Bizi bizə aparan yollar – RƏFAİL TAĞIZADƏ yazır…

İzi yох оlmuş yоllаrım,

Tük bаsmış üzüm kimidi…

Hamı Ağdamda keçirdiyim hissləri soruşur…

Varlıqla yoxluq arasında qalan, bir-biri ilə döyüşən, sonda barışan, sevincin ağrıya üstün gəldiyi hissləri…

Hisləri olduğu kimi ifadə etmək, çatdırmaq, anlatmaq olmur. Onları ancaq sükut yazır. Oxuyanın oxuya, görənin görə biləcəyi hissləri…

Ağdamı görəndə hisslərimi “Dövlət bəyin ölüsü də gözəldir” və “Bura Vətəndir!” ifadəsi cilovladı.

Qovuşmaq bütün olanları unutdurur. İnsansız, yox olan, darmadağın şəhər, kənd sənə torpaq şəklində görünür. Səni maqnit kimi özünə çəkən Vətən, yurd adlı torpaq…

Qucaqlayası adamların əvəzinə torpağı qucaqlayırsan. Səni yaradan və sonda özünə çəkən torpağı. Həsrəti qucaqlayan kimi…

1993-cü ilin 23 iyulundan sonra ilk dəfədir qürurluyam. Vətənə ayaq basanda vətən vətən olur. Özünə qayıdırsan, boy atıb özün boyda MƏN olursan. Hansı fəsildə olmağına baxmayaraq, cücərirsən, pöhrələnirsən, pərvazlanırsan. Uşaqlığına qayıtmış kimi…

Ağdamın əsas yolu sayılan (Uzundərədən keçən) – Dörd yol – Ağdam yolunda yeni yol çəkilişi getdiyindən, Ağdama Quzanlı-Hindarx-Evoğlu yolu ilə getməli olduq.

27 il əvvəl qazdığımız səngərlər, əsgərlər üçün qurduğum müşahidə məntəqələri uzaqdan görünür. Bu gün buraları sərbəst keçdiyimin sevinci o illərin ağrılarını mənə unutdurur.

Yolumuz Ağdamadır…

Yol boyu ermənilərin qurduğu postları, keçilməz saydıqları istehkamları adladıqca, nələr qazandığımızı özüm-özümə sadalayıram.

Qarşıda tək-tük, uçuq-sökük orientirlər görünür.
Professor Valeh Baxşəliyevin gözləri düzlənmiş səhrada doğma Mərzili kəndini axtarır. Professorun danışan baxışlarını avtobusun pəncərəsi yaddaşına köçürür.

Hamı gözünü yola dikib, susur.
Daşı daş üstə qalmayan, sonuncu dəfə ermənilərin keçdiyi Ağdama girəndə “bura Ağdamın harasıdır?” sualları avtobusun pəncərəsindən şüa kimi keçib ərazini dolaşır.

Uzaqdan Ağdamın Qərargahı görünür.
Qərargahda media mənsubları ilə birlikdə prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bizi qarşıladı. Özü və əməkdaşları görülən işlər və layihə haqqında məlumat verdilər.

Yolumuz İmarətədir.
Yolunu ancaq maşın izləri tanıdan Ağdamın məşhur İmarətinə. Salamat qalanlara təəccüb edərək, sevinirik. Natəvanın qəbrinin sökülüb, qarət olunduğunu görəndə isə hərə ermənilərə nifrətini bildiyi formada çatdırır.

Uçuq-sökük evlərin yarımçıq divar qalıqlarından ağdamlılar evlərini, küçələrini axtarır. Bir nəfərin yanındakıların köməyi ilə öz evlərini təxmin etdiyini eşidirik.

Bircə Çörək muzeyinin tək divarında yarımçıq qalan mozaika o vaxtlardakı kimidir…

Yoxluğun içində var olan şəhərimdə təkcə ruhlar diridir. Bizi sevindirən, bizə həmdəm olan ruhlar.

Ağdama uşaqlığımızın, gəncliyimizin və valideynlərimizin gözləri ilə baxırıq.
“Hə”, “Yox”lar biri-birinə qarışır…

Artıq bizə nəyisə xatırladacaq heç nə yoxdur. Qalanlar olanları xatırladacaq yaddaşlara hopan xatirələrdir…

Əsas, var olan Torpaqdır. Bizi sevindirən, Ağdamımıza bağlayan torpaq – vətən, yurd yeri. Erməninin keçdiyi yerdə nə evin, nə ağacın, hətta qəbirlərin belə qalmayacağını bildiyimizdən torpağa sığınmaq qalır bizə. Müqəddəs torpağa. Və bir də ağdamlıların qurub-yaratmaq eşqinə.

Ağdam Dram teatrının çılpaq arkaları səhrada quraşdırılan səhnəyə bənzəyir. Önündə şəkil çəkdirmək istəyənlər tamaşa qurtarandan sonra tamaşaçıların qarşısına çıxıb baş əyən rejissorları, aktyorları xatırladır.

Dramaturq Əli Əmirlinin “Atamın teatrı” deyib can atdığı səhnənin qarşısında yazıçı Mustafa Çəmənli ilə üçlükdə obyektivin qarşısında baş əyirik. Ağdamın bu mərkəzi hissəsində bütün dünyadan köçən, şəhid olan ağdamlıların ruhları qarşısında baş əyirmiş kimi.

Sökük maketi xatırladan mehmanxana yanı üstə çöküb. Bu vaxtilə orada qalanların xatirələrinin uçmasına oxşayır.

Hafizin yaddaşlara hopan azan səsi bizi Ağdam məscidinə səsləyir.
Ağdam məscidi deyəndə son yaddaş çözələnir. Adamın gözü önündə Ağdam və Xocalı şəhidlərinin yuyulub dəfnə göndərilməsi səhnəsi, ah-nalə canlanır…
İndi gördüklərimizsə, sonralar məsciddə qalan ermənilərin bu günə saldıqları səhnədir…
Əl gəzdirilən məsciddə namazlar qılındı, dualar oxundu. “Amin” sədalarıyla xeyli rahatlandıq.

Jurnalistlər ilk təəssüratlarımızı, hisslərimi lentə alırdı. İctimai TV-nin müxbirinə “sizə müsahibəni Şahbulaqda verərəm. O yol məni uşaqlığıma qaytarır, oradan kəndimizə lap yaxındır. Kəndimin havasını ala-ala hisslərimi bölüşərəm, o fərqli olacaq…” dedim. Əvvəl razılaşdı, sonra müxbirin “biz buradan qayıdırıq, burada alaq müsahibəni” fikri ilə razılaşmalı oldum.

Yarı düzlənmiş Ağdamın yoxlanılan küçələri ilə avtobusumuz Qiyaslıya tərəf yol alır. Qiyaslı məscidinə baxmalıyıq. Məscid qəzalı olduğundan içəri girməyə icazə verilmir. Hörmətli professorlardan biri Qiyaslıdakı evlərinin səmtini təyin etməyə çalışır…

Nəhayət, son gedəcəyimiz yer, Şahbulaq qalası.

Məni özümə, uşaqlığıma, gəncliyimə, kəndimə aparan Yol!
Özümüz kimi yolumuz da köhnəlib. Bu illər ərzində biz Ağdam həsrətli doğmalarımızı itirdiyimiz kimi, həsrət qaldığımız yollar da izimizi itirib.

Şahbulaqdan çox da uzaqda olmayan, tarixdə məhşur hadisələrdən sayılan 488-ci il 13 maydakı Aluen yığıncağının keçirildiyi Aluen, Aquen, 1357-ci ildən Ağdam şəhəri adlanan, Govurqala dediyimiz məkanın yerləşdiyi doğma Boyəhmədlimin – Sofulumun havasını duyuram. Qaraman dağının mehi üzümə sığal çəkir.
Bir az irəlidə bu yolun sağında Yedditəpə, Qarabağ düzünün gözəli sayılan kurqanlar cərgəyə düzülüb gələcəyimiz günü gözləyir.

Şahbulaqda səmada qatarlanan quşların səsi bizi ovsunlayır. İlahi, bu nə qatar, nə qıydı? Yəqin gəlişimizi bilib ağdamlıların şirin, doğma ləhcəsiylə “Xoş gəldiniz!” söyləyir. Hamı bu möhtəşəm səhnəni telefonunun yaddaşına köçürür.

Dağ döşü, təmiz, qupquru hava. Nəmişlikdən yığılan ciyərimiz bu xoş havanı qəbul edib sevinir. Koronanın tüğyan etdiyi vaxtda ciyərimiz uşaq ciyərinə dönüb.
Qəriblərin bütün xəstəliklərinin dərmanı vətəndir, yurd yeridir.
Hamı o günlərə qayıdaraq, uşaqlaşır. Xoş, doğma hava adamın ovqatını təzələyir. Tamam başqa olursan. O illərdəki kimi…

Ağdama yola düşəcəyimi eşidən dostum da axşam mənə yollardan yazdı:
“Yolları heç sevmirəm. Uzaq, yaxın, dolayı, düz yolları.
Amma bu dəfə getdiyin yol başqadır. Bu adi yol deyil. Bu həsrətləri qovuşduran yoldur…
Bu yol yurdadır, elədir, obayadır…
Arxanca atdığım suya bir neçə damcı göz yaşım da qatılacaq…
Bilmirəm niyə kövrəlirəm.
Allahım, bu yolu təhlükəsiz, açıq et!”

Bizi mehribanlıqla qarşılayan, hamımızın ağdamlı saydığımız Emin Hüseynov söhbət əsnasında Ağdamda yaradılacaq canlı muzey və başqa görüləcək işlərlə bağlı məlumat verdi.
Professorlar İxtiyar Bəxtiyarlı, Asif Məmmədov, Valeh Baxşəliyev, Elçin İsgəndərzadə, yazıçı Mustafa Çəmənli, şair Zakir Fəxri, dramaturq Əli Əmirli, bəndəniz, alimimiz Habi Aslanov, Namiq Kərimov və bütün dəyərli ağdamlılar Ağdamın keçmişindən danışdı, gələcəyi ilə bağlı fikir və təkliflərini bölüşdü.

Biz gələndə hava qaralırdı. Bu, Ağdamın, Qarabağın havasının qaralması deyildi, bu axşamın düşməsi idi. Amma nədənsə, kövrəlirdim, darıxırdım. Bu, bəlkə də qeyri-ixtiyari bir qorxu hissi idi. İtirmək qorxusu. Yenicə tapdığını yenidən…
Şahbulaqda torpağın üstündə uzanıb yatmaq, illərin ağrısını çıxarmaq, səhər bu müqəddəs torpaqda yenidən doğulmaq istədim. Saf, tərtəmiz…, olanları yaşamamış kimi.

Evdəkilərlə, doğmalarla sağollaşan kimi darıxan yollara mütləq gələcəyik deyib avtobusa minirik. Yadıma o illərin Ağdam-Bakı qatarına çatmaq düşür. Axşamlar adətən Dəmiryol vağzalına tələsərdik. Vağzal Ağdam bazarının gecə görüntüsüydü. Səsli-küylü…

Artıq Ağdamda sürətlə tikinti, quraşdırma işləri gedir. Yollar tikilir, elektrik enerjisi, su xətləri çəkilir. Sevgiylə, məsuliyyətlə görülən işlər seviləndir.

Qarşıdan 27 sentyabr, 10 və 20 noyabr gəlir. Bizi özümüzə, Ağdamımıza qaytaran günlərin il dönümü! Zəfər günü! Şərəf günü! Qürur günü!

Qismətimizdə bu yolu getmək, bu günü görmək də varmış. Bu dəfə bir günlük, sonra yəqin ki, həmişəlik.

Ağdamı görmək bizi özümüzə qaytardı. Qürurlandırdı. Məğlub vətəndaş adından xilas etdi. Yenidən AĞDAMLI olduq. Həyatımızın ən xoşbəxt gününü yaşadıq. Üzümüzə qonan sevinc ağrıları yox etdi, qırışları təmizləndi. Hamı uşaqlaşdı, cavanlaşdı. Özü oldu. Əslində, yaşamaq budur. Xoşbəxtlik onsuz da andı.

Ağdamlıların Ağdam ziyarəti yaşamadıqları illəri unutduracaq xoşbəxtlik səfəri idi. Olanına qovuşmaq, sahib çıxmaq, sahiblənmək qədər həyatda gözəl heç nə yoxdur. Bu var olub yaşamaqdı.

Sənə həmişəlik qayıdana kimi, bizi biz edən, qürurumuzu özümüzə qaytaran, bizə ağdamlılığı yaşadan, AĞDAMIM!

Rəfail Tağızadə
05.09.2021

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009