İqbal Ağazadə xalqı Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi

Azərbaycan Ordusu 103 yaşını qeyd edir. Ümid Partiyasının sədri İqbal Ağazadə öz sosial şəbəkə hesabından xalqı təbrik edib.

Təbriki izləyicilərə təqdim edirik:

Bu gün Müzəffər Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Əziz Vətən övladları – igid əsgərlər, zabitlər, hərbçi bəylər və xanımlar!

Silahlı Qüvvələr Günü münasibətilə sizləri təbrik edirəm!

Kaş sizlərlə birlikdə biz də o səngərlərdə olaydıq. İşğaldan azad edilmiş torpaqlarımızın ətrini o səngərlərə gətirən küləklər bizim də üzümüzü, ruhumuzu oxşaya biləydi.

Siz xoşbəxtsiniz… Həm Vətəni qorumaq kimi bir şərəfli işi yerinə yetirərək torpaqlarımızın çox qismini işğaldan azad etdiyiniz üçün, həm də Qarabağa bizdən daha yaxın olduğunuz üçün…

Əziz zabit və əsgər heyətimiz!

Siz inandınız və ümidinizi itirmədiniz. Biz torpaqlarımızı əsarətdən birlikdə azad etdik. Haqqımız olan, bizim olan digər torpaqlarımıza da qovuşacağıq. Üçrəngli müqəddəs bayrağımızı Şuşa qalasından sancdığımız kimi o torpaqlara da sancacağıq!

Biz xalq, iqtidar, müxalifət olaraq, birləşdik, Sizinlə bütövləşdik, millətləşdik, hamımız çəkici eyni zindana vurduq.

Nəticə xalqımız, dövlətimiz, millətimiz üçün möhtəşəm oldu.

Sizin sayənizdə 27 il işğalda qalan, əslində isə 207 il bizi təhdid edən Qarabağ problemində əhəmiyyətli və prinsipial irəliləyiş əldə etdik.

Əziz zabit və əsgər heyətimiz!

Sayənizdə millət, xalq olaraq, diz üstündən qalxa bildik, qürurumuzu bərpa etdik, ordumuzu məğlub ordudan qalib orduya dönüşdürə bildik. Bir sözlə, bu zəfər yeni tarix və yeni insan yaratdı…

Biz elə etməliyik ki, bu zəfəri bizə yaşadan Şəhidlərimizin ailələri, doğmaları, qazilər dövlətimizin qayğısından məmnun qalsın.

Allah Şəhidlərimizin məkanını cənnət etsin, yaralılarımıza şəfa, qazilərimizə can sağlığı versin!

Tanrı sizləri qorusun!

Sevgi və sayğılarla

Qarabağ qazisi, Ümid Partiyasının sədri

İqbal Ağazadə

Şərh yaz