İqbal Ağazadə xanımları təbrik etdi

Əziz və dəyərli xanımlar, əziz analar və bacılar!
Sizi 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm!
Əziz qadınlar, sizlərə uzun ömür, can sağlığı, sevdiklərinizlə birlikdə firəvan, xoşbəxt və rahat həyat yaşamağınızı arzulayıram. Siz öz zəkanız, mətanətiniz, sədaqətiniz, cəsarətiniz və əqidənizlə bunlara layiqsiniz.
Ananın, qadının cəmiyyətdəki yeri əvəzedilməzdir. Qadınların olduğu yerdə ədalət, əxlaq, huzur, fayda, qayda-qanun, cəmiyyətin inkişafı var.
Son illər bütün dünyada olduğu kimi ölkəmizdə də qadınların ictimai-siyasi və mədəni proseslərdə rolu getdikcə artmaqdadır. Bizim üçün xüsusilə xoşdur ki, Azərbaycan qadınları da ölkənin və cəmiyyətin həyatında getdikcə daha fəal şəkildə iştirak edirlər. Sizin daha aktiv, qurucu, yaradıcı, prinsipial olmağınızı və enerjinizin, zamanınızın bir qədər çoxunu ictimai-siyasi və mədəni proseslərə ayırmağınızı arzulayıram.
Azərbaycan qadını həm də işğaldan torpaqlarımızı azad edən ŞƏHİDlərimizi, QAZİlərimizi dünyaya gətirən müqəddəs anadır, onların bacısıdır, sevdikləridir, həyat yoldaşlarıdır. Azərbaycan qadını yeri gəldikcə həm də ŞƏHİD də ola bilir…
ŞƏHİDlərimizin ruhları qarşısında baş əyir, yaralılarımıza şəfa, qazilərimizə can sağlığı diləyirəm. Qoy, o anaların, o bacıların, o həyat yoldaşlarının bundan sonra ömürlərini elə yaşamaq nəsibləri olsun ki, ŞƏHİDlərimizin ruhu şad olsun, gözləri arxada qalmasın. Biz o günlər üçün mübarizə aparırıq, onlar üçün çalışırıq…
Bayram kimi ömrünüz olsun, əziz və dəyərli xanımlar!
Sevgi və sayğılarla
Şərh yaz