“İkiqütblü Avropa” — Orban yenə FƏRQLİ MÖVQEDƏ- Anar İsayev şərh edir…
Macarıstanın Baş naziri Viktor Orbanın Avropa İttifaqı (Aİ) və Ukraynaya qarşı açıqlamaları rezonans doğurub.
Belə ki, baş nazir Kiyevi Macarıstanda keçirilən seçkilərə müdaxilədə günahlandırır, həmçinin ölkəni kollektiv Qərb siyasətinə tam uyğunlaşdırmır. Orban Rusiya–Ukrayna müharibəsi ilə bağlı kəskin fikirlər səsləndirir və avropalı həmkarları ilə uzlaşmayan mövqe nümayiş etdirir.
Maraqlıdır ki, Orban və Macarıstan hökumətinin Azərbaycanla münasibətləri yaxşıdır. Budapeşt Türk Dövlətləri Təşkilatı (TDT) ilə yüksək səviyyəli əlaqələr saxlayır. Bütün bunlar onun regional və qlobal siyasətdə balanslı, lakin təkidli mövqe tutması kimi dəyərləndirilir.
Orbanın mövqeyi və fəaliyyəti Qərbin Rusiyaya qarşı birliyinə təsir göstərə bilərmi?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü, politoloq Anar İsayev Orbanın mövqeyinin artıq bir neçə ildir, Aİ daxilində “konsensusdan kənar xətt” kimi qiymətləndirildiyini və müəyyən dərəcədə Qərbin Rusiyaya qarşı vahid siyasətinə təsir göstərdiyini deyib.
Lakin bu təsirin miqyası və real nəticələrinin bir neçə amildən asılı olduğunu izah edib:
“Avropa İttifaqında xarici siyasət və sanksiyalarla bağlı qərarlar əsasən konsensus (yekdillik) əsasında qəbul olunur. Bu isə Macarıstana faktiki olaraq veto imkanı verir. Orban hökuməti də Rusiyaya qarşı bəzi sanksiya paketlərini gecikdirir və ya yumşaltmağa çalışır, həmçinin Ukraynaya ayrılan maliyyə və hərbi dəstək mexanizmlərinə şərtlər qoyur, enerji sahəsində Rusiya ilə əməkdaşlığı (xüsusilə qaz və “Paks-2” AES layihəsi) davam etdirir. Bu baxımdan Orban Qərbin Rusiyaya qarşı tam və sürətli konsolidasiyasını çətinləşdirə bilir, xüsusən də maliyyə və enerji məsələlərində”.
STRATEJİ XƏTT DƏYİŞƏ BİLƏR?
Anar İsayev bildirib ki, Aİ indiyədək Rusiyaya qarşı çoxsaylı sanksiya paketlərini qəbul edib, Ukraynaya milyardlarla avro yardım ayırıb, NATO çərçivəsində Şərqi Avropada hərbi mövcudluq gücləndirilib. Yəni Orbanın mövqeyi prosesi ləngidə bilər, amma onu tam bloklaya bilmir. Çünki digər böyük dövlətlər – Almaniya, Fransa, Polşa, Baltik ölkələri daha sərt xətt tərəfdarıdır və onların siyasi çəkisi daha böyükdür.
MÖVQENİN ARXASINDA DAYANAN FAKTORLAR
Politoloq Orbanın belə bir siyasi mövqe tutmasının arxasında dayanan faktorlardan bəhs edib:
“Burada bir neçə faktor xüsusi qeyd olunmalıdır.
1. Enerji asılılığı: Macarıstan Rusiya qazından ciddi asılıdır.
2. Daxili siyasət: Orban milli suverenlik və “Brüsselin diktəsinə qarşı çıxış” ritorikasını seçki strategiyasının əsas elementi kimi istifadə edir.
3. Geosiyasi balans: O həm Aİ üzvü olaraq qalır, həm də Moskva və Ankara ilə münasibətləri qoruyur.
Bu balans siyasəti müəyyən mənada, xüsusilə enerji və suverenlik məsələlərində Azərbaycanın çoxvektorlu xarici siyasət modelinə oxşar elementlər daşıyır.
Azərbaycan kontekstində isə Macarıstan Türk Dövlətləri Təşkilatı ilə sıx işləyir, Azərbaycanla enerji və siyasi əlaqələri inkişaf etdirir, Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa maraq göstərir. Bu, Orbanın “tam Qərb xətti”nə inteqrasiya olunmayan, lakin Aİ çərçivəsindən çıxmayan praqmatik modelinin tərkib hissəsidir”.
Bütün bunlara baxmayaraq, Anar İsayev düşünür ki, Orban Qərbin Rusiyaya qarşı birliyini tam sarsıda bilməz, amma Aİ daxilində fikir ayrılıqlarını görünən edir və qərarların qəbulunu ləngidə bilər. Uzunmüddətli perspektivdə isə bu cür mövqelər Aİ-də “iki sürətli Avropa” modelini gücləndirə və nəticədə birlik ciddi sınaqla üzləşə bilər.
Qiymət Mahir
TodayPress TV
Şərh yaz




