İqbal Ağazadə 2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə gənclərə mesaj ünvanlayıb

Ümid Partiyasının sədri İqbal Ağazadə 2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə gənclərə mesaj ünvanlayıb. Sözügedən mesajı izləyicilərə təqdim edirik:
Əziz və dəyərli Azərbaycan Gəncliyi! Bu gün sizin gününüzdür. Düzdür, ölkədə sosial-siyasi-iqtisadi durum çox çətindir. Amma bu məmləkət həm də sizindir. Sizin hər biriniz ölkəmizin bu çətin günlərində siyasi aktiv olmalısınız ki, birlikdə problemləri həll edək. Həll edək ki, sizlər, sizin gələcəyiniz bugünkü kimi problemlərlə üz-üzə qalmasın.
Təəssüflər olsun ki, subyektiv və obyektiv səbəblərdən yeni nəsil siyasətdən qorxur, uzaq qaçır. Elə bilirlər, siyasət bir tikandır, əl vuranda hökmən yaxıb-yandıracaq, hökmən bu tikan onu dalayacaq.
Bu məmləkətin yalnız şəhidləri, qaziləri gənclərdən ibarət olmalı deyil, bu məmləkətin prezidenti də, məmuru da, naziri də, komitə sədri də, deputatı da, fəhləsi də gəncliyindir, yeni nəslindir, gec-tez sizlər bu ölkəni təhvil alacaqsınız.
Siyasətdən imtina etmək həm də ölkənin taleyindən imtinadır və gənclik bunu etməməlidir. Bəli, bu ölkədə siyasi münasibət repressivdir deyə, bunları dəyişmək gəncliyə bir az çətin gəlir. Bütün bunlara rəğmən, məmləkətdən, yaxud sənin olandan imtina etmək doğru deyil. Əslində bu gün bir az sanki cümhuriyyətdən, bir az öz taleyimizdən, bir az da ölkəmizin gələcəyindən imtina etmişik, kənara çəkilmişik.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin və silahdaşlarının Azərbaycan üçün etdiklərinə və ölkə tarixindəki yerini hər biriniz bilirsiniz. Bəzən çalışırlar ki, Məhəmməd Əmin Rəsulzadəni və silahdaşlarını ictimai-siyasi həyatda, fikirdə, düşüncədə kiçiltsinlər, çalışırlar ki, balaca tutsunlar, cümhuriyyət hadisəsini çox da böyük olmayan olay kimi cəmiyyətə təqdim etsinlər. Amma istərdim ki, cümhuriyyət hadisəsinin nə qədər böyük olduğunu bir daha xatırlayaq. Təsəvvür edin ki, bir ev tikmişik, sonra düşmən o evə hücum edir və biz hamımız o evi müdafiə etməliyik. Bizə atalarımız tikib, babalarımız tikib, böyüklərimiz tikib və o evi biz müdafiə edirik. Bir də var ki, ev yoxdur ki, biz də onu müdafiə edək. Rəsulzadə əlində heç bir şey olmadan bir Azərbaycan evi tikib. Rəsulzadə silahdaşları ilə – o 26 nəfər cəsur, böyük azərbaycanlı ilə o evi tikib. Təsəvvür edin, paytaxt yox, heç paytaxt haqqında təsəvvür də yox, ölkənin ordusu yox, sərhədi yox, pulu yox, ən başlıcası, müstəqillik haqqında düşünə biləcək insanı yox… Heç kimin heç müstəqillik ağlına da gəlmir, heç düşünmür ki, müstəqil olmaq nə deməkdir, müstəqil olmaq bizə nə verəcək?
Belə bir məqamda Rəsulzadə və silahdaşları Azərbaycan Cümhuriyyətini elan edirlər. Axı o müstəqillik olmaya da bilərdi. Əvəzində nə olardı?
Rusiyanın tərkibində Dağıstan, Qaraçay-Çərkəz, Tatarıstan, Çeçenistan və ya başqa muxtar respublikalar, vilayətlər kimi Azərbaycan da onun içərisində özünüidarəetmə qurumu olardı.
Sonra nə olardı?
Gürcüstan, Ermənistan müstəqil dövlət idi və bu müstəqil dövlətin içərisində Qarabağımızı və digər torpaqlarımızı da götürüb öz sərhədlərinə qatacaqdılar. Necə ki, Qazaxdan, Gədəbəydən torpaqlarımızı aldılar, Zəngəzuru, Göyçəni bizdən qopardılar, Qarabağı da götürərdilər. Bir az Qazaxdan götürüb qatardılar, bir az Rusiya Dağıstana birləşdirərdi. Nə qalardı? Kiçik bir muxtar vilayət, kiçik bir cameə. Rəsulzadə və silahdaşları bu məsuliyyətin altına girdilər və bir cümhuriyyət yaratdılar, həm də heç nədən yaratdılar.
Cümhuriyyətçilik əslində dövlətçilik baxımından Azərbaycan üçün Rəsulzadə və silahdaşlarının bir peyğəmbərliyi idi. Ona görə çox dəyərli idilər.
Bu gün biz Qarabağımızı hələ tam azad etməmişik, bu gün – Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran bizim nəzarətimizdə deyil. Laçında rus qoşunlarının nəzarət etməyinə rəğmən, oradan ermənilər keçib gedir, hələ rayon mərkəzi bizdə deyil.
Bu gün hər birimiz Rəsulzadə və silahdaşlarının mirasını yaşayır, onların mirasını xərcləyirik. Biz bu gün nəyimiz varsa, – cümhuriyyət adına, dövlət adına – onlara bocluyuq, onlara bağlıyıq.
Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı şəxsiyyətlər olub ki, onlar dövlətimiz üçün, xalqımız üçün, millətimiz üçün dəyərli addımlar atıblar. Amma heç biri Rəsulzadə, Fətəli xan Xoyski, Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Əhməd Cavad və sairləri qədər bu məmləkət üçün, bu dövlət üçün – adlarını saymadığım, amma ruhuna sayğı ilə yanaşdığım cümhuriyyətçilərimiz – onlar qədər kimsə bir şey etməyib. Biz də Rəzulzadə və silahdaşlarının övladları olaraq, borclarını verə bilmərik. Ən başlıcası, bizim üçün hər şey edərək, bu boyda ölkə qoyublar.
Məmləkətimizin rifahı üçün gənclik prosesin önündə olmalıdır. Hamı qaçsın, dayansın uzaqda, nə olacaq?! Əslində bizi gətirib bu duruma salan siyasətdən kənarda dayanmağımızdır. Biz siyasətdən qaçırıq, qorxuruq. Düzdür, burada hakimiyyətin çox günahı var. Amma bir az da biz fədakarlıq etməyi bacarmalıyıq.
Cümhuriyyət qurucularından olan Nəsib bəy Yusifbəyli nazir olarkən atasından pul istəyir, atası deyir, sən oxuyanda da sənə pul göndərirdim, indi də bir məmləkətin baş nazirisən, mən sənə yenə pul göndərirəm. Nə işlə məşğulsunuz?
Məsələ o idi ki, adamlar özlərini məmləkət üçün fəda etmişdilər – heç nədən bir cümhuriyyət qura-qura özlərini fəda etmişdilər. Biz də bir az da fədakarlıq etməyi bacarmalıyıq. Bu, təkcə siyasi partiyaların gücüylə olan deyil. Biz ölkəni bir yerlərə qədər gətirib çıxardıq, məmləkətimizi Türkmənistan, Özbəkistan, hətta Qazaxıstan olmağa qoymadıq. Burada ən azı yığışa bilirik, toplanırıq, danışırıq, mövqelərimizi ifadə edirik. Bu, bir az da gəncliyin işidir, sizlər ayaqda olmalısınız. Nə qədər ömrümüz seyrçiliklə keçib.
Ümidimiz sizsiniz, ümidimiz yeni nəsildir. Bəlkə bizim səhvimiz var, bəlkə bir az bizim yanlışımız var. Bunu bir yerdə düzəltməliyik. Bundan sonra siz və sizin kimi gənclər siyasi partiyalara qoşularaq, prosesin davamını gətirməyə yardımçı olmalısınız. Necə yaşamağınızı siz seçin, amma təkcə özünüz üçün yox, həm də məmləkət üçün seçin. Sizə ümid bəsləyənlərin heç vaxt ümidini qırmayın. Çünki bəlkə o adamın elə sonuncu tutacaq yeri sizsiniz, bəlkə sonuncu inandığı yer oradır.
Biz sizə çox inanırıq. İnanırıq ki, siyasətdə birlikdə bu məmləkət üçün, xalq üçün bir şeylər edəcəyik. Çalışın, inamlar, ümidlər qırılmasın. Bizi xalq olaraq ayaq üstə qaldıran, ümidimizi, inamımızı bərpa edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı, yaralılarımıza şəfa diləyirik.
Onların ölkəmizin bütövləşmə istiqamətindəki, rifah uğrundakı arzularını tamamlamaqda və dövlətimizin inkişafında hər birimizə səbir, güc, mətanət, savadlı və sağlıqlı cəmiyyət arzu edirəm. Bu məmləkətin Ümidi sizsiniz, əziz GƏNCLƏR! Sizlərə can sağlığı, uzun ömür, huzur, demokratik ölkənin demokrat düşüncəli gəncləri olmağı arzulayıram.
Var olun!
Sevgi və sayğılarla
Şərh yaz