İqbal Ağa-zadə bir qrup fəal gənclərlə görüşüb

Ümid Partiyasının sədri İqbal Ağa-zadə 2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə bir qrup fəal gənclə görüşüb.

Partiyanın qərargahında baş tutan görüşdə ölkə gəncliyinin durumu, siyasi hadisələrə, proseslərə münasibəti, həmçinin gəncliyin ölkənin siyasi həyatındakı iştirakı müzakirə edilib.

İqbal Ağa-zadə gənclərin siyasi aktivliyinin vacib olduğunu vurğulayıb, eyni zamanda, siyasətdən uzaqlığın gənclik və ölkə üçün təhlükəli olduğunu dilə gətirib:

“Yeni nəsil siyasətdən qorxur, uzaq qaçır. Elə bilirlər, siyasət bir tikandır, əl vuranda hökmən yaxıb-yandıracaq, hökmən bu tikan onu dalayacaq. Amma bu məmləkət hamısı sizlərindir. Bu məmləkətin yalnız şəhidləri, qaziləri gənclərdən ibarət olmalı deyil, bu məmləkətin prezidenti də, məmuru da, naziri də, komitə sədri də, deputatı da, fəhləsi də gəncliyindir, yeni nəslindir, gec-tez sizlər bu ölkəni təhvil alacaqsınız”,- deyə partiya sədri vurğulayıb.

Onun sözlərinə görə, siyasətdən imtina etmək həm də ölkənin taleyindən imtinadır və gənclik bunu etməməlidir: “Hə, bu iqtidarın ömrü bir az uzun çəkdi, idarəetmə avtoritardır, siyasi münasibət repressivdir deyə, bunları dəyişmək gəncliyə bir az çətin gəlir. Bütün bunlara rəğmən, məmləkətdən, yaxud sənin olandan imtina etmək doğru deyil. Əslində bu gün bir az sanki cümhuriyyətdən, bir az öz taleyimizdən, bir az da ölkəmizin gələcəyindən imtina etmişik, kənara çəkilmişik”.

Ümid sədri çıxışında Məhəmməd Əmin Rəsulzadənin və silahdaşlarının Azərbaycan üçün etdiklərinə və ölkə tarixindəki yerinə də toxunub: “Bizim görüşümüz həm də böyük Məhəmməd Əmin Rəsulzadənin doğum günü ərəfəsinə təsadüf etdi. Bəzən çalışırlar ki, Məhəmməd Əmin Rəsulzadəni və silahdaşlarını ictimai-siyasi həyatda, fikirdə, düşüncədə kiçiltsinlər, çalışırlar ki, balaca tutsunlar, cümhuriyyət hadisəsini çox da böyük olmayan olay kimi cəmiyyətə təqdim etsinlər. Amma istərdim ki, cümhuriyyət hadisəsinin nə qədər böyük olduğunu bir daha xatırlayaq. Təsəvvür edin ki, bir ev tikmişik, sonra düşmən o evə hücum edir və biz hamımız o evi müdafiə etməliyik. Bizə atalarımız tikib, babalarımız tikib, böyüklərimiz tikib və o evi biz müdafiə edirik. Bir də var ki, ev yoxdur ki, biz də onu müdafiə edək. Rəsulzadə əlində heç bir şey olmadan bir Azərbaycan evi tikib. Rəsulzadə silahdaşları ilə – o 26 nəfər cəsur, böyük azərbaycanlı ilə o evi tikib. Təsəvvür edin, paytaxt yox, heç paytaxt haqqında təsəvvür də yox, ölkənin ordusu yox, sərhədi yox, pulu yox, ən başlıcası, müstəqillik haqqında düşünə biləcək insanı yox… Heç kimin heç müstəqillik ağlına da gəlmir, heç düşünmür ki, müstəqil olmaq nə deməkdir, müstəqil olmaq bizə nə verəcək?

Belə bir məqamda Rəsulzadə və silahdaşları Azərbaycan Cümhuriyyətini elan edirlər.

Axı o müstəqillik olmaya da bilərdi. Əvəzində nə olardı?
Rusiyanın tərkibində Dağıstan, Qaraçay-Çərkəz, Tatarıstan, Çeçenistan və ya başqa muxtar respublikalar, vilayətlər kimi Azərbaycan da onun içərisində özünüidarəetmə qurumu olardı.
Sonra nə olardı?

Gürcüstan, Ermənistan müstəqil dövlət idi və bu müstəqil dövlətin içərisində Qarabağımızı və digər torpaqlarımızı da götürüb öz sərhədlərinə qatacaqdılar. Necə ki, Qazaxdan, Gədəbəydən torpaqlarımızı aldılar, Zəngəzuru, Göyçəni bizdən qopardılar, Qarabağı da götürərdilər. Bir az Qazaxdan götürüb qatardılar, bir az Rusiya Dağıstana birləşdirərdi. Nə qalardı? Kiçik bir muxtar vilayət, kiçik bir cameə. Rəsulzadə və silahdaşları bu məsuliyyətin altına girdilər və bir cümhuriyyət yaratdılar, həm də heç nədən yaratdılar.

Cümhuriyyətçilik əslində dövlətçilik baxımından Azərbaycan üçün Rəsulzadə və silahdaşlarının bir peyğəmbərliyi idi. Ona görə çox dəyərli idilər.

Baxın, indi biz hələ Qarabağımızı tam azad edib qurtara bilməmişik. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran bizim nəzarətimizdə deyil. Laçında rus qoşunlarının nəzarət etməyinə rəğmən, oradan ermənilər keçib gedir, hələ rayon mərkəzi bizdə deyil.

Elan olunmuş, mövcud sərhədlər var, ordu var, ən başlıcası, o ölkənin müstəqilliyi uğrunda şəhid olmağa hazır gənclik var və biz yenə də tam olaraq, torpağımızı qoruya bilmirik. Bizimlə Rəsulzadənin və silahdaşlarının fərqinə baxırsınızmı? Onlar yoxdan bir var yaratdılar, ortalığa qoydular, biz isə mövcud olanı hələ qoruyub saxlaya bilməmişik.

Bu gün hər birimiz Rəsulzadə və silahdaşlarının mirasını yaşayır, onların mirasını xərcləyirik. Biz bu gün nəyimiz varsa, – cümhuriyyət adına, dövlət adına – onlara bocluyuq, onlara bağlıyıq.

Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı şəxsiyyətlər olub ki, onlar dövlətimiz üçün, xalqımız üçün, millətimiz üçün dəyərli addımlar atıblar. Amma heç biri Rəsulzadə, Fətəli xan Xoyski, Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Üzeyir Hacıbəyli, Əhməd Cavad və sairləri qədər bu məmləkət üçün, bu dövlət üçün – adlarını saymadığım, amma ruhuna sayğı ilə yanaşdığım cümhuriyyətçilərimiz – onlar qədər kimsə bir şey etməyib. Biz də Rəzulzadə və silahdaşlarının övladları olaraq, borclarını verə bilmərik. Ən başlıcası, bizim üçün hər şey edərək, bu boyda ölkə qoyublar”.

İqbal Ağa-zadə ölkədəki siyasi proseslərdən də söz açıb və seçkilərdə gənclərin aktivliyinin vacibliyini diqqətə çatdırıb: “Bəzən deyirlər ki, hakimiyyətə daha yaxşı kim gələcək ki? Fərz edək ki, ölkədə hər şey gözəldir, heç bir şeyə iradımız yoxdur. Amma sizcə Amerikamı gözəldir, buramı? Almaniya, Fransa gözəldir, ya Azərbaycan? İdarəetmə, insan yaşayışı və insana verilən qiymətlərə görə bu ölkələr ilə müqayisədə yerimiz haradadır?

Yaxşı, Amerikada niyə 8 ildən bir prezidentləri dəyişirlər? Orada prezidentləri təkcə pis olduqlarına görə dəyişmirlər. Amerika kimi ölkələrdə prezidentləri həm də ona görə dəyişirlər ki, həyat dəyişməklə, mütəmadi dinamika ilə inkişaf edə bilir, başqa cür olmur. Bütün prezidentləri pis olduğu üçün dəyişməyiblər. Ola bilsin, bu ölkələrdə dövlət başçılarını dəyişərkən yeni seçilən köhnədən pis olub, amma kimsə yüyürüb köhnəni qaytarmayıb ki, sənin dönəmində yaxşı idi. Həm də prezidentlik kimi ağır institutda 8-10 ildən artıq xidmət etməyin özü belə çətindir, yükü ağırdır. Dünyada hakimiyyətləri demokratik qaydada dəyişməyən ölkələrə baxın. Bu ölkələrin hamısında dəhşətli problemlər var, xalq ayağa qalxanda isə qan tökülür, vətəndaş müharibəsi olur. Biz Azərbaycanda bu halların olmasını istəmirik.

Mövcud iqtidarın dəyişməməsinin, belə uzunömürlülüyünün səbəblərindən biri də siz gənclərsiniz. Təəssüflər olsun ki, iddialı deyilsiniz, iddianız yoxdur. Halbuki gələcəyi siz şəkilləndirməlisiniz. Bunun üçün prosesin önündə olmalısınız. Hamı qaçsın, dayansın uzaqda, nə olacaq?! Əslində bizi gətirib bu duruma salan siyasətdən kənarda dayanmağımızdır. Biz siyasətdən qaçırıq, qorxuruq. Düzdür, burada hakimiyyətin çox günahı var. Amma bir az da biz fədakarlıq etməyi bacarmalıyıq.

Cümhuriyyət qurucularından olan Nəcib bəy Yusifbəyli nazir olarkən atasından pul istəyir, atası deyir, sən oxuyanda da sənə pul göndərirdim, indi də bir məmləkətin baş nazirisən, mən sənə yenə pul göndərirəm. Nə işlə məşğulsunuz?

Məsələ o idi ki, adamlar özlərini məmləkət üçün fəda etmişdilər – heç nədən bir cümhuriyyət qura-qura özlərini fəda etmişdilər. Biz də bir az da fədakarlıq etməyi bacarmalıyıq. Bu, təkcə siyasi partiyaların gücüylə olan deyil. Biz ölkəni bir yerlərə qədər gətirib çıxardıq, məmləkətimizi Türkmənistan, Özbəkistan, hətta Qazaxıstan olmağa qoymadıq. Burada ən azı yığışa bilirik, toplanırıq, danışırıq, mövqelərimizi ifadə edirik. Bu, bir az da gəncliyin işidir, sizlər ayaqda olmalısınız. Nə qədər ömrümüz seyrçiliklə keçib.

Mən Azərbaycanda müstəqilləşmə, demokratikləşmə prosesi başlayanda 20 yaşlı gənc idim. Biz hələ də demokratik cəmiyyət qurmamışıq. Niyə? Həm mövcud iqtidarın, həm cəmiyyətimizin, həm müxalifətimizin doğru olmayan yanaşması bizi gətirib bu yerə çıxarıb. İndi siz neyləyəcəksiniz? Elə bilirsiniz, məndən yaxşımı tale yaşayacaqsınız? Yox. Siz prosesin içərisində olmasanız, çox açıq deyirəm, bizdən də bərbad tale yaşayacaqsınız. Çünki dünyada hər gün yaşam şərtləri ağırlaşır. Siz sabah övladlarınıza, doğmalarınıza, yaxınlarınıza, cəmiyyətə nə hesabat verəcəksiniz? Bu gün çox ümidsiz bir cəmiyyətdə yaşayrıq. Nə olacağı bilinməyən bir cəmiyyətlə üzbəüzük. Mən sizə tövsiyə, məsləhət vermək istəmirəm. Amma bir şeyi, bu yaşda gəldiyim qənaəti demək istəyirəm. Siz siyasətə gəlməsəniz, vəziyyətimiz bundan pis olacaq. İddia qoymasanız, cəmiyyətimizin halı bundan ağır olacaq.

Ümidimiz insanlaradır, yeni nəslədir. Bəlkə bizim səhvimiz var, bəlkə bir az bizim yanlışımız var. Bunu bir yerdə düzəltməliyik. Bundan sonra siz və sizin kimi gənclər siyasi partiyalara qoşularaq, prosesin davamını gətirməyə yardımçı olmalısınız. Necə yaşamağınızı siz seçin, amma təkcə özünüz üçün yox, həm də məmləkət üçün seçin. Sizə ümid bəsləyənlərin heç vaxt ümidini qırmayın. Çünki bəlkə o adamın elə sonuncu tutacaq yeri sizsiniz, bəlkə sonuncu inandığı yer oradır. Mən sizə çox inanıram. İnanıram ki, siyasətdə birlikdə bu məmləkət üçün, xalq üçün bir şeylər verəcəyik. Çalışın, inamlar, ümidlər qırılmasın. Bizi xalq olaraq ayaq üstə qaldıran, ümidimizi, inamımızı bərpa edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı, yaralılarımıza şəfa diləyirik. Onların ölkəmizin bütövləşmə istiqamətindəki arzularını tamamlamaqda və dövlətimizin inkişafında hər birimizə səbir, güc, mətanət, savadlı və sağlıqlı cəmiyyət arzu edirəm. Var olun!”

Şərh yaz