İqbal Ağazadə: “Nuru paşanın yavəri ilə 7-8 il hər gün görüşmüşəm”

“Tarix mənə Nuru paşanın yavəri olmuş Novruz kişi ilə 7-8 il hər gün görüşməyi nəsib edib. Novruz kişi oxuduğum məktəbdə gözətçi işləyirdi. Hansı şəraitdə, necə gəlmişdi bilmirəm. Sovet dönəmi olduğu üçün o haqda danışmırdı”

Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə 15 sentyabr 1918-ci ildə Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunaraq Azərbaycanın 
paytaxtı elan edilməsi tarixindən danışarkən bildirib:

“Novruz baba deyirdik ona. Novruz babanın bizim marağımıza səbəb olan iki xüsusiyyəti var idi; birincisi, xarici görkəmi idi. Sonradan bunun fərqinə varmışdıq, əvvəllər uşaq olduğumuz üçün xarici görkəmi bizə çox maraqlı gəlmişdi. Dümdüz qaməti, sovet dövrünə xarakterik olmayan geyimi, ağappaq saqqalı və bığı var idi. Başında həmişə qaragül papağı olardı və ləhcəsi bizim Azərbaycan türklərinin eşitmədiyi bir ləhcəydi. O dövrə görə bizim üçün doğma olan ləhcə deyildi. Çünki o ləhcəni eşitməmişdik. Novruz baba bizim diqqətimizi üçüncü sinifdə oxuyanda cəlb etdi, onunla ünsiyyətə girməyə başladıq. Məktəbin girişində Novruz babanın gözətçi otağı var idi. Tez-tez yanına yığışar, kimliyini soruşar, onu söhbətə tutmaq istərdik. Həmişə gözlərini uzağa zilləyərdi, yol çəkərdi gözləri. Deyərdi ki, heç özüm də bilmirəm kiməm. Nə bilim? Mən də bir adamam, Allahın yaratdığı bir adam…

Uşaq idik. Uşaq marağından çıxa bilmədiyimiz zamanlar idi. Əslində onun adi adam olmadığını böyüdükcə anlamağa başladıq. İllər keçirdi. Novruz baba bizə bir çox şeyləri danışmağa başlamışdı artıq. Nuru paşayla birgə Bakıya gəlişlərini də, Gəncədə baş verənləri də, sonralar Bakıda hansı şərtlər çərçivəsində işlədiyini də – həmişə pıçıltı ilə danışardı – özü də deyərdi ki, baxın, təkcə sizə danışıram ha, heç kimə danışmayın. Lap sonda deyərdi ki, bu danışdıqlarımı da bir nağıl bilin. Gerçək bilməyin bu danışdıqlarımı.

İçərisində Sovet hökumətinin yaratdığı bir xof var idi Novruz babanın. Sovet hökumətinin gəlişindən sonra həbs olunmuşdu. Novruz babanın bir qızı da var idi, o qız ailə qurandan sonra Novruz baba gözətçi kimi gəlib bizim məktəbə yerləşmişdi. Orada yaşayırdı.

Novruz baba bizim bir millət olduğumuzu, əslimizin, nəcabətimizin zaman-zaman eyni kökdən olduğu və 1918-ci ildə Azərbaycanda fərqli bir dövlət quruluşundan danışardı – düzdür, Sovet hökumətindən qorxduğu üçün tərifləmirdi AXC-ni, – deyərdi ki, çox fərqli bir hökumət idi o zamankı hökumət, sonradan xalq qalxdı, Sovet hökuməti qurdu, mən də o hökuməti bəyənərək qaldım Bakıda. Ancaq bu “bəyənərək” sözünü deyərkən gözləri kədərlənər, çox uzaqlara baxıb susardı.

Məktəbimizdə avtobus sürücüsü erməni millətindən olan Jora var idi. Novruz baba heç vaxt ona salam verməzdi, bizə deyərdi ki, uzaq durun ondan. Səbəbini o zaman anlamırdıq.

Nuru paşa haqqında çox danışmamağa çalışardı. İnformasiyanın çıxacağından çəkinirdi, elə bilirdi ki, hələ də xüsusi xidmət orqanları onu izləyir. Narahat idi.

Əslində, Novruz babanı həm də ona görə xatırladım ki, Nuru paşanın yadigarını, yavərini və son əsgərini Azərbaycanda görənlərdən biri də mən olmuşam. Nə xoşbəxtəm ki, o əsgərlə danışa bilmişəm. Çox mehriban adam idi. Əlində əsası da var idi. Eynən osmanlı tipində əsgər və zabit, osmanlı tipində yaşlı insan obrazları hansı şəkildə ağlımıza gəlirsə, bax, məhz eynən o tipdə idi. Və bu gün köhnə filmlərdəki obrazlara baxanda Novruz babanı görürəm, xatırlayıram. Allah Novruz babaya rəhmət etsin.

Nuru paşanın son əsgərini görmək mənə nəsib olduğuna görə çox mutluyam. Əminəm ki, biz bir gün Qarabağı azad etdiyimiz zaman gələcək nəsil orada yaşamış, orada döyüşmüş qazilərdən sonuncusunu görməklə fəxr edən nəsil olacaq Azərbaycanda. Deyəcəklər ki, Kəlbəcəri işğaldan azad edən son əsgəri mən görmüşəm. Hansısa körpə illər sonra mütləq bu ifadələri yazacaq. Yazacaq ki, Laçını, Şuşanı, Kəlbəcəri, külli Qarabağı işğaldan azad edən o əsgəri mən görmüşəm.

1918-ci ilin 15 sentyabrında Bakını işğaldan azad edən Nuru paşanın yavəri Novruz babanı mənim gördüyüm kimi…”

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz
PAYLAŞ