AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı istintaq işi çərçivəsində hadisəyə görə məsuliyyət daşıdığı ehtimal edilən bir neçə şəxsin saxlanıldığına dair məlumat yayılıb.
Bir neçə gün öncə Rusiyanın “Baza” media layihəsinin baş redaktoru Qleb Trifonovun həbs edilməsinin də AZAL təyyarəsinin pilotlarının danışıqlarına dair stenoqramların yayılması ilə bağlı olduğu bildirilir. Məlumata görə, o, məhdud girişli məlumatlara çıxış əldə edərək yaymaqda ittiham olunur.
AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı istintaq işi çərçivəsində hadisəyə görə məsuliyyət daşıdığı ehtimal edilən bir neçə şəxsin saxlanıldığına dair məlumat yayılıb.
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev deyib ki, bu məsələ həm siyasi, həm də hüquqi baxımdan son dərəcə ciddi və həssas xarakter daşıyır:
“Xatırladım ki, təyyarə vurulduqdan sonra Rusiya ilkin mərhələdə məsuliyyəti inkar, bunun səhvən baş verdiyini iddia edirdi. Hazırda isə konkret adların hallandırılması, məsələnin diplomatik və informasiya müstəvisində gündəmdə saxlanılması rəsmi Bakının Moskva üzərində təzyiq vasitəsi kimi çıxış etdiyini göstərir.
Prezident İlham Əliyev beynəlxalq tədbir və görüşlərdə bu hadisəni daim gündəmdə saxlayır, günahkar şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.
Son günlərdə prosesin yeni istiqamət alması göstərir ki, Rusiya Azərbaycanın haqlı tələblərinə əməl etməyə başlayıb. Bəzi hərbi şəxslərin istintaqa cəlb olunması Moskvadan Bakıya “məsuliyyətin fərqindəyik” mesajı kimi də dəyərləndirilə bilər. Bu, həm də Azərbaycanın narazılığını azaltmaq və iki ölkə arasında münasibətləri sabit saxlamaq məqsədi daşıyır.
Azərbaycan təkcə Cənubi Qafqaz regionunun deyil, eyni zamanda geosiyasi enerji və nəqliyyat tranzitlərinin əsas oyunçusudur. Rusiya Azərbaycan kimi strateji tərəfdaşla münasibətləri pozmaq istəmir. Məhz buna görə də istintaq prosesinin yenidən və daha dəqiq şəkildə aparılmasına başlanılıb. Bu, Kremlin tərəfinin Bakının tələbləri qarşısında geri addım atmasının göstəricisidir”.
Safura Bənnayeva
Globalinfo.az