Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri Quzey Azərbaycanın başkəndi Bakıda!

Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri protokol ziyarətləri və siyasi görüşmələr üçün Ümid Partiyasının dəvəti ilə Bakıdadırlar.

Görüşün ilk günü Təşkilat Komitəsinin üzvləri Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev, Akademik Zərifə Əliyeva və 1945-46-cı illər Güney Azərbaycan Milli Hökümətinin Baş naziri olmuş Seyid Cəfər Pişəvərinin məzarları, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.

Ziyarətdən sonra Ümid Partiyasının qərargahında Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri partiya sədrləri və funksionerləri – Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə, Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyası – Elşad Musayev, Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli, Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov, Milli Həmrəylik Partiyası – Əlisahib Hüseynov, AĞ Partiya – Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu, Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli, Ədalət Partiyasının sədr müavini – Elxan Şükürlü ilə görüş baş tutub.

Görüşdə GAKMM TK üzvləri – Elyar Makuyi, Rza Heyət, Babək Şahid, Səttar Sevigin, Əjdər Tağızadə, Abdulla Amir Haşimi Cavanşir, Mehmet Müştaq çıxış edib, Ümid Partiyasının sədri cənab İqbal Ağazadəyə dəvət üçün və təşkilatın yaradılmasında göstərdiyi dəstək və təcrübələrini bölüşdüyü üçün təşəkkürlərini bildirib, Güney Azərbaycan Keçici Milli Məclisinin yaradılmasının zəruriliyindən danışıb, İran adlanan ərazidə Güney azərbaycanlı soydaşlarımız və onların hazırki durumunu müzakirə edib, orada baş verən olayları bir daha diqqətə çatdırıb, ölkə başçısı cənab İlham Əliyevə güney azərbaycanlıların taleyi ilə bağlı beynəlxalq tədbirlərdəki bəyanatlarına görə təşəkkür edib, ölkədəki digər siyasi partiyaların da dəstəyini əsirgəməmələrini xahiş ediblər.

Tədbirdə Azərbaycan Respublikasının siyasi partiya sədrləri və funksionerləri də çıxış edib, GAKMM TK üzvlərinə suallar ünvanlayıb, bu yolda onlara uğurlar diləyiblər.

Güney Azərbaycan Keçici Milli Məclisinin Mətbuat Xidməti

Şərh yaz