İqbal Ağazadədən İranla bağlı təklif: “Narahat olmamalıyıq”

Bir müddətdir gərgin olan İran-Azərbaycan münasibətləri iranlı diplomat, deputat və rəsmilərin açıqlamaları ilə daha da gərginləşir. Xüsusilə də İran parlamentinin bir çox deputatı Azərbaycan və Türkiyə haqqında “bəyanatlar” verir, ölkəmizə qarşı ərazi iddiası irəli sürürlər.

Maraqlıdır, indiki məqamda rəsmi Tehranın belə provokativ açıqlamaları nəyə hesablanıb?

Mövzunu Globalinfo.az-a şərh edən Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, İran daxildəki iğtişaşları yatırmaq və bütün İran xalqını birləşdirmək üçün ətraf ölkələrə yönəlik  iddialarla çıxış edir:

“Əslində bunda təəccüblü və ya narahat olunacaq heç nə yoxdur. İran teokratik, totalitar ölkədir və belə ölkələr üçün bu kimi aqressiv davranışlar normaldır. Totalitar ölkələrin rəsmiləri vaxtaşırı belə çıxışlar edir, hansısa ölkəni və ya ölkələri düşmən kimi göstərir, cəmiyyəti bu “düşmənlərə” qarşı birləşdirməyə çalışırlar. Misal üçün, SSRİ-də və ya nasist Almaniyasında da bu, belə olub. İran faktiki olaraq, bu gün adıçəkilən ölkələrin siyasətini təkrarlayır. Totalitar ölkələrin spesifik cəhətlərindən biri də xalqı bir arada tutmaq üçün daimi düşmən obrazı yaratmaqdır. Misal üçün, SSRİ Amerika Birləşmiş Ştatlarını düşmən hesab edirdi. Bənzər formada İran da islam inqilabından sonra İsrail və ABŞ-ı düşməni kimi görməyə başladı. İran indiki mərhələdə başa düşür ki, ənənəvi düşmənlər İsrail və ABŞ-a qarşı xalqı birləşdirə bilməyəcək. Buna görə də yaxın qonşulardan düşmən obrazı düzəltməyə çalışır. Səudiyyə Ərəbistanı və Azərbaycanla gərginliyi artırır”.

İ.Ağazadənin sözlərinə görə İran yaxşı bilir ki, bu gün ölkə daxilində 40 milyon Azərbaycan türkü istiqlaliyyət savaşına başlayıb:

“İranı faktiki olaraq, SSRİ-nin taleyi gözləyir. Necə ki, SSRİ-nin parçalanması nəticəsində Azərbaycan müstəqil oldu, İranın da parçalanması Cənubi Azərbaycana müstəqillik qazandıracaq. İran buna görə qabaqlayıcı addım kimi Azərbaycana qarşı ərazi iddiaları ilə çıxışlar edir. Azərbaycan faktiki olaraq, ikiyə bölünmüş, xalqı bir-birindən ayrı düşmüş vəziyyətdədir. “Türkmənçay” müqaviləsi sonrası parçalanan Azərbaycan xalqı 200 ilə yaxındır ki, birləşməyi, vahid, bütün xalq olmağı arzulayır, bunun üçün mübarizə aparır. Müqayisə üçün deyim ki, bu gün bizim üzləşdiyimiz vəziyyətin bənzərini Koreya xalqı da yaşayır. Azərbaycan xalqının şimal və cənub olaraq iki hissəyə parçalanması BMT-nin sənədlərində öz əksini tapıb”.

Ümid Partiyasının sədri bildirib ki, bu gün milli hərəkat özünün zirvə nöqtəsini yaşayır: “Buna görə də İranın bəyanatları bizi narahat etməməlidir. Bütün gücümüzlə Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsi üçün çalışmalıyıq”.

Turan Rzayev

Globalinfo.az

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009