Azərbaycanı istəməyən qüvvələr hər fürsətdə dövlətin imicinə zərbə vurmaqla məşğuldurlar – İLAHƏ SADIQOVA

Ümid Partiyasının sosial sahə üzrə sədr müavini İlahə Sadıqova 29 mart 2022-ci ildə Rusif Məmmədsoyun təqdimatında Reaksiya Tv-də canlı efir qonağı olub. 

Veriliş “Mixayıl Delyagin Azərbaycana gətiriləcəkmi?” sualı ətrafında baş tutub.

İlahə Sadıqova Qarabağda son həftələr baş verən hərəkətlənmədən, ermənilərin təxribat cəhdlərindən, Rusiya qoşunlarının Qarabağdakı qanunsuz hərəkətlərindən danışıb və buna ertiraz edib.

Onun sözlərinə görə, hökumət bu addımlara qarşı adekvat cavab verməlidir və işğaldan azad olunmuş ərazilərimizdəki vəziyyəti nəzarət altına almalıdır. Bununla belə, o, hazırkı dönəmdə bölgədə separatçılara qarşı hərbi əməliyyatların keçirilməsini yanlış hesab edib və bunun bizim üçün mənfi fəsadları ola biləcəyinə diqqət çəkib.

Ümid sədrinin müavini Rusiya rəsmilərinin Azərbaycanı təhdid etməsi faktlarından da danışıb və hökumətin buna cavab verməli olduğunu vurğulayıb.

Rusiya-Ukrayna müharibəsindən danışan İlahə Sadıqova ölkədə Rusiyanı dəstəkləyənlərin arasında təkcə sıravi vətəndaşların olmadığına da diqqət çəkib və bu dəstəkdən narahatlığını ifadə edib. O, bununla hökumətin ciddi şəkildə məşğul olmalı olduğunu da söyləyib. İlahə Sadıqova Milli Məclisin sədri Sahibə Qafarovanın rəsmi çıxışında “Azərbaycan SSR” ifadəsini işlətməsinin texniki səhv olmadığını vurğulayıb və dövlət səviyyəsində bu kimi halların qarşısının alınmasının vacibliyini dilə gətirib. O, bu addımın ciddi şəkildə araşdırılmalı olduğunu qeyd edib.

Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin detallarından danışan İlahə Sadıqova gözləntilərini də bölüşüb. O, bu müharibənin nizamlanmasında Türkiyənin cəhdlərindən də danışıb və bunu yüksək qiymətləndirib.

Ölkədəki sosial problemlərə toxunan Ümid rəsmisi problemlərin nizamlanması istiqamətində Ümid Partiyasının təkliflərini də səsləndirib. Əlillərin, müharibə iştirakçılarının, qazilərin fərqli problemlərini sadalayan İlahə Sadıqova onlara qayğı istiqamətində təklif və tövsiyyələrini diqqətə çatdırıb. Eyni zamanda, ölkədə bu istiqamətdə keçirilməli olan istlahatlardan da verilişdə danışılıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz