Dünya Xocalı soyqırımına susmasaydı, indi Ukrayna bu faciələri yaşamazdı – RƏFAİL TAĞIZADƏ yazır

Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş… Çarli Çaplin

Müharibə qandır, qadadır, ölümdür, itkidir, ağrıdır, insan faciəsidir, dağıntıdır, ərazilərin işğalıdır. Müharibə insanların yurd-yuvasından, doğmalardan uzaq düşməsidir.

Müharibə didərginlikdir, bir daha o yerləri olduğu kimi görməməkdir, olanları xatirələrə çevirməkdir…
Hər şey bir günün, bir ayın içində keçmişə çevrilir. Səninki deyilən bir şey qalmır, sənin olmur, qara şəkilə dönür. Reallıqlar itir. Sən də bu olanlarla birlikdə tarixin arxivinə düşürsən. Boşluğa düşən kimi. Olanların birdən yoxa çevrilir. Barıt, yanıq qoxuları səni nəfəs almağa qoymur. Boğulursan. İçin qovrulur.

Müharibə ağılsızların düşündüyü ən ağır bəladır, təbiətin, dünyanın düzəninin insanlar tərəfindən dəyişməsidir.

Təbii fəlakətləri anlamaq, onu hansısa qanunauyğunlğa yazmaq olur. İnsanların törətdiyi – torpaq, iddia, qəzəb, mənəm-mənəmlikdən doğan qəsbləri, ölümləri anlamaq olmur. Tarixdə bu qədər torpaqların məcburən mənimsənilməsinin və sonda onun olmamasını görərək, yenə o iddiaya düşmək başa düşülən deyil – xəstəlikdir.

Didərginlik, uşaqları atasız-anasız, ata-ananı uşaqsız, evləri viran qoyanlara, bunları törədənlərə zaman daha böyük faciə yaşadır. Tarix bunu dəfələrlə sübut edib, isbatlayıb.
Kaş bütün lüğətlərdən müharibə sözü silinəydi. Müharibə və savaş olmayaydı.

1990-cı ilin 20 yanvarında heç kəs inanmazdı ki, 70 il bir yerdə, sovetlər adlanan düşərgədə yaşamış, birlikdə hərbi xidmət keçmiş bir ölkənin ordusu, öz keçmiş əsgərinə atəş açar, insanlarını gülləboran edib öldürər. Amma etdi. Demək ki, onlar üçün müqəddəs, dəyər deyilən heç nə yoxdur, ədalət deyilən məhfum yoxa çıxıb. Onların düşüncəsində ancaq “mənimkidir, mənim olmalıdır, mən belə istəyirəm”lər var.

Dili, dini bir olan, çoxdan bir-birləri ilə qaynayıb-qarışmış qardaşına qarşı ən amansız zülmlər edirsə, şəhərlərini, kəndlərini yerlə-yeksan edib, xəstəxanaları, uşaq, qocalar evlərini dağıdırsa, uşaqları, qocaları öldürülürsə, hansı insanlıqdan danışmaq olar? Haqq, ədalət itən yerdə hər şey bitir.
XXI əsrdə bunları törədənlərin cəzasını verməkdə yerdəkilər acizsə, onların cəzası Yaradanlıqdır. O da, hələ ki…

Təəssüflər olsun ki, tarazlığı itmiş dünya müvazinətini itirib. Onun harda çökəcəyi isə hələ bilinmir. Ədalətin itdiyi, gücə hesablanan yerdə yaşamaq mənasını itirir, düzən dəyişir, hər şey təbii halından çıxır.

Biz haqqın yanındayıq. Haqqı, hüququ pozulan, şəhərləri viran olan, insanları evlərindən didərgin düşən ukraynalıların yanındayıq. Biz bu ağrını Qarabağda yaşamış xalqıq, insanlarıq. Bu ağrının nə demək olduğunu canımızda çəkmişik, indi də çəkirik. Bu gün biz viran olmuş, talanmış yurdumuza hələ də qovuşa bilmirik. Yurdsuzluğun nə olduğunun ağırlığını, iztirabını bilərək, haqqsız-ədalətsiz müharibəyə “yox” deyirik və bütün hallarda müharibəni pisləyirik. Bu ağır, məşəqqətli gündə mənən Ukrayna xalqı ilə birlikdəyik.
Liken Mark Anney deyirdi ki, müharibə gələndə bütün qanunlar susur.

Bəli, müharibə qanunları susdurur. Müharibənin nə olduğunu anlamaq üçün müharibə etmək lazım deyil. Sonun faciə olacağı onsuz da əvvəldən bəllidir.

Müharibə ölümə münasibətin mahiyyətini dəyişirdi. Adi həyatda insan ölümü cinayət sayıldığı halda, müharibədə bu, qəhrəmanlıqdır.
Müharibə bəd xəbərdir, əzabdır.
Müharibə yoxluqlar, boşluqlar yaradan faciədir. Müharibə yaradılanların məhvidir.
Hamı müharibəni pisləyir. Şəhid məzarlığına baxan da, qara mərmərdən boylanan cavanları görən də, yurdundan uzaq düşən də, evinə kənardan boylanan da, axtardığı evi tapmayan da.
Ümidini bağladığı oğlunun itkin düşdüyünü eşidib onillərlə onun gələcəyi ümidi ilə yaşayan da, şəhid xəbərini eşidən də, ömürlük şikəst olduğunu görən də. Hər kəsin ağrısı bir cür olsa da, hamı müharibəni pisləyir.

Xoşbəxtlər fərqli xoşbəxt olsalar da, bədbəxtlər eyni cür bədbəxtdilər, deyirlər.

Sağalmayan elə yaralar var ki, o yaralarla yaşamağa öyrəşirsən.
Nə qədər insanlarımız ağrıyla, zülmlə dünyadan köçdülər. Ən çox itki verdiyimiz Fərrux dağında şəhidlərimizin qalıqları tapıldı. Gözləri yollarda olanlar, bu gün itkin düşəninin DNT analizinin nəticələrini gözləyən insanlar var. Hələ nə qədər Fərruxlar tapılacaq. Hələ ağrısını ümidin sevincinə bağlayan nə qədər insan var.
İndi də Ukrayna… Haqsızlığa ad tapmaq olmur. Eyni senari, eyni vəhşilik…

Çox təəssüf ki, insan ağrını, itkini öz canında hiss edəndə anlayır.
XXI əsrdə müharibə, həm də bu cür vəhşiliklə normal ağılın məhsulu deyil. Biz eyni düşməndən eyni acını yaşamış xalqıq…

Bütün müharibələrdə olduğu kimi Rusiya-Ukrayna müharibəsində də çox sayda uşaq valideynlərinin birini və ya hər ikisini itirdi. Ukrayna hərbçiləri geri alınan şəhər və kəndlərdə kütləvi məzarlıqlar aşkarladılar. Şəhərin dağıdılmış küçələri meyitlərlə doludur. Həlak olanlar arasında uşaqlar da var. Bu günə kimi Ukraynada müharibə nəticəsində 563-dən çox uşaq zərər çəkib, 202 uşaq həlak olub, 361-dən çox uşaq yaralanıb. Evlərdə, küçələrdə nə qədər dinc əhali qırılıb. Qadınlara təcavüz adi hal alıb. Təcavüzə uğrayanlar arasında uşaqlar, 73 yaşlı qoca qadın da oldu. Bu, birmənalı olaraq, vəhşiliyin vəhşiliyidi.
Mətbuatda yayılan məlumatlardan biri hamını sarsıtdı. Kiyev vilayətində yaşayan, anasını itirən 6 yaşlı bir oğlan aclıq səbəbindən dünyasını dəyişərək, həyətlərində dəfn olunan anasının qəbri üstünə konserv qutuları, meyvə şirəsi qoyur.

Bu, müharibə ağrısının acı həqiqətidir.
Ukraynada analar övladlarının bədəninə adlarını, doğum tarixlərini və öz telefon nömrələrini yazırlar ki, uşağın ölümü və ya itməsi halında şəxsiyyətlərini müəyyənləşdirmək mümkun olsun. Hələ nə qədər oğurlanıb qaçırılan körpələr var .
Bu hələ Avropada, dünyanın diqqət mərkəzində olan Ukraynada baş verənlərdir. Görün, hələ diqqətdən kənar uzaq, kiçik ölkələrdə nələr baş verir.

Bu, keşişin ölünün arxasınca getməməsi məsəlinə oxşayır.
Bu tip faciələr Xocalıda baş verəndə – ermənilər tərəfindən uşaqların dərisi diri-diri soyulanda, onların gözləri qarşısında valideynləri güllələnəndə, ən ağır işgəncə törədiləndə dünya susmasaydı, o vaxt reaksiya versəydi, bütün bunlar olmazdı. Ondan sonra dünyanın neçə-necə ölkələrində bu tip hadisələr – vəhşiliklər baş verdi.
Ukraynadan Polşaya sığınan bir Ukrayna vətəndaşı yazır: “Rusiya rəsmiləri Ukrayna dövlətinə qarşı müharibə elan etdi və bu günə kimi Ukrayna xalqı görünməmiş dəhşətlərlə üz-üzədir.

Kimsə mənə rus teatrlarının dünya şöhrətindən danışanda, mən rusların Buçada 9 yaşlı körpəni, qızları, qadınları zorakılığa məruz qoyub, sonra da gullələndiklərindən danışacağam.
Kimsə mənə rus sairlərinin məhşur şeirlərindən söhbət açanda, mən rusların Mariopol şəhərində dinc əhalini tanklarla, raketlərlə gulləböran etdiklərindən danışacağam. Həyətlərdə, zirzəmilərdə, dağılıb kül olmuş evlərdə qalan insanların güllənərək, qardaşlıq məzarı adlanan küçələrdə qazılmış xəndəklərdə 100-150 nəfərinin basdırıldığından danışacağam.
Kimsə mənə rus kinolarının humanizmliyindən danışanda, mən körpələr, doğum evlərinin raket mərmiləri ilə külə dönməsindən danışacağam.
Kimsə mənə məhşur rus rəssamlarının çəkdikləri sülh goyərçinlərindən söhbət açanda, mən onlara 23 fevral 2022-ci ildə son dəfə görüşüb ayrıldığım və bir də heç vaxt görə bilməyəcəyim, cəmi 3 aydan sonra diplom alacaqları günü səbirsizliklə gözlədikləri halda rus əsgərlərinin gülləsi ilə qanlarına boyanan tələbələrimdən, ailəsi ilə birlikdə həyətlərində qanlı paltarları ilə dəfn olunan tələbəmin ölmüş arzularından danışacağam.
Kimsə mənə rus xalqının şanlı qəhrəmanlıq tarixindən söhbət açsa, mən bir dəstə əyin paltarı ilə öz körpələrini vəhşi rus əsgərlərinin hücumundan xilas etmək üçün yüz kilometrlərlə məsafəni soyuqda, boranda, qarda xilas etməyə çalışaraq meşələrdən, çöllərdən piyada, ac, susuz qaçıb canlarını xilas etməyə çalışan günahsız analardan danışacağam.
Kimsə mənə rus dövlətinin işıqlı gələcək naminə apardığı layihələrdən söhbət açanda, əlində kiçik torbası, atasız-anasız körpənin təkbaşına ac-susuz, ağlaya-ağlaya insanlara qoşulub başqa ölkənin sərhədinə necə keçməyindən danışacağam…
Susa bilmədiyim üçün, ürəyimin paramparça olduqu üçün danışdım və danışacağam…”

Bəli… Bundan sonra nəsə yazmağa ehtiyac qalmır. Ağrıdan qələm də susur…

Rəfail Tağızadə
Ümid Partiyası Ali Məclisin sədri

Şərh yaz