Cənubi Qafqaz yeni sabitlik dövrünə qədəm qoyacaq – TAMİLLA QULAMİ yazır

Cənubi Qafqaz yeni sabitlik dövrünə qədəm qoyacaq – Tamilla Qulami
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla 8 avqust 2025-ci il tarixində planlaşdırılan beynəlxalq platformada baş tutacaq görüşü bir çox baxımdan region üçün əhəmiyyətli siqnallar və potensial imkanları yaradacağı görünür.
Bu görüşün konkret vədləri və mümkün nəticəsi olaraq, sülh prosesinin yekunlaşdırılması və iki ölkə arasında illərlə davam edən münaqişəni tamamən sonlandırılması region üçün əhəmiyyətli dönəmə qədəm qoyacaq. Bu platformada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sərhədlərin müəyyənləşməsi üzrə sülh sazişinin imzalanacağı təqdirdə, yuxarıda qeyd etdiyim kimi 30 illik münaqişəyə diplomatik nöqtə qoyulması, sərhədlərin müəyyənləşdirilməsi regionda sülhün təminatı üçün real prosesin olacağı görünür.
Bu görüş xüsusilə də Zəngəzur dəhlizinin statusu ilə bağlı yeni razılaşmalara yol aça bilər. Ən əsası da sərhəd bölgələrində ara-sıra təxribata yol açan toqquşmaların qarşısını almaq üçün əməkdaşlıq mexanizmlərinin qurulması məqsədəuyğun olacaq.
İllərdir, bu kimi görüşlər adətən beynəlxalq aktorların iştirakı ilə baş tuturdu. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi bu görüşlərin vasitəçisiz, tərəfsiz baş tutması hər iki ölkə üçün balansın olacağının göstəricisi olacaqdı.
Azərbaycanın bu görüşlə bağlı mövqeyi əslində 44 günlük Vətən Müharibəsində əldə etdiyi hərbi qələbənin diplomatik davamıdır. Sülh razılaşmasının imzalanması Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda bir daha təsdiqlənməsi, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvana quru bağlantının təmin olunması və Orta Asiya-Türkiyə xəttinin canlanması deməkdir. Həmçinin, regionda baş tutacaq sabitlik Azərbaycanın enerji ixracatının təhlükəsizliyinin artmasına və xarici sərmayələr üçün cəlbediciliyi yüksəltməsinə səbəb olacaq.
8 avqust 2025-ci il tarixində də ABŞ-də baş tutacaq bu platformada Rusiya, Fransa və s. qərəzli yanaşmalar sərgiləyən ölkələrin olmaması hər iki tərəf üçün real sülh imkanları yaradacaq. Bu da regional balansın dəyişməsi, Azərbaycanın diplomatik imkanlarının genişlənməsi və Ermənistanın da Rusiyadan kənar alternativlər axtarması demək ola bilər.
Ermənistan dövləti və cəmiyyəti üçün əsas məqamlardan biri də nəqliyyat və iqtisadi əməkdaşlıq istiqamətində atılacaq addımların olmasıdır. Belə ki, regional iqtisadi inteqrasiya, nəqliyyat xətlərinin açılması və ticarətin canlandırılması kimi məsələlər müzakirə olunarsa, bu, həm Ermənistan üçün təcriddən çıxmaq imkanı, həm də Azərbaycan üçün Türkiyə və Orta Asiyaya birbaşa quru yolları əldə etmək olacaq.
Əgər Sülh müqaviləsi imzalandıqdan sonra humanitar və ictimai əlaqələrin qurulması istiqamətində qarşılıqlı addımlar atılacaqsa, mütləq şəkildə əsir və itkinlərin dəyişdirilməsi, minalardan təmizləmə və mədəni irsin qorunması sahəsində fəaliyyət masada danışılan əsas şərtlərdən biri kimi irəli sürülməlidir. Çünki qarşılıqlı inamın qurulması üçün cəmiyyətlərarası dialoqlar, birgə layihələr gündəmə gəlməsi mövzu ola bilər.
Görünən bu ki, görüş konkret razılaşmalarla nəticələnərsə, Cənubi Qafqazda yeni bir dövr başlayacaq.
Bütün hallarda Azərbaycan və ABŞ prezidentlərinin görüşü ölkəmizin geosiyasi uğuru kimi də təsnifatlandırıla bilər. Çünki bu görüş Azərbaycanın qalib mövqeyini və diplomatik təşəbbüskarlığını bir daha nümayiş etdirir. Xüsusilə də Qərbin Orta Dəhliz layihəsini təhlil edərsək, Zəngəzur dəhlizinin açılması xəritədə Azərbaycanın nə qədər əhəmiyyətli yer aldığını görmüş olacağıq. Belə ki, Zəngəzur dəhlizinin açılacağı təqdirdə Naxçıvanla quru əlaqə, Türkiyə-Orta Asiya ticarət xətti bərqərar olacaq.
Qarabağ məsələsindən sui-istifadə edən bəzi ermənipərəst Qərb dövlətləri mövzunu tamamilə gündəmdən çıxarmış olacaq. Bölgədəki sabitlik qaz, enerji ixracatındakı (Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP) davamlılıq və təhlükəsizliyi artıracaq.
Cənubi Qafqazda lider dövlət olduğunu qoruyub saxlayan Azərbaycan kimi bir dövlətlə münasibətləri normallaşdırmaq ən çox Ermənistana sərf edəcək, çünki blokadadan çıxış, nəqliyyat yollarının açılması Ermənistan üçün iqtisadi nəfəs deməkdir. Bu diversifikasiya imkanı Ermənistanın Rusiyadan asılılığını azaldıb, Türkiyə, Avropa və İranla əlaqələrini gücləndirə bilər, bu addımlar da Ermənistan cəmiyyətində müsbət qarşılanaraq, onlar üçün müharibə riskinin azalması, ölkənin dünyaya yeni sistemlə təqdim olunması ölkəyə sülh dividendini gətirmiş olacaq.
Bütün beynəlxalq platformalar və əldə ediləcək müsbət nəticələr Azərbaycan üçün dost-qardaş dövlət olan Türkiyənin də regional liderlik rolunun möhkəmlənməsi deməkdir.
Əlbəttə, kimsəyə sirr deyil ki, Rusiyanın separatizmini, revanşizmini dəstəkləyən Ermənistan müxalifəti bu sülhü “təslimçilik” kimi qələmə verməkdə maraqlıdır. Xüsusilə də Paşinyan hakimiyyətinin kilsə siyasətini iflasa uğratmasından sonra müxalifət üçün çətin anların başlanması qaçılmazdır.
44 günlük savaşdan sonra Zəngəzur dəhlizin açılacağı ehtimalından narahat olan, dünyanın güc dövlətləri tərəfindən dalana sıxışdırılan İran bu gün anlayır ki, Ermənistan vasitəsilə Qaradənizə çıxış planları İranın da ticarətinə müsbət təsir göstərə bilər.
Rusiya anlayır ki, uzun illərdir, Cənubi Qafqazda öz mövcudluğunu saxlamaq üçün əlində təhdid elementi kimi tutduğu “Qarabağ konflikti” ocağını bu gün itirib və bilir ki, rəsmi Moskva demək olar ki, bütün proseslərdən kənarda qalıb. Hələ ki, Rusiya regionda nüfuzunu qoruyub saxlamaq, İran isə geosiyasi təcridə düşməmək üçün bu prosesləri diqqətlə kənardan izləyir.
Bütün baş verənləri təhlil edərkən görünür ki, Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycana qarşı münasibətdə bir zamanlar ikili standartlar nümayiş etdirən Avropa İttifaqının bu gün enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığı daha da möhkəmlənəcək, çünki təhlükəsizlik üçün regional sabitlik vacibdir.
Ermənistan öz daxilində ciddi nəzarət həyata keçirməlidir. Çünki Rusiya Ermənistan müxalifəti və sıxışdırılan kilsə nümayəndələri ilə bir olub, ölkə daxilində mövcud hakimiyyət üçün böyük risklər və çətinliklər yarada bilər. Unutmayaq ki, Gümrüdə Rusiyanın hərbi bazası yerləşib. Eyni zamanda daxili müxalifətin və radikal çevrələrin sülh prosesinə maneçilik törətmək cəhdləri, Paşinyanın siyasi mövqeyini zəiflədə bilər.
Bu prosesin fonunda ABŞ-nin Ermənistanla hərbi təlimlər keçməsi cəmiyyət üçün bir növ təhlükəsizlik baxımından siqnal olaraq yerinə düşür.
Ümumilikdə isə 8 avqust 2025-ci il ABŞ-də nəzərdə tutulan görüş Cənubi Qafqaz üçün tarixdə dönüş nöqtəsi ola bilər.
Əgər tərəflər beynəlxalq dəstəklə bu prosesi davam etdirə bilsələr, Cənubi Qafqaz yeni bir sabitlik dövrünə qədəm qoyacaq.
Bu platformadan çıxan real nəticələr – sülh müqaviləsi, sərhədlərin dəqiqləşdirilməsi, nəqliyyat dəhlizlərinin açılması və ictimai diplomatiyanın başlanması – regionun müstəqil gələcəyini formalaşdıra bilər.
Şərh yaz