İqbal Ağazadə xalqı qarşıdan gələn Yeni İl və Həmrəylik Günü münasibətilə təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını qarşıdan gələn Yeni 2022-cimil və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edib. Təbriki izləyicilərə təqdim edirik:

Dəyərli həmvətənlərim!

Əziz bacı və qardaşlarım!

2021-ci il son saatlarını yaşayır.

İlk növbədə bu il torpaqlarımızın işğaldan azad olunması zamanı şəhid olan Vətən övladlarına Allahdan rəhmət diləyir, onların valideynləri, əzizləri qarşısında baş əyirəm.

Yaralılarımıza Allahdan şəfa diləyir, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram.

Qazilərimizə can sağlığı, uzun ömür diləyirəm.

Son 2 il bəşəriyyət üçün sınaq ili olub, sürətlə yayılan virus insanlarda narahatçılıq, qorxu yaratmaqla yanaşı xeyli məsum insanın canını alıb.

Ölkəmiz də bu amansız virusla mübarizədə çoxsaylı vətəndaşımızı itirdi. Onların da doğmalarına səbr arzulayıram.

Ağır günlərlə yanaşı həm də unutmamalıyıq ki, biz müzəffər Vətən övladlarının qəhrəmanlığı nəticəsində əksər torpaqlarımızı düşmən işğalından azad etdik.

Bu işğala son verməklə,  xalqımızı sanki yenidən diriltdik, məğlub ordunu qalib orduya çevirdik.

İtkilərimiz və acılarımız böyük olsa da, Vətən torpaqlarını yağılardan azad etməyin başqa yolu yox idi.

Hələ qarşıda görəcəyimiz çox işlər var, Qarabağa tam hakim olmalı, hər qarışında bayrağımızı dalğalandırmalı, ölkəmizin Konstitusiyasını tanımayanları sərhədlərimizdən kənara çıxarmalı, ərazimizdə sülhməramlı adı ilə heç bir ölkənin hərbi quruluşunun saxlanılmasına izn verməməli, bir sözlə, Qarabağ probleminin gələcək nəsilləri də təhdid etməsilə razılaşmamalıyıq.

İşğaldan azad edilmiş rayonlarımızın bərpası və məcburi köçkünlərin geri qaytarılması mühüm vəzifəmiz olmalıdır.

Qarabağ problemi ilə yanaşı, digər çətinliklərin də bir xalq olaraq, öhdəsindən gəlməliyik.

İlk növbədə, bütün seçkili orqanlarda xalqın səs verdiyi insanların mandat sahibi olmasına nail olmalıyıq. İstər Prezident, istər deputat, istər bələdiyyə seçkilərinin azad, demokratik, çoxpartiyalılıq əsasında keçirilməsini təmin etməliyik.

Məhkəmələrin azad və müstəqil fəaliyyəti üçün cəmiyyətin və siyasi cəhətdən aktiv kəsimin gücü toparlanmalıdır.

Hər bir vətəndaşımızın sosial cəhətdən təminatlı və güvənli yaşaması ən başlıca vəzifəmiz olmalı, heç bir insanımızın aclıq, yoxsulluq içində əzilməsinə imkan verməməliyik. Xüsusilə, şəhid, qazi ailələri bizlərə Vətənin əmanətləridirlər, əmanətə layiqincə sahib çıxmalıyıq.

Ölkəmizdə insan haqlarının, söz və mətbuat azadlığının qorunması üçün bütün siyasi və vətəndaş cəmiyyəti institutları səylərini birləşdirməli, demokratik dəyərlərin hakim olması yönündə yeni münasibətlər sistemi qurmaq üçün yorulmadan işləməliyik.

Əziz bacı və qardaşlarım!

Yeni təqvim ilinin astanasındayıq.
İstərdim ki, növbəti il xalqımız, dövlətimiz üçün faydalı, daha yaddaqalan, güvənli və demokratik dəyərlərin hakim olduğu, Qarabağımızın hər kəndində, şəhərində, nəzarətimizdə olmayan dədə-baba torpaqlarımızda müqəddəs bayrağımızın dalğalandığı, rus sülhməramlılarının da ölkəmizi tərk etməsi ili olsun.

Yeni təqvim ilimiz – 2022-ci ilimiz uğurlu gəlsin, həmrəyliyimiz sarsılmasın, milli birliyimiz davamlı qalibiyyətlərimiz üçün əsas olsun!

Sevgi və sayğılarla
İqbal Ağazadə

Şərh yaz