İqbal Ağazadənin Merdinliyə qayıdışı

Çox olub ki, bir yazı oxumuşam və susmuşam. Elə bərk-bərk susmuşam ki, ağzımı kəlbətin də açmayıb. Bəlkə ən gözəl yazılar haqqında deyilən ən gözəl söz susmaqdır. Amma mən susa bilmirəm…

İqbal Ağazadənin “Azərbaycan” qəzetinə verdiyi geniş müsahibəsini oxudum. O qədər təsirləndim ki, nitqim qurudu. Elə bil ofsun olundum. Çünki mövzu vətən, vətən həsrəti və vətənə qovuşmaqdır. Konu vətən olanda əllərim əsir, ürəyim çırpınır. Sanki mətnin beyn və ürəkdə həzm prosesi getdikcə adam özünə qayıdır, durulur.

Mən buna müsahibə yox, hekayə deyərdim, ya da hələ adını tapmadığımız möhtəşəm bir  janr. Jurnalist Xəyalə Muradlı elə həssas və incə yerlərə toxunub ki, o yerlər həm bizim, həm də vətənin sarı simidir. Müsahibəyə qoşulub mən də getdim İqbal Ağazadənin uşaqlığına, təzəcə işğaldan azad olunmuş Merdinli kəndində uşaqlıq yaşadım. Yayda küçələrində qaçdım, qışda damlarından sallanan buzları dondurma kimi yedim və mənim də uşaqlığım Merdinli ilə bərabər əsir düşdü…

Günlər saçlarımıza sığal çəkib keçəcək, aylar əlimizdən sürüşüb düşəcək, illər bizi haralara aparacaq, bilmirəm, amma müsahibədəki o dolma söhbəti mənim heç vaxt yadımdan çıxmayacaq. Elə bil mən də həyətdən çıxmaq istəyən o maşından düşüb evə qayıtdım, son dəfə həyət-bacaya baxdım. Müsahibə o qədər diri və canlıdır ki, o günləri olduğu kimi mən də yaşadım. Hətta dolmanın dadını da hiss etdim.

Merdinli bəyinin nəvəsi İqbal Ağazadəni həmişə bəy kimi görmüşəm, dağ kimi dayanan, başı dik, əyilməz, təslim olmaz. Bu müsahibədə isə İqbal Ağazadəni təslim gördüm. O, yalnız vətən qarşısında əyildi, təslim oldu. Bəlkə də çox adam bu hissləri yaşamaz, çünki böyüdüyü kəndi 30 ildən sonra azad edilməyib. Başqa şeydir uşaqlığı əsir düşmək və o uşaqlığa yenidən qovuşmaq.

Təzəcə azad olunmuş Merdinli sakini İqbal Ağazadə müsahibədə deyir ki, orta və ali məktəbi şəhərdə oxusam da həmişə özümü mahiyyət etibarı ilə kəndçi hesab etmişəm. Burada torpağın sehri özünü göstərir. Məhz təbiətin qüdrəti İqbal Ağazadəni kəndə çəkir. Hardadır qarğanın dimdiyindən düşən qozu qocaman qoz ağacı edən təbiət? Ya da 1,8 kiloqramlıq armud yetişdirən torpaq?

Həyatda təsadüflərə inanmıram. Hər şey tale məsələsidir. Bəlkə də məni İqbal Ağazadəyə bağlayan düşüncədən, siyasi baxışdan, əqidədən başqa həm də o toy, bayram adətləri, yaşam tərzidir. Bizim də Cəlilabadda, kəndimizdəki adətlər eynilə təzəcə işğaldan azad olunmuş Merdinlidəki kimidir. Mən də Bakıya gəlib gördüm ki, tonqalı Çərşənbədə deyil, Novruzda qalayırlar, bayramı martın 20-si keçirirlər, sanki paytaxta bir gün tez çatır bayram, sanki Merdinli kimi kəndlər yaşamağa tələsmir. Təbiətdən həzz ala-ala, ləzzətlə yaşayır.
Maraqlıdır, görəsən, yenicə azad olunmuş Merdinlidən çıxan son sakin İqbal Ağazadə olubsa, 27 ildən sonra həmin kəndə ilk girən Azərbaycan əsgəri kim olub?
Mən indi bilirəm ki, İqbal Ağazadənin musiqi sevgisi və marağı hardandır. Yenicə azad olunmuş Merdinlidə evlərinin altından da, üstündən də çay axırmış, hər gün şırıltı, hər gün su səsi…musiqi.
Ana ürəyi. Bunu da indi bildim ki, niyə ata vətən yox, ana vətən deyirlər. Düzdür, mənim üçün atalar elə analar qədər müqəddəsdir, amma analar həm də vətəndir. İqbal Ağazadənin yenicə azad olunmuş Merdinlidən çıxanda anası ilə yenidən evə qayıtması, dolmanın altını söndürüb qazanqarışıq özləri ilə götürməsi taleyin bir mesajıdır. Ki, qayıdacaqsız. Mənə elə gəlir ki, İqbal Ağazadənin anası kəndə qayıdanda da bir qazan dolma ilə qayıdacaq.
Müsahibəni oxuyanda biləcəksiniz ki, deməli, ağaclar həqiqətən də üşüyürmüş.
Həmişə məntiqə əsaslanmışam. İstər-istəməz riyazi düşünürəm. Mənim üçün ölçüb-biçmək, vurub-çıxmaq an məsələsidir. Amma həmişə yaşamağa gecikirəm. Bəlkə də qəsdən. Bu müsahibəni oxuyandan sonra heç nəyə gecikmək istəmirəm. Müsahibənin məndə yaratdığı təsir və arzuların “kaş”ında ilk yerdə duran bilirsiz nədir? Kaş 27 il sonra İqbal Ağazadə böyüdüyü kəndə qayıdanda kənardan onu görəydim.
Mübaliğəsiz deyirəm ki, bu müsahibə təkcə İqbal Ağazadənin yox, həm də Füzulinin tərcümeyi-halıdır. Biri var mətndə ötürülmüş informasiya bolluğu, bir də var həm informasiya, həm də ruh, hekayə detallı həyatın özü. Oxucu bu müsahibə ilə külli Qarabağa səyahət edə bilər. Çünki müsahibədə məişət detallarından tutmuş, ümummilli məsələlərə qədər hər şey var. Məsələn, mən bir ruh adamı kimi müsahibəni oxuyanda Merdinli ilə barabər əsir düşdümsə, Merdinli ilə də bərabər azadlığa çıxdım. Bircə qaldı qovuşmaq…

Elşad Barat

Şərh yaz