Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir – HUMBOLT
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Bu günün tarixə düşməsi 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsi ilə bağlıdır.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur.
Hər bir vətəndaş öz ana dilinə sahib çıxmağa borcludur. Bu istiqamətdə ən böyük məsuliyyət də hakimiyyətlərin üzərinə düşür. Təəssüflər olsun ki, Azərbaycanın siyasi kluarlarında hakim dil rus dilidir. Dövlət büdcəsindən maliyyələşən rusdilli məktəblər hələ də fəaliyyətdədir. Bütün bunlar Azərbaycanda milli düşüncə, millətçilik, dövlətçilik təməllərinə zərər vurur. Bugünkü şəraitdə daha çox milli təəssübkeşliyimizi ortaya qoymalı, bu cür neqativlərlə mübarizə aparmalıyıq.
Bu gün dünyada öz milli kimliyi və bu kimliyi təsdiq edəcək vasitələrdən biri – DİL uğrunda mübarizələr hələ də aparılır. Vətənimizin Güneyində olduğu kimi. Yüzillərdir, İran adlanan coğrafiyada yaşayan soydaşlarımız öz ana dili uğrunda mübarizə aparır və bu proses hələ də məntiqi sonluğa çatmayıb. Bu mücadilədə, istiqlaliyyətə gedən yolda soydaşlarımıza əlimizdən gələn köməyi həm dövlət, həm də millət olaraq, əsirgəməməliyik.
Dili xalq yaradır, filoloqlar kəşf edir və sistemləşdirir, yazıçılar isə onun üzərində söz sənəti yaradırlar. (V.Belinski)
Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party -nın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova
Şərh yaz