İqbal Ağazadə xalqı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ümid Partiyasının sədri İqbal Ağazadə sosial media hesabı vasitəsilə xalqı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib.
Təbriki izləyicilərə təqdim edirik:
Əziz Soydaşlarım!
Sizi millətimizin və dövlətimizin tarixində ən şərəfli hadisələrdən biri olan 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi hələ XX əsrin əvvəlindən başlayıb. 1918-ci ilin 28 May tarixində Şərqdə ilk demokratik Cümhuriyyət – Azərbaycan Xalq Cümhuriyyəti yaranıb.
Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının, vətən fədailərinin mübarizəsi nəticəsində 1991-ci ilin 18 oktyabrında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Bu gün xalqımızın həyatında müstəsna əhəmiyyətə malik, Azərbaycan tarixinə qızılı hərflərlə yazılmış bir gündür.
Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə, repressiyalara sinə gərmiş Azərbaycan xalqı üçün müstəqilliyin əhəmiyyətini sözlə ifadə etmək çətindir.
Canını vətənin müstəqilliyi və suverenliyi uğrunda qurban verməkdən çəkinməyən bütün şəhidlərimiz və qazilərimiz həmişə qürur hissi ilə yad edilməlidir.
Çətinliklə qazanılan müstəqilliyi qorumaq, inkişaf etdirmək də hər bir vətəndaşdan daha böyük iradə və məsuliyyət tələb edir.
Vətən müharibəsindən sonra son dövrlər regionda baş verən proseslər Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə təhlükə yaradır və bu da bizim məsuliyyətimizi daha da artırır.
Bu səbəbdən bütün soydaşlarımızı Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində məsuliyyətli olmağa və birliyə çağırıram.
Vətənimiz bu gün də qürurlu, şanlı günlərə şahidlik edir. 44 günlük savaşda Şanlı Ordumuz şəhidlərimizin ruhunun şad olması üçün onların qanlarını yerdə qoymadı. Azərbaycan əsgər və zabitlərinə ruh yüksəkliyi, can sağlığı diləyirik. Sizlərlə qürur duyuruq!
Üçrəngli müqəddəs bayrağımızı tezliklə Xankəndidə, külli Qarabağda, tarixin ağır sınağı ilə bizdən ayrı olan torpaqlarımızda dalğalandırmağımız, vətəndaşlarımızın sosial-siyasi-iqtisadi problemlərinin köklü şəkildə həll edilməsi diləklərimlə bir daha sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, müstəqilliyimizin, azadlığımızın əbədi olmasını arzulayıram!
Sevgi və sayğılarla İqbal Ağazadə
Şərh yaz