İqbal Ağazadə Azərbaycan xalqını 28 May Müstəqillik Günü (Respublika Günü) münasibəti ilə təbrik etdi

Əziz soydaşlarım, dəyərli həmvətənlərim!
1918-ci ilin 28 mayında dahi Məhəmmədəmin Rəsulzadə və silahdaşlarının böyük fədakarlığı ilə müsəlman dünyasında ilk dünyəvi demokratik Respublikanın qurulması xalqımızın tarixi nailiyyətidir və ötən əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublika əsasında yaradılması xalqımızın demokratik ruha malik olması ilə bilavasitə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti dünya respublikaçılıq təcrübəsindən və quzeyli, güneyli Azərbaycan xalqının azadlıq ideyalarının bəhrəsi idi. İki il ərzində o vaxtadək mövcud olan bəzi dövlətlərin həyata keçirə bilmədiyi islahatların gerçəkləşdirilməsi Azərbaycan Xalq Cümhuriyyəti banilərinin siyasi uzaqgörənliyindən, idarəçilik səriştəsindən, xalqa və dövlətə bağlılığından, sədaqətindən xəbər verirdi.
Yeni dövrdə müstəqillik əldə etmiş Quzey Azərbaycanda Respublika elan olunması da Azərbaycan Xalq Cümhuriyyətinin mirasına əsaslanıb.
Cümhuriyyətçilik ideyaları, müstəqillik və Azərbaycan Respublikasının bütövlüyü uğrunda mübarizədə onminlərlə insan canından keçib.
Bu gün Azərbaycanda yaşayan müxtəlif etnik qrupların nümayəndələri, Respublikamızın vətəndaşları çiyin-çiyinə müstəqilliyin daha da möhkəmlənməsi və demokratik idarəçiliyin qurulması uğrunda çalışırlar.
Müstəqillik uğrunda mübarizəmiz bizə itkisiz başa gəlməyib. Bu yolda onminlərlə şəhid vermişik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayırıq.
İnsan haqları, demokratik azadlıqlar sahəsində problemlərimiz var. Regionda geosiyasi vəziyyət və idarəçilikdəki bəzi yanaşmalar, ötən əsrin əvvəlində olduğu kimi müstəqilliyimiz üçün yeni xarici təhdidlər ümummilli problem olaraq qalmaqdadır.
Ümid Partiyası hesab edir ki, qarşıda dayanan bütün milli problemlərin həlli üçün respublikaçılıq, qanunların və hüququn aliliyi prinsipləri daim yüksəkdə tutulmalı, bu prinsiplər əsasında şərqdə ilk cümhuriyyət qurmuş tarixi şəxsiyyətlərimiz təbliğ edilməli, insanımızda yüksək vətəndaşlıq şüuru formalaşdırılmalıdır.
Azərbaycan dövlətində yaşayan bütün insanları respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə qoşulmağa çağırıram.
Ölkəmizin müstəqilliyinin, suverenliyinin əbədi olmasını, torpaqlarımızın işğaldan azad edilməsini, xalqımızın firavan, azad, demokratik, bütün hüquqların qorunduğu bir cəmiyyətdə yaşamasını arzulayıram.
Bir daha hər birinizi Müstəqillik Gününün (Respublika Günü) 105-ci ildönümü münasibətilə təbrik edir və ölkənin demokratikləşməsi, dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda uğurlar arzulayıram.
Ərazi bütövlüyümüzün qorunmasında, torpaqlarımızın işğaldan azad edilməsində canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Şərh yaz