HƏR ŞEY YAXŞI OLACAQ….
(2024-cü ilə yekun olaraq…)
…Ağır gündür. Günahsız neçə adam həyatını itirdi, doğmalar gözü yaşlı qaldı.
Düz 36 il idi ki, biz sanki günahsız insan itirməyə məhkum idik, hey itkilərimiz olurdu.
Bu il sanki bir az toxtamışdıq, müstəqilliyimizi bərpa edəndən ilk il idi ki, ərazimizdə müharibə yox idi, suverenliyimiz hər qarış Vətən torpağında bərqərar olmuşdu.
Şəhid verməmişdik, sərhədlərimizdə sakitlik idi, xəbərlərimiz “cəbhə bölgəsində vəziyyət ağır, sabit olaraq qalır” cümləsi ilə başlamırdı…
Dünənki faciə bu ilə də öz damğasını vurdu, yenə itirdik, həm də mülki insanları…
…Az qala hər kəsin statusunda Hökümənin “Hər şey yaxşı olacaq!” cümləsi yer alıb.
Olacaqmı?!!!
Mütləq olacaq…
Qarabağı işğaldan azad edib, böyük köç başladısa, mütləq olacaq!!!
Suverenliyimiz Azərbaycan coğrafiyasında təmin olundusa, mütləq olacaq!!!
Bayrağımız Xankəndində, Ağdərədə, Xocavənddə, Əsgəranda dalğalanırsa, mütləq olacaq!!!
Xocalının intiqamını aldıqsa, mütləq olacaq!!!
…Bəli, bu torpaqları azad edərkən minlərlə şəhid verdik, sağlamlığını itirən onminlərlə qazimiz oldu.
Onlar da yaxşı olacağına ümid edib savaşa atıldılar.
“Yaxşı olacaq” düşüncəsini yaşadanlar, onu məsləyə, yola çevirənlər heç də özləri üçün yaxşı olacağını düşünmədilər. Hamı üçün, özəlliklə gələcək nəsil üçün yaxşı olacağına ümid etdilər…
Hökümə də o fikri heç də özünə şamil etməmişdi, orda olanlara ümid vermişdi, bir az toxtatmışdı, həyəcanlarını azaltmışdı…
Allah rəhmət etsin, doğmalarına səbr versin!
Yaralılara acil şəfalar arzulayıram…
P.S. Bu gün Şərif Ağayarın bir statusunu oxudum, bir az emosional, bir az haqlı, bir az da hər kəsin düşünməli olduğu status…
Sharif bəy, doğrudur ki, hər gün ömrümüzdən gedir, biz arzu etdiklərimizin hamısını yaşaya bilmirik, “yaxşı olacaq” ümidi ilə günlərimiz, bəlkə illərimiz xərclənir.
Amma mən də yaxşı olacağına inanıram.
Övladlarımız dünyaya gələndə (siz də Qarabağlısınız) biz onlara Laçını, Kəlbəcəri, Şuşanı, Füzulini, Ağdamı, Cəbrayılı, Qubadlı, Zəngilanı tanıtdırmağa, işğal tarixlərini əzbərlətməyə çalışırdıq.
Bu gün şükürlər olsun ki, Xankəndindən, Xocavənddən, Əsgərandan, Ağdərədən səsimiz gəlir.
Darıxmayın, inanın ki, sosial vəziyyət də düzələcək, insan haqları, demokratiya da hər kəsin düşünməli olduğu məsələyə çevriləcək.
Hər şey düşüncədən başlayır.
Dövlətimiz indi-indi ayaq üstə qalxır.
Biz qürurlu vətəndaş olmağın hissini indi yaşamağa başlamışıq, bunu xaricdə daha yaxşı duymaq olur.
Sadəcə, hər kəs Hökümə kimi hər şeyin yaxşı olacağına inanmalı və davam etməlidir. Siyasətçi də, jurnalist də, vətəndaş cəmiyyətinin nümayəndələri də, elə sıravi insanlar da…
Azərbaycan üçün, Vətən üçün, Dövlət və Xalq üçün…
2025-ci il Dövlətimiz, Xalqımız, insanlıq və dünya üçün xeyirli olsun.
Hər kəsin – Ali Baş Komandandan tutmuş sıravi əsgərə kimi, ən kiçik vətəndaşımızdan ən yaşlı sakinimizə kimi, gəncləri, hər bir vətəndaşımızı qarşıdan gələn Yeni təqvim ili və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, ruzi-bərəkət, sevgi və mərhəmət arzulayıram.
HƏR ŞEY YAXŞI OLACAQ!!!
Şərh yaz