Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev 28 mart 2022-ci ildə Əvəz Zeynallının təqdimatında Xural Tv-də canlı efir qonağı olub.
“Qarabağda nə baş verir – Fərrux yüksəkliyi kimdədir?!”,- mövzusu ətrafında baş tutub.
Taleh Əliyev bir müddət öncə Qarabağ bölgəsində yaranan hərəkətlənmədən və bunun yarada biləcəyi təhlükələrdən danışıb. O, 10 noyabr bəyanatından, Ermənistanın, həmçinin Rusiyanın həmin bəyanatdan irəli gələn öhdəliyi pozmasından, Qarabağda sülhməramlı olaraq yerləşdirilən Rusiya qoşunlarının erməni separatçıların çıxarılmasını təmin etməməsindən də söz açıb.
Ümid rəsmisinin sözlərinə görə, əksinə, müharibə bitdikdən sonra “qayıdış” adı ilə vətəndaşlığı məlum olmayan ermənilər Rusiya tərəfindən Qarabağa yerləşdirilib ki, bu da yeni təhlükələr deməkdir.
Taleh Əliyevin sözlərinə görə, Azərbaycan hələ də Laçın koridorundan istifadə edə bilmir, oradan nələrin, kimlərin keçirildiyinə nəzarət etmək imkanında deyil və bu problem tezliklə aradan qaldırılmalıdır.
O, qeyd edib ki, hazırda Qarabağda hər hansı hərbi əməliyyatın aparılması məqsədəuyğun deyil. Yəni Rusiyanın təhriki ilə Azərbaycanın torpaqlarının işğldan azad olunmasının arxasında hansısa gözəgörünməz proseslər dayana bilər. Azərbaycan tərəfi hər hansı təxribatın müqabilində qarşı tərəfin, daha çox da Rusiyanın bu proseslərdən daha uduşlu çıxması üçün imkanlar tanımamalıdır.
Ümid Partiyası İcra Aparatının rəhbəri dünyanın ikili yanaşmasından, ikili standartlardan da danışıb və bildirib ki, dünya dövlətləri Ukraynadakı rus qoşunlarını işğalçı, Qarabağda olanları isə sülhməramlı hesab edir ki, bu da yanlış düşüncə və yanaşmadır: “Onlar faşist Putinin Qafqazdakı ordusunu sülhməramlı kimi görürlər”.
Onun fikrincə, hazırkı məqamda Qarabağ məsələsində Rusiya ilə dil tapmağa gərək yoxdur, prosesləri gözləmək, Ukraynadakı müharibə dövründə Qarabağdakı sakitliyi qorumaq lazımdır: “Yeni bir dünya düzəni var, burada sakit dayanmaq lazımdır”.
Taleh Əliyev həmçinin Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın işğalçılıq və faşizm siyasətindən, öldürülən dinc insanlardan, şəhərlərin dağıdılmasından və Ukraynaya verilən dəstəkdən danışıb. O, Rusiyanın durdurmağın yollarından söz açıb və məğlubiyyətinin gecikməyəcəyindən də əminliyini ifadə edib.
Onun sözlərinə görə, dünyanın yenidən şəkillənməsi gözlənilir, bu proses gedir və Ukraynadakı müharibənin demokratiya ilə diktaturanın döyüş poliqonu adlandırılması dünyanın çox həssas və gərgin mərhələyə qədəm qoymasından xəbər verir.
Sözügedən efiri izləyicilərə təqdim edirik: