Birləşmək üçün yeni konsepsiyaya ehtiyac var – TALEH ƏLİYEV

“Azərbaycan diasporunun vahid güc mərkəzi kimi formalaşması üçün Azərbaycan dövləti, xüsusilə də Diasporla İş üzrə Dövlət Komitəsinin məqsədli və ardıcıl fəaliyyəti olmalıdır. Bu fəaliyyətin içərisində kənarda yaşayan soydaşlarımızın övladlarının Azərbaycanın ali məktəblərində təhsil almalarına pulsuz şərait yaradılmalıdır”.
Bu sözləri Diaspora.TV-yə Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev deyib.
O, bunun üçün xüsusi Dövlət Proqramının qəbul olunmasının vacibliyini qeyd edib:
“Onların yaşadıqları ərazilərdə Azərbaycan Xarici İşlər Nazirliyinin xətti ilə baş konsulluq, fəxri konsulluq xidmətləri yaradılmalıdır. Eyni zamanda xaricdə yaşayan iş adamları olan azərbaycanlıların Azərbaycanla iqtisadi əməkdaşlığı təşviq edilməlidir. Bununla yanaşı, azərbaycanlıların vahid bir milli ideologiya ətrafında birləşməsi üçün yeni bir konsepsiyaya ehtiyac var”.
Taleh Əliyev bildirib ki, həm Güney azərbaycanlıların, həm də İraq, Əfqanıstan, Pakistandan olan soydaşlarımızın Azərbaycanın diaspor hərəkatında yaxından iştirak edə bilməməsinin başlıca səbəblərindən biri də diasporun tam təşkilatlanmış vəziyyətdə olmamasıdır:
“Qeyd etdiyim regionlardan olan soydaşlarımız, xüsusən də İraq, Əfqanıstan və Pakistan ərazisində yaşayanlar özlərini yeni kimliklə fərqli bir toplumun nümayəndələri kimi aparırlar. Azərbaycan müstəqillik qazanandan sonra, 1990-2000-ci ildə ölkəni müxtəlif səbəblərdən tərk edən, Avropa, Amerika və dünyanın bir sıra regionlarına siyasi səbəblərdən üz tutan soydaşlarımız var. Həmin insanlar bu gün Azərbaycan diaspor hərəkatının vahid bir güc kimi formalaşması qarşısında ciddi maneədir. Çünki insanların siyasi dünyagörüşündən tutmuş sosial statusuna, hadisə və proseslərə yanaşmasına qədər fərqli bir ortam mövcuddur. Məsələnin subyektiv tərəfinə gəldikdə isə burada mən hesab edirəm ki, Azərbaycan Respublikasının diasporu ilə bağlı uzun illərə söykənən bir dövlət komitəsi mövcuddur. Xaricdə yaşayan həmvətənlərlə müxtəlif proqramlar həyata keçirilir. Bunun gözlənilən qədər effektli olmamasının bir səbəbi də son dövrlər Azərbaycandan köçüb xaricə üz tutan insanlarımızın həmin ölkələrdə vətəndaşlıq ala bilməməsidir”.
Mərkəzi Aparatın rəhbəri Taleh Əliyev Azərbaycan diasporunun vahid gücə çevrilməsinin həm obyektiv, həm də subyektiv problemlərinin mövcud olduğunu xatırladıb:
“Obyektiv səbəb kimi ilk növbədə Azərbaycan xalqının tarixi torpaqlarının bir deyil, bir neçə yerə parçalanmasını qeyd edə bilərik”.
Jalə
Diaspora.TV
Şərh yaz