Azərbaycan və ABŞ hərbi-texniki sahədə əməkdaşlığı möhkəmləndirəcək – TALEH ƏLİYEV şərh edir…

Azərbaycan və ABŞ hərbi-texniki sahədə əməkdaşlığı möhkəmləndirəcək – Taleh Aliyev şərh edir…
ABŞ Azərbaycanla müdafiə və hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Mövzu ilə bağlı “İnformator.az“a açıqlamasında Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev bildirib ki, Azərbaycan və ABŞ hərbi-texniki əməkdaşlığı yeni bir məsələ deyil:
“Əslində Azərbaycan beynəlxalq sülhməramlı qüvvələri tərkibində, o cümlədən, NATO tərəfdaşlıq proqramı çərçivəsində ABŞ Və NATO standartları istiqamətlərində Azərbaycan Ordusunun formalaşması və inkişafı sahəsində xeyli işlər görülüb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş hazırlığı və mənəvi-psixoloji ruh yüksəkliyində məhz Azərbaycan Ordusunun Qərb standartlarını, xüsusilə də, Türkiyə Silahlı Qüvvələri ilə daha yaxından əməkdaşlıq etməsi fonunda belə bir ildırımsürətli əməliyyatlar sayəsində Azərbaycan Ordusu tarixi zəfərə imza atan olub. Bakıda imzalanan ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasından irəli gələn hərbi-texniki və müdafiə sahəsində əməkdaşlıq bir daha Azərbaycanın uzun illərdir formalaşan strategiyasının davamlı olmasının göstəricisidir. Bu baxımdan, imzalanan sənəd dövlət başçısı cənab İlham Əliyevin də dediyi kimi Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməsi daha doğrudur. Şübhəsiz, Cənubi Qafqazda sülhə təkan verəcək bir sənəd imzalanıb Bakı şəhərində. Bunun bu cür qiymətləndirilməsinin bir özəlliyi də ondan ibarətdir ki, həm Bakıda, həm də bir gün öncə İrəvanda imzalanan sənədlər 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan 3 tərəfli əməkdaşlığın məntiqi davamı idi. Və burada, şübhəsiz ki, həmin görüşdə əldə olunan razılaşmaya əsasən regionun vacib yeni layihəsi olan TRIPP layihəsinin də əhəmiyyətini yaddan çıxarmaq olmaz. İmzalanan sənədlər, xüsusən də, Xartiya Azərbaycan Ordusunun və bütövlükdə Azərbaycanın və Cənubi Qafqazın Qərbə əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər”.
Şərh yaz