İqbal Ağazadə Ramazan ayı münasibətilə xalqı təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını Ramazan ayının gəlişi münasibətilə təbrik edib. Təbriki izləyicilərə təqdim edirik:

Hörmətli həmvətənlər, dəyərli müsəlman soydaşlarımız!

Sizi Müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi çatdırıram.

Oruc tutan bütün müsəlmanların ibadət və dualarının qəbul olunmasını Allahdan diləyirəm!

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir.

Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Hər şeydən əvvəl dünyamızın, ölkəmizin, xalqımızın çətin dönəmində Ramazan ayının millətimizə, ölkəmizə, bütün dünyaya, insanlığa xeyir, bəşəriyyətə sülh gətirməsini, xalqın azad, demokratik bir cəmiyyətdə xoşbəxt, əmin-amanlıq, huzur və firavanlıq içərisində yaşamasını, küskünlüklərin aradan qalxmasını, qardaşlıq və dostluq duyğularının qüvvətlənməsini arzulayıram.

Şükürlər olsun ki, bu gün Ağdam məscidində, Şuşa məscidində azanlar eşidilir, işğalda olan yox, azad Xocalı, Xankəndi üçün dualar oxunur.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralılarımıza Allahdan şəfa, qazilərimizə can sağlığı diləyirəm!

İnanıram ki, bu müqəddəs Ramazan ayı günlərində etdiyimiz dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan, dövlətimizdən əsirgəməyəcək.

Bu əziz gündə bir daha sizi, dünyanın müxtəlif guşələrində yaşayan bütün müsəlman soydaşlarımızı Ramazan ayının gəlişi münasibətilə təbrik edir, ailələrinizə xoşbəxtlik, huzur, əmin-amanlıq, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Allah oruc və dualarınızı qəbul etsin!

Sevgi və sayğılarla İqbal Ağa-zadə 

Şərh yaz
PAYLAŞ