“Ermənistan Ukraynanın yolu ilə gedir”: Rusiyanın Cənubi Qafqaza dair gizli planları – Taleh Aliyev şərh edir…
ABŞ vitse-prezidenti J.D. Vensin Bakıya gözlənilən səfəri və Azərbaycanla “strateji tərəfdaşlıq haqqında xartiya”nın imzalanması Rusiya mediasında ciddi rezonans yaradıb. Dzen.ru saytı mövzu ilə bağlı geniş təhlil dərc edib.
Təhlildə qeyd olunur ki, səfər postsovet məkanında artan geosiyasi gərginlik fonunda baş verir və bu, Vaşinqtonun regionda yeni tərəfdaşlar axtarması kimi qiymətləndirilə bilər. Rusiya mediası Azərbaycanın enerji və nəqliyyat baxımından strateji mövqeyinə diqqət çəkərək, Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi çoxvektorlu siyasətin Ukrayna müharibəsi və qlobal ittifaqların yenidən formalaşması şəraitində sınaq qarşısında qaldığını vurğulayır.
Yazıda iddia olunur ki, imzalanan xartiyanın məzmunu açıqlanmasa da, sənəd enerji əməkdaşlığı, təhlükəsizlik məsələləri və Rusiya-İran təsirinin balanslaşdırılması ilə bağlı ola bilər. Eyni zamanda, xartiyanın daha çox deklarativ xarakter daşıdığı və konkret öhdəliklər ehtiva etmədiyi də istisna edilmir.
“Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının mətni imzalandıqdan qısa müddət sonra informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə geniş şəkildə şərh olunmağa başladı. Bu kontekstdə Rusiya mediasında yayımlanan bəzi təhlillərin irəli sürdüyü iddiaların doğru olmadığını söyləmək mümkündür”.
Bu fikirləri Olaylar.az-a açıqlamasında Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, lakin diqqət çəkən digər məqamlar da var. Xüsusən ABŞ-nin Cənubi Qafqaz regionuna və ümumilikdə postsovet məkanına artan marağı artıq bir reallıqdır. Bu gün həm Cənubi Qafqaz ölkələri, həm də Mərkəzi Asiya dövlətləri ilə ABŞ arasında birbaşa ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq qurulur və bu əməkdaşlıq günü-gündən inkişaf etdirilir. Təbii ki, bu sənədin imzalanması Rusiyanın Cənubi Qafqazdakı mövqelərini əhəmiyyətli dərəcədə zəiflədə bilər. Hətta proseslərin davamlı xarakter alacağı təqdirdə, yaxın gələcəkdə Rusiyanın regionda siyasi güc kimi mövcudluğunun tamamilə neytrallaşması ehtimalı da istisna edilmir.
Bu vəziyyətdə sual yaranır: Rusiya hansı addımları ata bilər?
Düşünürəm ki, hazırda daha çox risklər Ermənistanda mövcuddur. Bununla yanaşı, Azərbaycanda da hələ tam neytrallaşdırılmamış müəyyən risk amilləri var ki, Rusiya tərəfi bu alətləri hər iki ölkəyə qarşı işə sala bilər. Yeri gəlmişkən, İrəvanda keçirilən görüş başa çatar-çatmaz Rusiya tərəfindən Ermənistana müəyyən xəbərdarlıqların göndərilməsi də diqqətdən yayınmadı. Bu xəbərdarlıqların mahiyyəti ondan ibarət idi ki, Ermənistanın getdiyi yol Ukraynanın yoluna bənzədilir. Bu isə onu göstərir ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi sərt və aqressiv siyasətin gələcəkdə bu və ya digər formada Ermənistana qarşı da təzahür etməsi ehtimalı mövcuddur. Lakin düşünmürəm ki, Rusiya Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmədiyi halda, başqa regionlarda uğur qazana bilsin. Əksinə, Ukrayna müharibəsi fonunda Rusiya dövlət olaraq həm resurslarını, həm də beynəlxalq reputasiyasını ciddi şəkildə tükəndirir. Əgər Rusiya analoji addımları Cənubi Qafqazda və ya Mərkəzi Asiyada atmağa cəhd edərsə, bu istiqamətlərdə də ciddi itkilərlə üzləşəcəyi qənaətindəyəm.
Şərh yaz




