İqbal Ağazadə təltif olunan hərbçiləri təbrik etdi

Ümid Partiyasına sədri İqbal Ağazadə təltif olunan hərbçiləri təbrik edib.

Təbrikdə deyilir: 

“Vətən müharibəsində göstərdikləri şücaətə görə təltif olunan bütün zabit və əsgərlərimizi cani-dildən təbrik edirəm.

Şəhidlərimizə Allahdan rəhmət diləyir, şəhid valideynlərinin qarşısında baş əyirəm.

Şəhid balalarına isə hamımız bir ömür borcluyuq. Allah bu borcu layiqincə ödəməyimizə fürsət versin.

Yaralı qazilərimizə acil şəfalar diləyirəm. Var olun, bu Vətən sizlərlə bütövləşir.

Mənə görə bu müharibədə iştirak edən hər bir əsgərimiz qəhrəmandır. Hər birinizin heykəli içimizdə, ruhumuzda ucalıb. Düşünməyin ki, hansınızsa təltif olunmamısınızsa unudulmusunuz, əməyinizə qiymət verilməyib.

Siz bizim ən gözəl tariximizin müəllifləri kimi hər zaman hər bir azərbaycanlının qəlbində olacaqsınız.

Müasir Azərbaycan tarixinin müəllifləri sizlərsiniz. Dərsliklərdə sizin şəkilləriniz olacaq, balalarımız Vətən sevgisini sizdən öyrənəcək, bayraq, torpaq uğrunda savaş nəğmələrinin, filmlərinin qəhrəmanları sizlər olacaqsınız.

Yetər ki, “MƏN QARABAĞ QAZİSİYƏM” deyəsiniz.

Biz sizlərə borcluyuq, gələcək nəsillər sizə minnətdar olacaq ki, onları bu ağır töhmətlə baş-başa buraxmadınız. 

Ruhun şad olsun, Şəhidim!

Yaşa Azərbaycan əsgəri!

Var ol Qarabağ Qazisi!”

Şərh yaz