Cənubi Qafqaz Birliyi modelinin yaranması zamanıdır – İqbal Ağazadə
Qlobal dünyanın geosiyasi, geoiqtisadi, geostrateji mənzərəsi dəyişir. Belə bir mərhələdə müxtəlif qlobal iqtisadi layihələrlə Şərqin, Qərb və Avropanın diqqətini cəlb edən Azərbaycanın beynəlxalq platformalarda yer alması təsadüfi hesab edilmir və mövcud reallıqlar fonunda regionun lider dövləti olmaqla yanaşı, təzyiq və təsirlərlə də üzləşir.
Hafta.az-ın müsahibi Ümid Partiyasının sədri İqbal Ağa-zadədir.
– Bu gün Çində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə, əldə olunan razılaşmalara dayanaraq, regionla bağlı vəziyyəti və perspektivləri necə dəyərləndirmək olar, gözləntiləriniz nədir?
– Çin görüşləri Paşinyan və Azərbaycan prezidentinin münasibətləri və o prosesə baxışları nöqteyi -nəzərindən elə də əhəmiyyətli deyildi. Amma növbəti mərhələdə səmimiyyət və barış üçün yaxşı zəmin hazırlaya bilər. Azərbaycanın birinci Vitse-prezidenti, birinci xanım Mehriban Əliyevann Ermənistanın birinci xanımı Anna Akopyanla görüşü gələcək münasibətlər üçün növbəti addım idi. Bütövlükdə isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yer alaraq, bu cür tədbirlərə dəvət olunması çox önəmlidir. Prezidentin Şanxay Əməkdaşlıq Təşkilatında iştirakı Azərbaycanın gələcək mövqelərinin möhkəmlənməsinə xidmət edən addımlardır. Hesab edirəm ki, əhəmiyyətli görüş idi.
Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasına etiraz etməsinə baxmayaraq, bu bizim üçün heç bir ciddi önəm daşımır. Bəlkə də Hindistanın bu etirazı bizim xeyrimizədir. Çünki dünyanın əsas güc mərkəzi olan Amerika Birləşmiş Ştatlarının gələcəkdə Şanxay ölkələri ilə bağlı hansı mövqe sərgiləyəcəyini və bu ölkələrə münasibətdə necə siyasət yürüdəcəyini bilmirik. Çünki əgər təşkilata üzv olarıqsa, ABŞ gələcəkdə ŞƏT ölkələri ilə gərginlik yaşayacağı təqdirdə istər-istəməz Azərbaycan da onun içərisində olacaq. Bu, Azərbaycan üçün arzuolunan deyil, eyni zamanda həm Rusiya ilə kəskin münasibətlər fonunda, həm İran kimi dövlətin qonşuluğumuzda olması Amerika ilə münasibətlərə sirayət edəcək. Hesab edirəm ki, buna görə də təklənmə ehtimalımız var. Bu bizim üçün uğurlu olmaz.
– Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına veto qoymasına səbəb nədir?
– Əsas səbəb Rusiyadır. Hindistan Azərbaycana qarşı münasibətdə belə bir iddiası olmayan ölkədir. Hindistan müharibədən dərhal sonra Ermənistanı silahlandırır, maliyyə dəstəyi versə də, Rusiyanın sifarişlərini həyata keçirirdi və bu gün də Azərbayanın Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunmaması üçün veto hüququndan istifadə etdi.
– Zəngəzur dəhlizinin açılması prosesi Rusiyadan necə görünür?
– Mən Cənubi Qafqazda sülhün, barışın tərəfdarıyam. Çünki sülh və barış olan yerdə Rusiya regiondan çıxır. Rusiya o regionda qalır ki, orda savaş, müharibələr var. Rusiyanın regionda olması isə nəticə etibarilə ölkələrin inkişafına çox ciddi ziyan vurur. Rusiya faktoru harda varsa orda demokratikləşməyə, azad, liberal iqtisadiyyatın yaranmasına, şəffaf cəmiyyətin formalaşmasına çox böyük ziyan vurulur. Ona görə də hesab edirəm ki, bu məsələdə Rusiya heç bir əngəl, maneə yarada bilməyəcək və Rusiyanın bölgədən çıxması üçün Cənubi Qafqazda sülh olduqca vacibdir. Azərbaycan-Ermənistan arasında aparılan danışıqları birmənalı şəkildə dəstəkləyirəm. Hesab edirəm ki, gələcək münasibətlər sistemində hələ çox-çox illər əvvəl sizinlə söhbətlərimizin birində dediyim Cənubi Qafqaz Birliyi modelinin yaranmasının zamanı gəlib. Çünki bu üç dövlətin birliyi ilə Avropa Birliyinin modelinə yaxın model yarana bilər. Bu da regionun təhlükəsizliyi, iqtisadiyyatın inkişafı, barışın yaradılması üçün olduqca vacibdir.
– Məlumdur ki, avqust ayında ABŞ-da Azərbaycan-Ermənistan arasında əldə olunan sülh müqaviləsi ilə bağlı sənədlər paraflandı, müəyyən razılaşmalar əldə olundu. ATƏT-in Minsk qrupu ləğv olundu. Amma hələ də Ermənistan öz konstitusiyasında dəyişiklik etməyib. Belə olduğu halda sülh müqaviləsi hansı zamana qədər bağlana bilər?
– Mən cənab Prezidentin Əl-Ərəbiyyə kanalına verdiyi müsahibəsində toxunduğu bir fakta diqqət çəkmək istəyirəm. O dedi ki, sülh müqaviləsinin bağlanması artıq formal məsələdir. Dedi ki, mühüm məsələlərdə razılığa gəlinib və tərəflər o razılığı pozmayacaq. Eyni zamanda hesab edirəm ki, Ermənistan konstitusiyasında dəyişiklik olacaq və sülh müqaviləsi bağlanacaq. Əsas odur ki, tərəflər beynəlxalq aləmdə konflikt subyektləri kimi gündəmdən çıxarılıblar. Və bunun müqabilində də münaqişə ilə məşğul olan qurumu birgə qəbul olunan razılıq əsasında ləğv ediblər. Tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Münbit əlaqələrin qurulması istiqamətində niyyətlər var. Hesab edirəm ki, bu normal prosesdir və davam edəcək. Digər tərəfdən, ola bilsin ki, Paşinyan erkən seçkilərə getsin. Çünki hazırki mərhələdə şansları daha çoxdur. Seçki dekabr ayında da ola bilər. Əgər həmin vaxt seçkilərə getməsə, 2026-cı ilin iyun ayında seçkilər olacaq və Paşinyan yenidən seçiləcək. Çünki bu gün Paşinyanın Ermənistanda seçkilərdə ona rəqib olacaq alternativi yoxdur.
– Məlum razılaşmaya görə Zəngəzur dəhlizinə ABŞ şirkəti nəzarət edəcək. Bir tərəfdən də Rusiya 10 noyabr sənədinə əsasən dəhlizə nəzarətə iddia edir. Burada ABŞ-la Rusiyanın maraqları toqquşur və Rusiyanın son vaxtlar Azərbaycana qarşı hədələyici çıxışları gərginliyin yarana biləcəyi ehtimalını ortaya qoyur. Buna münasibətinz nədir?
– Zəngəzur dəhlizi dünyanın ən böyük iqtisadi layihələrindən biridir. Bizim “Zəngəzur dəhlizi” adlandırdığmız layihə Orta Dəhliz layihəsidir və bu layihə işləyəcək. Eləcə də düşünürəm ki, Zəngəzurda maraqlar toqquşmayacaq. Çünki Ermənistan 10 noyabr sənədini qüvvədən düşmüş hesab etdi və bildirdi ki, onun heç bir bəndi müasir şərtlərə uyğun deyil. Azərbaycanın Milli Məclisi də 10 noyabr sənədləri ilə bağlı mövqeyini bildirib və bu gün rus qoşunları Azərbaycanda yoxdur. Hesab edirəm ki, bundan sonra Rusiyanın 10 noyabr sazişinə istinad etməsi absurd və məntiqsizdir. 10 noyabr sazişi yoxdur və onun yenidən qüvvəyə minməsi üçün də əsas yoxdur.
– Gədədbəy rayonu ərazisində yerləşən Başkəndin anklav olması ilə bağlı razılaşma var?
– Başkəndin anklav məsələsində danışıqlar predmeti olacağını düşünmürəm. Başkənd danışıqlar predmeti deyil.
– Ermənistanda yerləşən Avropa mülki misssiyasının bölgədən çıxarılması niyə gecikir? Avropa missiyası niyə bölgəni tərk etmir?
– Avropa mülki missiyası Rusiyanın təzyiqləri azalana qədər davam edəcək. Bunun bizə heç bir ziyanı yoxdur və biz onlarla konflikt halında deyilik. Avropa artıq Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi sənədlərinin paraflanmasın qəbul edib və münaqişənin həllində maraqlıdır. Ona görə də Avropa missiyasının orada qalmasının bizim üçün heç bir təsiri yoxdur.
– Zəngəzur dəhlizi açılır, ABŞ bu prosesdə əsas güc olaraq iştirak edir və Çindən mühüm mesajlar verilir. Belə bir vəziyyətdə İranın dəhlizlə bağlı mövqeyində hansı dəyişikliklər sezilir? İranın bundan sonra hansı addımları atacağı maraq doğurur…
– Əvvəla İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayacaq. İran Zəngəzura qarşı heç nə edə bilməyəcək. İran bu gün özünə umac ova bilmirsə, başqası üçün nə etsin… Ona görə də region siyasətində İranın bəyanatlardan o tərəfə keçən addımları olmayıb, bundan sonra da olmayacaq. Xüsusilə də Məsud Pezeşkianın prezident kimi fəaliyyəti dövründə İran Azərbaycanla münasibətdə yumşaq dövrə qədəm qoyub. Düşünürəm ki, Zəngəzurla bağlı İran-Azərbayan arasında gərginliklər olmayacaq. Rusiya İranı ölkəmizə qarşı qaldıra bilməyəcək.
– Bu gün Rusiyanın Azərbaycana qarşı hibrid müharibəsinin arxasında nə dayanır? Məlumdur ki, Milli Məclis buna qarşı bəyanatla çıxış edib.
– Rusiya SSRİ-ni bərpa etmək istəyir və buna görə də postsovet ölkələrinə təzyiq edir. Azərbaycana edilən hücumlar da o qəbildəndir. Rusiya kimə təzyiq etmir ki… Gürcüstana, Moldovaya, guya müttəfiqlik etdiyi Belarusa, Qazaxıstana qarşı ərazi iddiası irəli sürür, Ermənistanı hədələyir. Ona görə də bu məsələlərdə bir qədər ehtiyatlı, sabit və yüksələn xətt üzrə siyasət aparmaq lazımdır. Rusiyanın yavaş-yavaş regiondan çıxması üçün strateji olaraq gərəkli bütün addımları atmaq lazımdır.
– Rusiya regionda Azərbaycanla müharibə yarada bilər?
– Rusiyanın Azərbaycanla müharibə etməsi ən az ehtimal olunan məsələdir. Amma bu nə qədər az ehtimal olsa da, o ehtimal var.
– Rusiya-ABŞ arasında regionla bağlı hansı razılaşma ola bilər? Belə qeydlər var ki, bu iki dövlət əslində bir çox məsələlərdə razılaşıb.
– ABŞ-Rusiya arasında münasibətlər həmişə razılaşdırılmış siyasət əsasında olub. Amma indiki mərhələdə Putin hakimiyyətdən getməldir. ABŞ-Rusiya arasında ola biləcək bütün razılaşmalar Putin hakimiyyətindən sonra baş verəcək. Amma ona qədər biz gərəkli addımları atmalıyıq ki, Rusiyanın geriyə dönüşü olmasın.
– Zəngəur dəhlizi bizə Qərbə irəliləmək üçün bir qapı açır. Sizcə, proseslər bizi tarixi Qərbi Azərbaycan torpaqlarına aparacaq?
– Qərbi Azərbaycana qayıdışımız çətin olacaq. Amma Cənubi Qafqaz Birliyi ideyası ilə davam etmək lazımdır ki, bölgədə demoqrafik, iqtisadi üstünlüyü ələ alaq. Azərbaycan regionun tam şəkildə sahibi olarsa, ora qayıda biləcəyik.
Şərh yaz