Bakının məşhur dostu istefa verir – Yeni vəzifə iddiası var – TAMİLLA QULAMİ şərh edir

Bakının məşhur dostu istefa verir – Yeni vəzifə iddiası var – Tamilla Qulami şərh edir

Serbiya Prezidenti Aleksandr Vuçiç 27 sentyabrda istefa verəcəyini açıqlayıb.

O, 9 sentyabrda Milli Assambleyanın (birpalatalı parlament) buraxılması və 25 oktyabra növbədənkənar seçkilərin təyin edilməsi barədə qərarları təsdiqləyib. Vuçiç daha sonra sentyabrın 25 və ya 26-da istefa verəcəyini və növbədənkənar parlament seçkilərinə adi vətəndaş kimi hazırlaşacağını söyləyib.

Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami deyib ki, Aleksandr Vuçiçin prezident vəzifəsindən istefa vermək qərarı ölkədə uzun müddətdir davam edən siyasi gərginliyin fonunda baş verir:

“Xüsusilə 1 noyabr 2024-cü ildə Novi Sad şəhərində dəmiryol vağzalının dam örtüyünün uçması nəticəsində 15-dən çox insan ölümü ilə nəticələnən faciədən sonra başlayan tələbə etirazları və antikorrupsiya aksiyaları hakimiyyət üzərində ciddi ictimai təzyiq yaradıb. Lakin Vuçiçin istefası təkcə siyasi məğlubiyyət deyil. Belə ki, Vuçiçin siyasi proseslərdən kənarda qalmamaq və baş nazir postu uğrunda mübarizə aparmaq niyyəti onun hakimiyyətdən tamamilə uzaqlaşmadığını göstərir.

Burada əsas məsələ Vuçiçin vəzifəsini dəyişməsi deyil, Serbiyanın siyasi kursunun dəyişib-dəyişməyəcəyidir. Vuçiç uzun illər ərzində ölkənin həm daxili, həm də xarici siyasətində əsas fiqur olub. Onun hakimiyyəti dövründə Serbiya bir tərəfdən Avropa İttifaqı ilə inteqrasiya prosesini davam etdirib, digər tərəfdən Rusiya və Çinlə münasibətləri qoruyub, eyni zamanda Azərbaycan və Türkiyə kimi ölkələrlə əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etdirib. Bu baxımdan Vuçiçin siyasi xətti çoxşaxəli xarici siyasət üzərində qurulub.

Azərbaycan–Serbiya münasibətlərinə gəldikdə isə, Vuçiçin prezident postundan getməsi qısa müddətdə müəyyən qeyri-müəyyənlik yarada bilər. Çünki son illərdə Bakı ilə Belqrad arasında münasibətlərin inkişafında liderlərarası siyasi dialoqun xüsusi rolu olub. Enerji, investisiya, nəqliyyat, müdafiə sənayesi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu münasibətlərin mühüm istiqamətlərini təşkil edir.

Lakin Azərbaycan–Serbiya əlaqələrini yalnız Vuçiçin şəxsi münasibətləri ilə də dəyərləndirməzdim. Çünk bizim münasibətlərimiz artıq müəyyən institusional və iqtisadi baza qazanıb. Buna görə də Vuçiçin prezidentlikdən getməsi avtomatik olaraq, Bakı–Belqrad münasibətlərinin pisləşməsi demək deyil. Əgər o, baş nazir kimi Serbiyanın siyasi sistemində əsas təsir imkanlarını qoruyarsa, indiki xarici siyasət kursunun böyük ölçüdə davam etdirilməsi ehtimalı yüksəkdir”.

Siyasətçi xanım bildirib ki, əsas risk Serbiyada hakimiyyətin tamamilə dəyişməsi halında ortaya çıxa bilər:

“Yeni siyasi qüvvələrin Avropa İttifaqına inteqrasiyanı daha sürətləndirmək, Qərblə münasibətləri prioritetə çevirmək və xarici siyasətdə müəyyən korrektələr aparmaq istəyi mümkündür.

Əgər Vuçiç siyasi sistem daxilində əsas aktor olaraq qalacaqsa, Azərbaycan–Serbiya münasibətlərində ciddi dəyişiklik gözləmək üçün əsas azdır. Yox, əgər müxalifət və etiraz hərəkatları nəticəsində Serbiyada real hakimiyyət dəyişikliyi baş verərsə, müəyyən müddət ərzində münasibətlərdə yeni siyasi prioritetlərin formalaşması mümkündür.

Qeyd edim ki, Vuçiçin istefası Azərbaycan üçün birbaşa təhlükə deyil, daha çox Serbiyanın gələcək siyasi kursu baxımından izlənilməli prosesdir. Bakı üçün əsas məsələ konkret bir liderdən asılı münasibətlər deyil, Serbiya ilə formalaşmış strateji və iqtisadi əməkdaşlığın institusional əsaslarının qorunmasıdır”.

Turan Rzayev
Globalinfo.az

https://globalinfo.az/bakinin-meshur-dostu-istefa-verir-yeni-vezife-iddiasi-var/

Şərh yaz