İqbal Ağazadə xalqı Bahar Bayramı münasibətilə təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını Bahar bayramı münasibətilə təbrik edib. Sözügedən təbriki izləyicilərə təqdim edirik:
Hörmətli həmvətənlərim!
Bu gün Bahar bayramıdır. İlk növbədə torpaqlarımızın işğaldan azad olunması yolunda şəhid olan Vətən övladlarına Allahdan rəhmət diləyir, onların ruhları, valideynləri, doğmaları, əzizləri qarşısında baş əyirəm. Yaralılarımıza Allahdan şəfa diləyir, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram.
Ötən 3 il nə qədər çətin il olsa da, Azərbaycanımız və tariximiz üçün müstəsna olaraq, 2020-ci ildə müzəffər Vətən övladlarının qəhrəmanlığı nəticəsində əksər torpaqlarımızı düşmən işğalından azad etdik. Bu işğala son verməklə, xalqımızı sanki yenidən diriltdik, məğlub ordunu qalib orduya çevirdik. İtkilərimiz və acılarımız böyük olsa da, Vətən torpaqlarını yağılardan azad etməyin başqa yolu yox idi.
Hələ qarşıda görəcəyimiz çox işlər var, Qarabağa tam hakim olmalı, nəzarətimizdə olmayan torpaqlarımıza sahiblənməli, onun hər qarışında bayrağımızı dalğalandırmalı, ölkəmizin Konstitusiyasını tanımayanları sərhədlərimizdən kənara çıxarmalı, ərazimizdə sülhməramlı adı ilə heç bir ölkənin hərbi quruluşunun saxlanılmasına izn verməməli, bir sözlə, Qarabağ probleminin gələcək nəsilləri də təhdid etməsilə razılaşmamalıyıq.
İşğaldan azad edilmiş rayonlarımızın bərpası və məcburi köçkünlərin geri qaytarılması mühüm vəzifəmiz olmalıdır. Qarabağ problemi ilə yanaşı, digər çətinliklərin də həm dövlət, həm də xalq olaraq, öhdəsindən gəlməliyik.
İlk növbədə, bütün seçkili orqanlarda xalqın səs verdiyi insanların mandat sahibi olmasına nail olmalıyıq. İstər Prezident, istər deputat, istər bələdiyyə seçkilərinin azad, demokratik, çoxpartiyalılıq əsasında keçirilməsini təmin etməliyik.
Məhkəmələrin azad və müstəqil fəaliyyəti üçün cəmiyyətin və siyasi cəhətdən aktiv kəsimin gücü toparlanmalıdır. Hər bir vətəndaşımızın sosial cəhətdən təminatlı və güvənli yaşaması ən başlıca vəzifəmiz olmalı, heç bir insanımızın aclıq, yoxsulluq içində əzilməsinə imkan verməməliyik. Xüsusilə, şəhid, qazi ailələri bizlərə Vətənin əmanətləridirlər, əmanətə layiqincə sahib çıxmalıyıq.
Ölkəmizdə insan haqlarının, söz və mətbuat azadlığının qorunması üçün bütün siyasi və vətəndaş cəmiyyəti institutları səylərini birləşdirməli, demokratik dəyərlərin hakim olması yönündə yeni münasibətlər sistemi qurmaq üçün yorulmadan işləməliyik.
Əziz soydaşlarım!
Sizləri qarşıdan gələn Bahar bayramı münasibətilə ürəkdən təbrik edir, sizlərə uzun ömür, can sağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram. Baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyən bu bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olub.
Hər bir evə bayram ovqatı, xoş əhval-ruhiyyə bəxş edən bu bayramda bir daha ölkəmizdə siyasi mühitin dəyişməsini, iqtisadi həyatın, sosial vəziyyətin yaxşılaşmasını, vətəndaş həmrəyliyinin bərqərar olmasını diləyirəm.
Biz hər il arzulayırdıq ki, gələn il Novruz bayramını Şuşada, Kəlbəcərdə, Laçında keçirək. Bu il arzumuz reallaşıb. Biz artıq Şuşadayıq, o müqəddəs tarixi torpaqlarımızdayıq. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşdi, əsgər və zabitlərimiz döyüş meydanında qəhrəmanlıqlar göstərdi. Gözünü qırpmadan canını bu vətən üçün qurban verən şəhidlərimiz var.
Allah onlara rəhmət eləsin, ruhları şad olsun, biz xalq olaraq onlara əbədi borcluyuq, onların sayəsində Şuşaya qayıtmışıq. Ən qısa zamanda öz ev-eşiyindən uzaq düşmüş xalqımızın da öz yurd-yuvalarına qayıtmasını diləyirik.
Gün gələcək Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə – Bütöv Azərbaycanımızda bayram tonqalları qalayacaq, o torpaqlarımıza dönəcəyik!
Tanrı dövlətimizi, xalqımızı, millətimizi qorusun!
Bir daha hər kəsi Bahar bayramı münasibəti ilə təbrik edirəm!
Bayramınız mübarək!
Sevgi və sayğlarla,
Ümid Partiyasının sədri
Şərh yaz