Bu gün “Beynəlxalq Qızlar Günü”dür – İLAHƏ SADIQOVA yazır

BMT Baş Assambleyasının 2011-ci ildə verdiyi təklifə əsasən, 2012-ci ildən etibarən hər il 11 oktyabr tarixi “Beynəlxalq Qızlar Günü” kimi qeyd olunur.

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.

Hazırda dünyada 1 milyarda qədər gənc yaşayır ki, onlardan da 600 milyonu yetkinlik yaşında olan qızlardır. Azərbaycanda son illərdə dünyaya gələn qızların sayı 47% təşkil edir. Təəssüflə qeyd edirəm ki, qloballaşan dünyada hələ də qadınlara qarşı diskriminasiya halları mövcuddur, qadınlara qarşı zorakılıq hələ də aktualdır.

Son illərdə ölkəmizdə də qadına qarşı zorakılıq halları durmadan artır və gündəmin əsas mövzularından birinə çevrilir.

Qadın yaradılışından qoruyucu funksiyanı həyata keçirir, qarşısındakı vəzifənin məsuliyyətlə, mükəmməl səviyyədə öhdəsindən gəlir. Lakin bu xüsusiyyətlərini nəzarə almadan patriarxal cəmiyyətdə qadınlar hər zaman dışlanır. Onlara yüksək vəzifələr tutmağa imkan yaradılmır. Əsasən də ailələri tərəfindən buna maneələr törədilir. Lakin cəmiyyət bir şeyin fərqində olmalıdır ki, yaradan belə ən məsuliyyətli işi – dünyaya insan gətirməyi qadına həvalə edibsə, digər sahələrdə onun qarşısını almaq yaradana qarşı getməkdir. Odur ki, dünyaya sizin üçün övlad gətirən, sizi dünyaya gətirən, sizə ata- ana deyən bu varlıqları solmağa qoymayın. Qadınlar bütün dünyaya qucaq açacaq iqtidardadılar. “Sənin gücün yetməz, mən səni cəmiyyətdən qoruyuram” kimi cümlələrlə onların qarşısını almayın. Zamanında onlara fürsət tanıyın ki, onlar da xalqına, millətinə xeyirli vətəndaş olsunlar. Unutmayın, nə qədər də etiraz etsəniz, cəmiyyətin tərbiyə edəni qadınlardır.

Bayramınız mübarək, dəyərli QIZLAR, – yaşından asılı olmayaraq qız övladı olan hər kəs!

Şərh yaz