Azərbaycanda ümumvətəndaş haqları tapdanır, amma bu, milli ayrıseçkilik fonunda deyil – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 22 mart 2022-ci il Zaur Qəriboğlunun təqdimatında Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Generallar görüşdü. Xankəndi əməliyyatı an məsələsi…” mövzusu ətrafında baş tutub.

İqbal Ağazadə Ukraynaya Rusiyanın  həftələrdir davam edən təcavüzündən, hərbi əməliyyatların uzanmasının səbəblərindən, Ukraynaya verilən dəstəkdən danışıb.

O, Ukraynanı dəstəkləməyin vacibliyindən də söz açıb. İqbal Ağazadə bildirib ki, bu gün ölkədə Ukraynanı dəstəkləyənlər, Ukraynanın yanında olanlar Azərbaycan dövlətinin gələcəyini düşünənlərdir, Azərbaycan dövlətinin gələcəyini yaxşı görmək istəyənlərdir. Rusiyanın mövqeyini müdafiə edənlər isə Azərbaycanı gələcəkdə də kölə, istismara məruz qalan, ərazisində, torpaqlarında müharibə gedən bir vəziyyətdə görmək istəyənlərdir.

“Biz Ukraynaın yanında həm də ona görəyik ki, öz gələcəyimizdən narahatıq, həm də Ukrayna haqlıdır. Ukrayna təcavüzə, istismara məruz qalan tərəfdir, əzilən tərəfdir, biz onun yanındayıq. Rusiyanı nə haqla və niyə müdafiə etməliyik?”,- deyə o, vurğulayıb.

Ümid sədri Azərbaycanda insan haqlarından da danışıb və bildirib ki, ölkədə insanların haqqı tapdalanır, amma bu, milli-etnik zəmində deyil: “Azərbaycanda ümumvətəndaş haqları tapdanır, amma bu, milli ayrıseçkilik fonunda deyil”.

Dövlət başçısının adından müxalifət partiyaları sədrlərinin bayramlarda təbrik edilməsi ilə bağlı sualı cavablandıran Ümid sədri bildirib ki, bu ənənə, protokol norması bir neçə müddətdir ki, var. Bayramlarda administrasiyanın müfaviq şöbəsi siyasi partiyalara zəng edib onların bayramlarını təbrik edirlər: “Biz də qarşılıq veririk. Biz barış, dialoq siyasəti deyəndə uzun ilər buna çalışırdıq”. O, həmçinin vurğulayıb ki, daxildə dil tapıb, ortaq nöqtələr tapıb irəlilədikcə, milli problem hesab etdiyimiz məsələ də kiçiləcək.

İqbal Ağazadənin fikrincə, regionda Rusiyanın mövqeləri olduqca təhlükəli bir vəziyyətə gəlib çıxıb. Rusiyanın hərbi siyasi rəhbərliyi hərbi cinayətdə ittiham olunur və görünən bu ki, Rusiya sürətlə məğlubiyyətə doğru gedir.

O, Ukraynadan və Rusiyadan Azərbaycana qayıtmaq istəyən azərbaycanlıların problemlərindən də danışıb və onlara dövlətin sahib çıxmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti bu məsələdə məsuliyyəti üstünə götürməlidir və vətəndaşlarının ölkəyə gətirilməsini təmin etməlidir.

Ümid sədri Qarabağdakı hərəkətlənməyə də münasibət bildirib ki, orada hazırda antiterror əməliyyatlarının keçirilməsinin uyğun zaman olmadığını vurğulayıb. Onun sözlərinə görə, hazırda region, dünya olduqca həssas bir məqam ərəfəsindədir. Nə Rusiyanın, nə ermənilərin təxribatına getmək olmaz. Bu dövrü sakitliklə başa vurmaq lazımdır. Bu dövrdə artıq bir hərəkət bizim də qədərimizi fərqli bir istiqamətə yönəldər. Bu dövrdə biz təmkinlə, səbrlə prosesləri atlatmalıyıq. Amma Qarabağda məskunlaşmanı sürətli həyata keçirmək lazımdır.

Partiya sədrinin fikrincə, Rusiya regiondan gedəcək, başqa yolu yoxdur. Bu səbəblərdən Ümid sədri hazırda Qarabağ bölgəsində heç bir əməliyyat gözləmir və arzu etmir. “Azərbaycan iqtidarına səslənirəm ki, qətiyyən olmaz, təxribata uymayın. Qazandıqlarımızı əlimizdən almağın yolunu arayırlar, bu da o əməliyyatlardan biridir”.

İqbal Ağazadə Novruz bayramı ərəfəsində baş tutan verilişdə bu bayramın tarixindən, keçmişindən və türklərin milli bayramı olmasından da danışıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz