Bu gün Rusiyanın işğalçılıq siyasətindən danışanların əlifbasının ilk hərfi Nəbi və Həcərdir – İQBAL AĞAZADƏ

Azərbaycanda qaçaqçılıq hərəkatı XIX əsrin 60-70-ci illərində vüsət alıb.

Əsas səbəb isə Çar Rusiyasının əsassız vergi, müstəmləkə siyasəti, idarəetmədəki qanunsuzluqlar və onlara züy tutan yerli bəylərin kəndlilərə zülm etməsi olub. (Bunu mütəxəssislər daha geniş və əhatəli izah edə bilərlər)

Qaçaq Nəbi bu hərəkatın ən parlaq nümayəndələrindən biri, külli-Qarabağda, Naxçıvan və Arazboyu ərazilərdə (o taylı, bu taylı) əzilən xalqın ümid yeri olub.

Nəbi quldur yox, xalq qəhrəmanı olub. Onu sovet hökuməti və sistemi deyil, xalq yaddaşlarında yaşadıb.

Hələ 1912-15-ci illərdə Məşədi Məmmədin ifasında “Qaçaq Nəbi” mahnısı lentə alınıb, o cümlədən, Tiflisdə çıxan “Tatar Xalqının 40 melodiyası” valında da bu xalq mahnısı yer alıb.

İndi sadə sual yaranır:
Xalq hansı quldura, oğruya mahnı qoşub, onu yaddaşlarda yaşadıb?

Şəninə mahnı qoşulan, şeir yazılan, musiqi bəstələnən – həm də yüz illər yaddaşlarda yaşayan, ötəri bir bəstə olmayan – neçə qəhrəmanımız var ki?

Nəbini bu hərəkatda ən çox müşayət edən, onunla çiyin-çiyinə döyüşən xanımı Həcər olub.

Həcər də Nəbi kimi eyni dərəcədə ağız ədəbiyyatının qəhrəmanına çevrilib, bu gün də yaddaşlarda yaşayır, nümunə kimi gələcək nəsillərə göstərilir.

Nəbi və Həcər mifik qəhrəmanlar deyillər, onların doğum və ölüm tarixləri bəllidir.

Qəbirləri Qubadlı torpağındadır. (Qaçaq Nəbi 1854-1896, Həcər 1860-1914)

Həcər Nəbinin ölümündən bir neçə il sonra onun qohumu Həmzəyə ərə getmiş, başqa həyat yoldaşı olmamışdır.

Bunları qısaca ona görə yazdım ki, bilgilərimizi yeniləyim. Yazının məqsədi isə bu deyil.

Son dövrlər Şah İsmayıl kimi hökmdarımız, Cavanşir, Babək, Koroğlu, Nəbi kimi mifik və real qəhrəmanlarımız mübahisə və müzakirə predmetinə çevrilib. Olsun, hər kəs mübahisələndirilə, fəaliyyəti barədə fikir bildirilə, tədqiq oluna bilər. Lakin birinə faşist, birinə oğru, digərinə qarınqulu kimi təhqiramiz ifadələrlə qiymət vermək kimsəyə yaraşmaz.

Koroğlunun yeddi qazan aş, bir cöngə yeməyindəki bənzətmə və böyüdülmənin ədəbi və mifik çalarını görməyərək, onun real olduğunu dartışmaq və ya ordan qiymət vermək hansı məntiqə sığır?

Və ya dindəki məzhəbçiliyə görə Şah İsmayıla “faşist” demək nəyin ölçüsüdür?

Nəbini oğru və quldur kimi dəyərləndirmək, Həcər haqqında hədyanlar demək isə heç bir əndazəyə sığmır. Ən azı yaxın tarix, arxiv, sənədlər, tayfa, qohum və şahidlər var.

Nəbi və Həcər Azərbaycan tarixində Çar Rusiyasının müstəmləkə zülmünə qarşı yerli etirazçıların ilk qaranquşları olublar. Bu gün Rusiyanın işğalçılıq siyasətindən danışanların əlifbasının ilk hərfi Nəbi və Həcərdir.

Qeyrəti, mübarizəsi, yolu və mücadiləsi ilə Nəbi və Həcər Azərbaycanın xalq qəhrəmanlarıdır.

P.S. Əziz Qubadlılar, Nəbi və Həcər təkcə sizin deyil, Azərbaycanındır.
Hər birinizə sonsuz sevgilərlə…

İqbal Ağazadə

Şərh yaz