Hakimiyyət yalnız öz maraqlarına uyğun olan gənclərə dəstək verir – MÜBARİZ MAXSUDOV

Dövlət “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda bu siyasətin həyata keçirilməsinin hüquqi, iqtisadi, siyasi və təşkilati əsaslarını, eləcə də əhalinin digər sosial qrupları ilə gənclərin əsl hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş hüquq və vəzifələr sistemini müəyyən edir.

Dövlət gənclər siyasətində, gənclərimizə yuxarıda qeyd olunan “Dövlət Gənclər Siyasəti Haqqında” Qanunda nəzərdə tutulduğu kimi, imkanlar tanınırsa, o zaman sual olunur, nədən bu imkanlardan müxalifətdə olan partiyaların gəncləri yararlana bilmir?

Müxalif partiyalarda siyasi faliyyətini davam etdirən gənclərin hökümətin yaratdığı imkanlardan yararlana bilməməsi çox üzücü bir durumdur və bu, dövlət üçün, xüsusən də bu hakimiyyət üçün bir utanc olmalıdır. Hakimiyyətin gənclərin fərqli düşüncəsinə və seçiminə görə birtərəfli yanlış siyasət aparması gənclərimizin düşünməsinə mane olan ən böyük amillərdən biridir.

Ümid Partiyası olaraq, biz bu münasibəti pisləyir və hökümətin gənclərə fərq qoymadan onların problemlərinə sahib çıxmasını tövsiyyə və tələb edirik. Hökümətin “qayğı”sı sayəsində gənclər təşkilatlarının sayı yüzlərlədir.
Təəssüflər olsun ki, yüzlərlə gənclər təşkilatının içində bir müxalifət partiyasını təmsil edən təşkilat yer almır.

Hökümətin gənclər siyasətində müxalif partiyaların gəncləri dışlanaraq, kənarda tutulur. Bu da onu göstərir ki, hakimiyyət öz maraqlarına uyğun gənclərə dəstək verir.

Ümid Partiyasının gəncləri düşünərək verdiyi təkliflərdən biri də sosial evlər layihəsidir.
Doğrudur, hakimiyyət bizim təklif etdiyimiz sosial layihəni özlərinə xas bir tərzdə həyata keçirməkdədir. Lakin hökümətin layihəsinə nəzər salsaq, görərik ki, bu layihədən ancaq imkanı çox yaxşı olan gənclər istifadə edə bilir. Məsələn, gənc bir ailə hökümətin sosial evini əldə etmək üçün ümumi ödəniləcək məbləğin 10 faizini ödəmək və ayda 300-400 manatı 25 il ödəmək zorundadır. Sual olunur, bunun nəyi sosial layihə oldu?

Ümid Partiyasının təklif etdiyi sosial evlər layihəsində isə gənc ailə ilkin ödəniş etmədən, hər ay 150 manat ödəməklə 15 il ərzində istədiyi evə sahib olacaqdır. İstənilən imkansız gənc ailə

Ümid Partiyasının təklif etdiyi layıhədən yararlana biləcəyi halda, hökümətin lahiyəsindən ancaq imkanlı gənclər yararlana bilir. Belə ədalətli siyasət olmur. Ona görə də bu sistem dəyişməlidir. Bu yarıtmaz sistemi dəyişmək üçün gəncləri Ümid Partiyasının sıralarında yer almağa dəvət edirəm.

Gənclərimiz Ümid Partiyasında yer alaraq, ümummilli problemlərlə yanaşı, öz problemlərini də çox rahatlıqla həll edəcəklər. Yetər ki, gənclərimiz düşünsünlər və cəsarətli olub, seçim etsinlər!

Ümid Partiyası sədrinin gənclərlə iş üzrə müavini Mübariz Maxsudov

Şərh yaz