İqbal Ağazadə uğur qazanan məktəbli qızları təbrik etdi – SİZİNLƏ QÜRUR DUYURUQ!

Fidan balalarımız Fidan Qarayeva və Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul alıb.
Fidan Qarayeva Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi, Dəniz Səttarlı isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdidir. Hər iki balamız riyaziyyat və kimya fənni üzrə dəfələrlə respublika və beynəlxalq olimpiadaların qalibi olublar.
Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul alan Fidan Qarayeva növbəti uğura imza atıb. Belə ki, o, 13-19 aprel 2023-cü il tarixlərində Sloveniyanın Portoroz şəhərində 57 ölkədən 213 məktəblinin iştirak etdiyi 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) mümkün 42 balı toplamaqla, yarışda ən yüksək nəticə göstərən 14 iştirakçıdan biri olub və qızıl medala layiq görülüb.
Qeyd edək ki, 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında ölkəmizi 4 məktəbli təmsil edib. Onlar olimpiadada uğurla çıxış edərək 1 qızıl, 1 bürünc medal və 2 “Həvəsləndirici Mükafat” qazanıblar. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fidan Qarayeva qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Sevinc Mahmudova bürünc medala, həmin liseyin XI sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı isə “Həvəsləndirici Mükafat” sertifikatına layiq görülüblər.
Dünyanı elmin, təhsilin xilas edəcəyini hər zaman qeyd etmişik. Azərbaycanda da fidan balalarımızın elmə, təhsilə meyli bizi sevindirir. Gənclərimizin gələcəkdə Nobel mükafatına sahib olacağı, ölkəmizə yeni texnologiyalar gətirərək, ölkəmizi ən yüksək yerlərdə təmsil edəcəklərinə ümidimiz hər gün artır.
Elm və təhsildə uğur qazanan gənclərimizin göstərdikləri nailiyyətlər dövlət qiymətləndirməli, gənclərin bütün maddi və mənəvi yükünü öz üzərinə götürməli, onların təhsili üçün gərəkilən xərclərin hamısını qarşılamalı, təhsil dönəmində problemlərin həlli və diqqətdə saxlanılması üçün müvafiq qurumlara dərhal tapşırıq verməlidir.
Fidan balalarımıza şəxsi həyatlarında və elm-təhsil sahəsində uğurlar, müvəffəqiyyətlər diləyir, hər zaman Azərbaycanımızı yüksək zirvələrdə təmsil etmələrini arzu edirəm.
Uğur qazanan balalarımızın hər birini, onların valideynlərini və müəllimlərini təbrik edirəm!
Sizinlə qürur duyuruq!
Sevgi və sayğılarla İqbal Ağazadə
Şərh yaz