahar və müqəddəs Ramazan bayramları münasibəti ilə təbrik edib

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını Bahar və müqəddəs Ramazan bayramları münasibəti ilə təbrik edib.

Hörmətli həmvətənlərim!

Bu gün Bahar bayramı, həm də müqəddəs Ramazan bayramıdır.

İlk növbədə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan Vətən övladlarına Allahdan rəhmət diləyir, onların ruhları, valideynləri, doğmaları, əzizləri qarşısında baş əyirəm. Yaralılarımıza Allahdan şəfa diləyir, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram.

Ötən hər il nə qədər çətin olsa da, Azərbaycanımız və tariximiz üçün müstəsna olaraq, 2020-ci il və 2023-cü il müzəffər Vətən övladlarının qəhrəmanlığı nəticəsində torpaqlarımızı düşmən işğalından azad etdik. Bu işğala son verməklə, xalqımızı sanki yenidən diriltdik, məğlub ordunu qalib orduya çevirdik. İtkilərimiz və acılarımız böyük olsa da, Vətən torpaqlarını yağılardan azad etməyin başqa yolu yox idi.

Bu gün də bölgədə qanlı qarşıdurma gedir və ölkə olaraq bizim də qarşıda görəcəyimiz çox işlər var.

Biz ölkəmizin Konstitusiyasını tanımayanları sərhədlərimizdən kənara çıxardıq, separatizmin kökünü kəsdik.

Biz külli-Qarabağda bərpa işlərini də həyata keçirməyə davam etməli, məcburi köçkünlərimizi öz ata-baba yurdlarına geri qaytarmalıyıq.

Biz Qarabağ problemi ilə yanaşı, digər çətinliklərin də həm dövlət, həm də xalq olaraq, öhdəsindən gəlməliyik.

İlk növbədə, bütün seçkili orqanlarda xalqın səs verdiyi insanların mandat sahibi olmasına nail olmalıyıq. Bütün seçkilərinin azad, demokratik, çoxpartiyalılıq əsasında keçirilməsini təmin etməliyik.

Məhkəmələrin azad və müstəqil fəaliyyəti üçün cəmiyyətin və siyasi cəhətdən aktiv kəsimin gücü toparlanmalıdır. Hər bir vətəndaşımızın sosial cəhətdən təminatlı və güvənli yaşaması ən başlıca vəzifəmiz olmalı, heç bir insanımızın aclıq, yoxsulluq içində əzilməsinə imkan verməməliyik. Xüsusilə, şəhid, qazi ailələri bizlərə Vətənin əmanətləridirlər, əmanətə layiqincə sahib çıxmalıyıq.

Ölkəmizdə insan haqlarının, söz və mətbuat azadlığının qorunması üçün bütün siyasi və vətəndaş cəmiyyəti institutları səylərini birləşdirməli, demokratik dəyərlərin hakim olması yönündə yeni münasibətlər sistemi qurmaq üçün yorulmadan işləməliyik.

Əziz soydaşlarım!

Sizi hər iki bayram münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, sizə uzun ömür, can sağlığı, ailə səadəti, şəxsi həyatınızda və peşə fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan hər zaman dini, milli, mənəvi dəyərlərinə sadiq, bölgədə, dünyada hər zaman balanslı siyasət yürüdən bir dövlətdir.

Allahdan tutduğunuz orucun, etdiyiniz duaların, qıldığınız namazların öz dərgahında qəbul etməsini diləyirəm.

Baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyən bu bayram ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olub.

Hər bir evə bayram ovqatı, xoş əhval-ruhiyyə bəxş edən bu gündə ölkəmizdə siyasi mühitin dəyişməsini, iqtisadi həyatın, sosial vəziyyətin yaxşılaşmasını, vətəndaş həmrəyliyinin bərqərar olmasını diləyirəm.

Biz hər bayramda arzulayırdıq ki, o günləri Şuşada, Kəlbəcərdə, Laçında keçirək. Biz artıq Şuşadayıq, Xankəndidəyik, Xocalıdayıq. Biz artıq o müqəddəs tarixi torpaqlarımızdayıq.

44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşdi, əsgər və zabitlərimiz döyüş meydanında qəhrəmanlıqlar göstərdi. Gözünü qırpmadan canını bu vətən üçün qurban verən şəhidlərimiz var.

Allah Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Biz xalq olaraq onlara əbədi borcluyuq!

Gün gələcək, Bütöv Azərbaycanımızda bayram tonqalları qalayacaq, tarixi torpaqlarımıza dönəcəyik!

Tanrı dövlətimizi, xalqımızı, millətimizi qorusun!

Bayramlarınız mübarək!

Sevgi və sayğlarla,
İqbal Ağa-zadə
Azərbaycan Ümid Partiyasının sədri

Şərh yaz