Diplomatlar Qarabağda nə gördü? – Müharibədən sonra yaşananlar… – Tamilla Qulami şərh edir
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin diplomatik korpus nümayəndələri ilə birlikdə Qarabağa və Şərqi Zəngəzura səfəri Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biridir”.
Bu sözləri Globalinfo.az-a Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami deyib.
Siyasətçi xanım bildirib ki, bu cür səfərlər sadəcə diplomatik nümayəndələrin bölgə ilə tanışlığı məqsədi daşımır:
“Əslində, Azərbaycan bu səfərlər vasitəsilə həm beynəlxalq ictimaiyyətə yeni reallıqları yerində göstərir, həm də regionun gələcəyi ilə bağlı öz siyasi, iqtisadi və təhlükəsizlik konsepsiyasını diplomatik nümayəndələr vasitəsilə dünyaya çatdırır.
44 günlük Vətən müharibəsindən və Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Qarabağ və Şərqi Zəngəzur artıq Azərbaycan üçün yalnız keçmiş münaqişə zonası deyil. Bu ərazilər yeni inkişaf, bərpa, məskunlaşma və regional inteqrasiya layihələrinin həyata keçirildiyi strateji məkanlardır.
Diplomatik korpusun məhz bu bölgələrə aparılması da Azərbaycanın dünyaya vermək istədiyi əsas mesajlardan birini ortaya qoyur. Xatırlayaq ki, illərlə Azərbaycanı sevməyən qüvvələr diplomatik masada Qarabağ mövzusunu əsas kimi qoyurdular, Azərbaycana qarşı çıxış edirdilər. Biz isə dünyaya bir daha sübut edirik ki, Qarabağın statusu məsələsi artıq tarixdə qalıb və bu ərazilərin gələcəyi Azərbaycanın suverenliyi, Konstitusiyası və dövlət siyasəti çərçivəsində müəyyən edilir.
Cənab Hacıyevin bu tip səfərlər zamanı çıxışlarının əsas siyasi mahiyyəti də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı haqlı zəfərdən sonrakı reallıqları beynəlxalq diplomatik auditoriyaya izah etməkdir. Çünki diplomatik nümayəndələrin bölgəni öz gözləri ilə görməsi ilə müxtəlif xarici mənbələrdən aldıqları məlumat arasında ciddi fərq var. Yerində tanışlıq diplomatlara işğal dövründə şəhər və kəndlərin hansı vəziyyətə salındığını, mədəni və tarixi irsin necə dağıdıldığını, eyni zamanda Azərbaycanın qısa müddətdə bu ərazilərdə hansı miqyasda yenidənqurma işləri həyata keçirdiyini birbaşa öz gözləri ilə görmək imkanı yaradır.
Ona görə də belə səfərlər alqışa layiqdir. Çünki bu tip səfərlərin mühüm istiqamətlərindən biri qeyd etdiyim kimi, Ermənistanın işğalı zamanı vandalizm nəticəsində dağıdılmış şəhər və kəndlərin, ərazidə olan bütün maddi-mənəvi abidələrin indi necə bərpa olunduğunu beynəlxalq diplomatik korpusun diqqətinə çatdırılmasıdır”.
Tamilla Qulami bildirib ki, Ağdam, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl, Laçın və digər ərazilərdə görünən mənzərə Azərbaycanın uzun illər ərzində üzləşdiyi humanitar və iqtisadi nəticələrin real göstəricisidir:
“Bu gün biz diplomatlara faktiki olaraq deyirik ki, Qarabağla bağlı müzakirələr artıq siyasi bəyanatlar və ya münaqişə terminləri üzərində qurulmamalıdır. Burada konkret faktlar, dağıdılmış şəhərlər, minalanmış ərazilər və yüz minlərlə insanın öz doğma yurdlarından məcburi köçkün düşməsi kimi reallıqlar var.
Bu səfərlər həmçinin Azərbaycanın quruculuq gücünü nümayiş etdirmək məqsədi də daşıyır. Qarabağ və Şərqi Zəngəzurda yeni hava limanlarının, avtomobil və dəmir yollarının, yaşayış məntəqələrinin, enerji infrastrukturlarının inşa edilməsi Azərbaycanın bölgəyə münasibətinin yalnız keçmişin nəticələrini aradan qaldırmaqdan ibarət olmadığını göstərir. Azərbaycan burada tamamilə yeni iqtisadi və sosial model qurmağa çalışır. “Ağıllı kənd”, “Ağıllı şəhər”, yaşıl enerji zonası və müasir nəqliyyat infrastrukturu nəzəriyyəsi Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişaf strategiyasının əsas elementlərindəndir.
Ona görə də Qarabağa və Şərqi Zəngəzura diplomatik korpusla həyata keçirilən səfərlər Azərbaycanın çoxşaxəli siyasi strategiyasının tərkib hissəsidir. Qeyd etdiyim kimi, Bakının mesajı həm də budur ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsa da, işğalın nəticələri unudulmamalıdır. Biz görmək istəməyənə də təqdim edirik ki, bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri başlayıb, bölgədə təhlükəsizlik və sabitlik təmin edilir, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək iqtisadi inkişafının və regional nəqliyyat layihələrinin mühüm mərkəzlərindən biridir. Bu, bizim torpaqlarımızdır, torpaqların əsl sahibi isə onu dağltmaz, əksinə, yeniləyər, bərpa edər, orada tikinti işləri həyata keçirər. Bu, dağıntıdan dirçəlişə, münaqişədən inkişaf mərhələsinə keçən bir bölgənin nümayişidir.
Hikmət Hacıyevin və digər dövlət rəsmilərinin bu səfərlərdə verdiyi mesajların əsas mahiyyəti də budur. Biz bu gün Qarabağ və Şərqi Zəngəzurda təkcə keçmişin yaralarını sağaltmır, həm də bütün regionun gələcəyinə təsir edə biləcək yeni siyasi, iqtisadi və geostrateji reallıq yaradırıq”.
Turan Rzayev
Globalinfo.az




