“Ərəb ölkələri müharibəyə qoşula bilər” – Taleh Aliyev şərh edir…
ABŞ-İsrail-İran müharibəsi fonunda Yaxın Şərqdə gərginlik yeni mərhələyə qədəm qoyub. İranın müharibənin ilk günündən Körfəz regionundakı ərəb ölkələrinə qarşı həyata keçirdiyi hava zərbələri və pilotsuz uçuş aparatları ilə hücumlar bölgədə təhlükəsizlik vəziyyətini daha da ağırlaşdırıb. Xüsusilə ABŞ hərbi bazalarının yerləşdiyi ərazilərin hədəf alınması, eləcə də bəzi hallarda mülki infrastrukturun zərər görməsi region ölkələrində ciddi narahatlıq yaradıb.
Hücumlar nəticəsində bir sıra Körfəz dövlətlərində hava hücumundan müdafiə sistemləri işə düşüb, paytaxt və iri şəhərlərdə partlayış səsləri eşidilib. Digər tərəfdən, artan hərbi eskalasiya enerji bazarlarına da təsirsiz ötüşməyib, neft qiymətlərində dalğalanma müşahidə olunur.
Mövcud vəziyyət isə regionda yeni siyasi və hərbi konfiqurasiyanın formalaşa biləcəyi ehtimalını gündəmə gətirib.
ABŞ-İsrail-İran müharibəsi fonunda ərəb ölkələri ilə İranın münasibətlərinin daha da pisləşməsi ABŞ üçün nə dərəcədə sərfəlidir? Vaşinqton bu vəziyyətdən hansı strateji və geosiyasi dividendlər əldə etməyə çalışa bilər?
Sfera.az-a bu haqda açıqlama verən Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyevin sözlərinə əsasən, İranla Körfəz dövlətləri arasında dini-ideoloji, eyni zamanda geosiyasi, geoiqtisadi səbəblərdən daim gərginlik müşahidə olunub:
“Amma ABŞ, İsrail ilə İran arasında baş verən yeni müharibə, heç şübhəsiz ki, İranın hələ müharibə başlamazdan əvvəlki xəbərdarlıqlarında öz əksini tapırdı. Əgər İran ABŞ tərəfindən vurularsa, o zaman bu müharibədə ABŞ-nin regiondakı hərbi bazaları da hədəf alınacaqdı. Biz müharibənin ilk anlarından bunun şahidi olduq. Bu baxımdan hesab edirəm ki, bu müharibənin ərəb ölkələri ilə İran arasında belə bir gərgin yanaşmaya səbəb olması ABŞ-nin bir o qədər də marağında deyil. Çünki bu gün ərəb ölkələrinə qarşı İran tərəfindən endirilən hava zərbələri dünyada neftin qiymətinin qalxması ilə nəticələnir ki, bu da əksinə, Amerikanın dünya enerji siyasətinə tərs düşən bir məsələdir. Eyni zamanda, bu dövlətlərin təhlükəsizlik qarantı da ABŞ-dir”.
Ekspert İranın Körfəz ölkələrinə hücumundan sonra həmin bölgələrin müdafiə sisteminin nə qədər zəif olduğunu da xatırladıb:
“Təəssüf ki, təkcə ölkədəki ABŞ bazaları deyil, həm də ölkənin mülki obyektləri və infrastrukturu vurulur. Bu baxımdan müharibənin ərəb coğrafiyasına yayılması “ABŞ-nin marağındadır” fikri bir o qədər də ağlabatan və məntiqli deyil. ABŞ bu ölkələri də müharibəyə cəlb etmək istəyə bilər. Artıq görünür ki, müharibənin növbəti mərhələsində, xüsusilə də quru əməliyyatları başlayarsa, ərəb ölkələrinin də bu prosesdə iştirakına ABŞ tərəfindən cəhd olunacaq. Və çox güman ki, biz bu prosesdə onların iştirakının da şahidi ola bilərik”.
Bəsti Rəfizadə
Şərh yaz




