İqbal Ağazadə deputatlığa yenidən namizəd olacaq? – TALEH ƏLİYEV cavablandırır

“Azərbaycanda bu il keçiriləcək parlament seçkilərində Ümid Partiyasının sədri İqbal Ağazadə deputatlığa namizəd olacaq”.

Bunu Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev “Cebhe.info”-ya açıqlamasında deyib.

O bildirib ki, İqbal Ağazadənin namizədliyi partiya tərəfindən irəli sürüləcək:

“Həmçinin, partiyamızın digər nümayəndələri də deputatlığa namizəd olacaqlar. İddialı və potensiallı namizədlərimiz var. İqbal Ağazadənin hansı dairədən namizəd olacağı ilə bağlı qərar seçkilərin tarixi elan olunduqdan sonra partiyanın səlahiyyətli orqanları tərəfindən veriləcək.

Nəzərə almaq lazımdır ki, İqbal bəyin əvvəllər namizəd olduğu dairə artıq əvvəlki sərhədləri çərçivəsində deyil. Yəni əvvəlki dairənin ərazisində indi iki yeni dairə formalaşıb. Ona görə də seçki kampaniyası rəsmən başladıqdan sonra İqbal bəyin hansı dairədən namizəd olacağı ilə bağlı partiyanın qərarı elan olunacaq”.

Taleh Əliyev söyləyib ki, İqbal Ağazadənin Azərbaycanın istənilən seçki dairəsindən namizəd olması problem deyil:

“Çünki onu ölkəmizin bütün regionunda tanıyırlar. Üstəlik, dairədən-dairəyə və bölgədən-bölgəyə də nəticələr dəyişə bilər. Çünki İqbal Ağazadənin tanınması ilə yanaşı, ona sevgi və hörmət də var. Amma onun 3 dönəm millət vəkili olduğu keçmiş 35 saylı dairə ərazisindən olan seçiciləri ilə bir növ əhd-peymanı var. 

Yenidən həmin ərazidən olan seçki dairələrindən birində namizəd ola bilər. Buna baxmayaraq, digər regionlardan, o cümlədən işğaldan azad olunmuş rayonlardan da namizəd olması müzakirə oluna bilər. Bununla bağlı yekun qərar seçki kampaniyası rəsmən elan olunduqdan sonra veriləcək”.

Elmir Mustafa
“Cebhe.info”

Şərh yaz