İqbal Ağazadə xalqı Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib

Ümid Partiyasının sədri İqbal Ağazadə öz rəsmi hesabı vasitəsilə xalqı Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib. Sözügedən təbriki izləyicilərə təqdim edirik:

Əziz Soydaşlarım!

Sizi dünya müsəlmanlarının birlik, bərabərlik və həmrəylik bayramı olan müqəddəs Qurban Bayramı münasibətilə təbrik edirəm.

Ulu Tanrıdan mübarək bayram günlərində etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını arzulayıram.

İslam sülh və barış dinidir. Xeyirxahlığın, Tanrı mərhəmətinin, bərabərliyin, paylaşmanın rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edir.
Ümid Partiyası olaraq, biz hər zaman cəmiyyətdə barışın, dialoqun, qarşılıqlı anlaşmanın tərəfdarıyıq. Hesab edirəm ki, əgər Azərbaycan cəmiyyətində iqtidar-müxalifət cəbhəsində barış siyasəti yürüdülərsə, ölkə daxilindəki sosial, siyasi, iqtisadi problemlərin həllində, cəmiyyətdə olan gərginliyin azalmasında əhəmiyyətli addımlar atıla bilər.

Dəyərli Soydaşlarım!

Qurban bayramı Tanrıya inamın, sədaqətin, ibadətin, əhdə vəfanın və Uca Yaradan qarşısında sınaqdan çıxmanın ən gözəl nümunəsidir. Uca Yaradan Həzrəti İbrahim kimi xalqımızı bütün sınaqlardan üzüağ, alnıaçıq çıxarsın. Biz hər il arzulayırdıq ki, növbəti illərdə bayramlarımızı Şuşada, Kəlbəcərdə, Laçında, işğal edilmiş digər torpaqlarımızda keçirək. Bu il arzumuzun çox qismi reallaşıb. Biz artıq Şuşada, o müqəddəs tarixi torpaqlarımızdayıq. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşdi, əsgər və zabitlərimiz döyüş meydanında qəhrəmanlıqlar göstərdi. Bu vətən üçün gözünü qırpmadan canını qurban verən şəhidlərimiz var. Allah onlara rəhmət etsin, ruhları şad olsun. Biz xalq olaraq onlara əbədi borcluyuq, biz bu gün o igidlərin sayəsində Şuşaya gedə bilirik. Gün gələcək Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda – Bütöv Azərbaycanımızda qurbanlar kəsiləcək, o torpaqlarımızda necə bayramlar qeyd edəcəyik!

Əziz soydaşlarım!

Sizi bir daha Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban Bayramınız mübarək, kəsdiyiniz qurbanlar, etdiyiniz dualar qəbul olsun!

Sevgi və sayğılarla

İqbal Ağazadə

Şərh yaz