Bu gün tariximizin ən gözəl günlərindən bəlkə ən gözəlidir…
Şuşanın işğaldan azad olunduğu gündür…
Bizim nəsil Şuşa alınanda özünü namusu tapdanmış kişi kimi hiss edirdi, sınmışdıq, qırılmışdıq, paramparça olmuşduq o gün…
Bəlkə Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da elə Şuşanı qoruya bilmədiyimizə görə işğal olundu, müdafiə edə bilmədik o torpaqları da…
Keçdi o günlər…
Allahımıza min şükür ki, dünyadan Şuşa utancı ilə köçmədik…
Köçmədik deyirəm…
Şuşasız nə qədər insan bu dünyadan nisgilli getdi…???
Nə qədər gənclərimiz Şuşa üçün canını verdi…???
Bu gün varlığımız üçün şəhidlərimizə borcluyuq…
1988-ci ildən bu günə kimi Vətən üçün canını əsirgəməyən minlərlə ŞƏHİDİMİZƏ…
(Şəhidin köhnəsi, təzəsi, birinci Qarabağ, ikinci Qarabağ müharibəsi şəhidi olmaz )
Sıralarında evlisi də var idi, subayı da, evin tək övladı da, beş bacının bir qardaşı da, balasını doyunca qoxlamayan da, heç üzünü görməyən də…
Cibindən sevgi məktubu çıxan da, valideynlərinə “Şəhid olsam, ağlama” yazan da…
Hamısının ömrü yarıda qırıldı, arzuları gözlərində qaldı, dünyadan nakam köçdülər…
Müharibə amansızdır. Nə qədər müqəddəs varlıq üçün döyüşsən də, insan itkisidir.
Bu savaşda bəlkə gələcəyin ən böyük alimini, bəlkə yenilikçisini, bəlkə prezidentini, bəlkə ixtiraçısını, bəlkə yazıçısını, şairini, bəlkə də ən sadə insanlarını itirdik.
Hər bir valideyn isə övladını, arzularını, ümidlərini itirdi. Kimsə valideyn üçün onları əvəz etməyəcək. Nə qədər yad etsək, xatirələrini əziz tutsaq da , şənlərinə şeirlər, romanlar yazsaq, filmlər çəksək də o övladları heç nə əvəz etməyəcək.
Heç bir şəhid oğlunun başı ata sığalı görməyəcək, heç bir şəhid qızı ata nəvazişi duymayacaq. Nə soyuqda əlini ata əli isitməyəcək, nə gecələr ata nəfəsi ilə qızınmayacaqlar. Heç valideyn iclaslarına da heç vaxt ataları gəlməyəcək. Toylarında da ata xeyir-duası eşitməyəcəklər.
Bir tərəfləri həmişə nakam, kəsik, sınıq qalacaq.
Kompleksli yaşayacaqlar, cəmiyyət, olduqları ortam onları başa düşməyəcək. Hamı kimi onlardan da inciyəcəklər, küsəcəklər, hətta üstünə gedəcəklər. Unudacaqlar…
Unudacaqlar ki, ata sığalı, nəvazişi görməyənlərin könlünün sınıqları var – heç zaman bitişməyən yaraları var…
Beləcə, hər kəs öz ömrünü yaşayacaq, heç nə olmamış kimi…
Olmuşları unudaraq…
Şuşanı, külli Qarabağı işğaldan azad edərkən, Azərbaycanı qoruyarkən canından keçmiş şəhidləri unudaraq…
Şəhid üçün edə biləcəyimiz heç nə yoxdur. Onun adının əbədiləşdirilməsi də, ildönümünün keçirilməsi də, küçə, şəhər, prospekt adlarını onların adı ilə adlandırmağımız da şəhid üçün, hətta onun övladı, doğmaları üçün deyil, bizim üçündür.
Şəhid üçün edə biləcəyimiz onlardan yadigar qalanlara sahib çıxmağımızdır. Hər yerdə, olduğumuz məkanda onların acı sözünü uda bilməyimiz, aldıqları yaranın bir ömür sağalmadığının fərqində olmağımızdır.
Şəhidə rəhmət oxuyub, şəhid xanımını, anasını, atasını, oğlunu, qızını görməzdən gəlmək, incitmək, sözünü uda bilməmək, onun yaşadıqlarını unudaraq, onlarla hamı kimi davranmaq ən azı insafdan, vicdandan deyil. Çünki onlar hamı kimi böyümədi, hamı kimi yaşamadı.
Valideyn övlad qayğısı görmədi, şəhid xanımı bir telini ağ, birini qara hördü, övladları kəsik oldu, nə evdə, nə məktəbdə, nə həyatda qolundan tutub qaldıran ATASI olmadı.
Heç bunu düşündünüzmü bircə dəfə?
Heç düşündünüzmü bu insanların ən kədərli vaxtında gözündən öpəni, ən fərəhli anında yanında duyduğu biri çatmadı bir ömür???
Heç düşündünüzmü neçə şəhid övladı gecələr başını yorğan altında gizlədib, için-için atasızlığına ağlayıb?!
Düşünün…
İncitməyin şəhid yadigarlarını…
Hər biri bir faciəli ömür yaşamış nisgilli insanlardır Şəhid doğmaları…
Şəhidlər üçün edə biləcəklərimiz məzarları başında şəkil çəkdirmək olmamalıdır, o şəkili hər kəs özü üçün çəkdirir, məzarlıq ziyarəti də özünün reputasiyası üçündür, aşağı-yuxarı onun şəhidlərə heç bir aidiyyəti yoxdur.
Edə biləcəklərimiz ŞƏHİDLƏRİN yadigarları üçündür, ən başlıcası, onları anlamağımızdır. Əlimizdən heç nə gəlmirsə, ən azı onların yaşadıqlarını düşünüb anlayışlı olaq.
Elə qazilərimiz üçün də…
Əlini, ayağını, gözünü müharibədə itirən və ya odun, alovun içindən çıxan biri ilə özümüzü müqayisə etməyək, bərabər tutmayaq.
Birinin xırda ədalətsizliyinə dözməyib qəzəb, kin nümayiş etdirəndə, bircə anlıq düşünək:
BİRDƏN ŞƏHİD ÖVLADI OLSAYDIQ VƏ YA AYAĞIMIZI, ƏLİMİZİ MÜHARİBƏDƏ İTİRSƏYDİK, NECƏ OLARDIQ?
AXI BU VƏTƏN TƏKCƏ 30 MİN ŞƏHİDİN, 100 MİN QAZİNİN VƏTƏNİ DEYİL, HAMIMIZINDIR.
BİZ ÖLMƏMİŞİKSƏ, SALAMATIQSA, ONLARA BORCLUYUQ…
BORCUMUZU VERMƏLİYİK…
ONLAR BORCLARINI VƏTƏN QARŞISINDA VERİBLƏRSƏ, BİZ DƏ ONLARIN DOĞMALARI QARŞISINDA BORCUMUZU ÖDƏMƏLİYİK!!!
Bu gün ZƏFƏR günüdür.
Allah QƏLƏBƏMİZİ əbədi etsin!
ŞƏHİDLƏRİMİZ unudulmasın!
QAZİLƏRİMİZ var olsun!
AZƏRBAYCAN yaşasın!
Şərh yaz