İqbal Ağazadə xalqı Zəfər Günü münasibətilə təbrik etdi

Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə öz media hesabı vasitəsilə xalqı təbrik edib. Sözügedən təbriki izləyicilərə təqdim edirik:

Bu gün Azərbaycan təqvimindən 2 apreli, 8, 18 mayı, 23 iyulu, 23, 31 avqustu, 30 oktyabr kimi qara günləri silən bir bayramdır – ZƏFƏR BAYRAMI…

Əvəzində bizə 4, 9, 17, 20, 24 oktyabr, 8, 20, 25 noyabr, 1 dekabr kimi milyonları sevindirən, Azərbaycan durduqca unudulmayacaq günləri bəxş edən BAYRAMDIR – ZƏFƏR BAYRAMI!

Bu bayramı qeyd etmək uğruna 3000 Azərbaycan övladı öz canından keçdi, onminlərlə Qazimiz düşünmədən sinəsini sipər etdi ki, 30 minə yaxın şəhidin intiqamı alınsın, yüzminlərlə məcburi köçkünün gözü yollardan yığılsın, onminlərlə qazinin yarasına məlhəm olunsun, sinəmizə çəkilən QARABAĞ yanğısına su çilənsin, Göyçəyə, Zəngəzura gedən yollarımız açılsın, Güney Azərbaycan sevinsin, Borçalı toxtasın, Dərbənd dinclik tapsın.

Ali Baş komandanımız, zabitlərimiz, əsgərlərimiz, hər bir azərbaycanlı “öldü var, döndü yoxdur” dedi.

Hamı savaşdı – hər yer döyüş meydanına çevrildi, kimsə geri durmadı, yorulmadı, bölünmədi, parçalanmadı. Birləşib tarix yazdıq.

Azərbaycanın yeni ZƏFƏR səhifəsi açıldı.

Hələ suverenlik hüququmuzun bərpa olunmadığı, Rusiya qoşunlarının müvəqqəti nəzarət etdiyi Xankəndimiz, Ağdərəmiz, Xocavəndimiz, Əsgəranımız, Xocalımız, onlarla kəndlərimiz var…

Lakin səbrsiz olmamalı, inam və istəklə hədəflərimizə doğru bölünmədən irəliləməliyik. İndi əsas vəzifəmiz işğaldan azad olunmuş əraziləri bərpa etmək, köçkünlərimizi geri qaytarmaq, Qarabağda yenidən həyat ritmini təmin etməkdir.

Biz mütləq külli-Qarabağa, Azərbaycanımızın hər qarışına Cümhuriyyət mirasımız olan müqəddəs üçrəngli bayrağımızı sancacağıq.

Bayramın mübarək, Əziz Xalqım!

Qələbən mübarək, müzəffər ordum – Ali Baş Komandan, zabit və əsgərlərimiz!

Zəfərin daim olsun, Azərbaycan!

Var olun, Əziz Qazilərimiz!

Ruhun qarşısında baş əyirik, hər biri Qarabağ boyda olan Şəhidim!

Sevgilərlə İqbal Ağazadə

 

Şərh yaz