Cəmiyyətin ictimai təhlükəsizliyini və sağlam yaşayışını təmin etmək dövlət qarşısında duran ən vacib məsələdir. Təsirli və keyfiyyətli səhiyyə sistemi bir cəmiyyət üçün təməl prinsipidir.
Azərbaycan Ümid Partiyası yeni dövr üçün partiyalar qarşısında duran vəzifələr barədə danışmışdı. Proqram partiyasına çevrilməsək, seçici ilə ünsiyyət qurub onu inandıra bilməyəcəyimizi xüsusi qeyd etmişdik. İndi daha çox vətəndaşın problemləri və onun həlli yollarını göstərən siyasi institut rəqabətə davam gətirə biləcək.
Ümid Partiyası olaraq, proqramımızdan çıxarışlarla seçicimizi tanış edirik. İstəyirik ki, vətəndaşlar, özəlliklə sosial şəbəkə istifadəçiləri müxtəlif sahələr üzrə Ümid Partiyasının təklifləri və etmək istədikləri ilə tanış olsun.
Sabah seçki qutusuna gedərkən səs verəcəyi namizədin və komandasının nə edəcəyi ilə əvvəlcədən tanış olsun, hakimiyyət iddiasında olanların proqramını oxusun, rəyini ona görə formalaşdırsın.
Bundan əvvəl “Təhsil” və “Konstitusiya” islahatları, o cümlədən Seçki Məcəlləsinə əlavə və dəyişikliklər ilə bağlı mövqeyimizi dərc etmişdik.
Bu gün “Səhiyyə və sağlamlıq” proqramımızın tezisləri ilə sizi tanış edəcəyik.
Bizim üçün vətəndaşın sağlamlığı və təhsili dövlətin gələcək gücünü göstərən ən vacib şərtdir. Sağlam və təhsilli olmayan vətəndaş gələcək qura bilməz.
Azərbaycan vətəndaşlarının sağlamlığını qorumaq və cəmiyyətin təhlükəsizliyini təmin etmək üçün üçpilləli sağlamlıq xidmətlərini həyata keçirəcəyik.
Birinci pillə:
Qeyd: Azərbaycanda əksər vətəndaşlar əsasən xəstəliyin son mərhələsində həkimə müraciət edir. Bu da bir sıra xəstəliklərin, özəlliklə kardioloji, onkoloji və virus daşıyıcısı olan sahələrin müalicəsini çətinləşdirir, yaxud mümkünsüz edir.
- sağlamlığın sistemli və davamlı təşkili üçün ailə həkimləri institutu yaradılacaq, hər bir ailənin və fərdlərinin sağlamlığı üçün həkim təhkim olunacaq (sahə həkimləri);
- hər bir şəxsin ərazi poliklinikaları üzrə şəxsi qeydiyyat vərəqələri yaradılacaq;
- ailə həkimləri hər bir fərdin sağlam həyat sürməsi üçün vətəndaşın şəxsi uçot vərəqəsinə onun sağlamlığı barədə aylıq məlumat daxil edəcək, xəstəliklərin vaxtında müəyyən olunması və dərinləşməməsi üçün təşviqedici və yönləndirici funksiyanı həyata keçirəcək, xəstəliyin risklərini azaldacaq, ailə planlamasına yardım edəcək, xəstələrin aidiyyəti üzrə və vaxtında yönləndirilməsini və müalicəsini təmin edəcək.
İkinci pillə:
- dövlət hər bir vətəndaşı tibbi sığorta kartları ilə təmin edəcək;
- ailə həkimi tərəfindən yönləndirilən xəstələr məcburi tibbi sığorta kartları vasitəsilə (yəni pulsuz) bütün xəstəxanalarda (özəl və dövlət) müalicə, müayinə və əməliyyat imkanları əldə edəcəklər;
- tibbi sığorta kartları hər bir vətəndaşa ildə iki dəfə ümumi müayinədən keçməyə, laborator analizlər verməyə imkan verəcək. Bu da xəstəliklərin aşkar olunmasına kömək edəcək və irəliləməsinə mane olan əsas faktora çevriləcək. Ailə həkimləri mərkəzləşdirilmiş informasiya siyasəti nəticəsində pasientin (xəstənin) nəzarətini həyata keçirəcək;
- vətəndaşların ildə iki dəfə tibbi müayinədən keçirilməsinə ailə həkimləri vasitəsilə nəzarət ediləcək.
Üçüncü pillə:
- əməliyyatlar tibbi sığorta kartları vasitəsilə həyata keçiriləcək, heç bir pasient əməliyyat üçün əlavə vəsait ödəmək kimi şərtlərlə üz- üzə qalmayacaq;
- ağır əməliyyatlar (orqan köçürülməsi və s.) dövlətin xüsusi nəzarətində olacaq, vətəndaşın sağlamlıq riskləri ailə həkimləri vasitəsilə əvvəlcədən müəyyənləşdiriləcək, qeydə alınacaq, bunun üçün mərkəzləşdirilmiş donor bankı yaradılacaq;
- tibbi sığorta kartları bütün dövlət və özəl xəstəxanalar üçün keçərli olacaq, özəl xəstəxanalarda pasientin müayinə və müalicəsində maneələr aradan qaldırılacaq.
Xüsusi kateqoriyalı xəstələrlə bağlı:
- sağlamlıq xidmətinə cavabdeh orqan xüsusi kateqoriyalı xəstələrin (xərçəng, diabet, talassemiya, vərəm, autizm, daun, virus daşıcıları və s.) dövlət qeydiyyatını təşkil edəcək;
- bunun üçün xəstələrin ailə həkimləri vasitəsilə istiqamətləndirilməsi, xüsusi profilli xəstəxanalarda müalicəsi təşkil ediləcək;
- dövlət bu xəstələrə nəzarəti, pulsuz müayinə və müalicəsini öz üzərinə götürəcək;
- narkomaniyaya qarşı mübarizə çərçivəsində xüsusi qanun layihəsi hazırlanacaq;
- narkotiklərə aludə olmuş şəxslərin qeydiyyatı və zərərli vərdişlərdən azad olunması üçün sistemli və ardıcıl mübarizə, müayinə və müalicə formaları tətbiq olunacaq.
Bundan başqa:
- ailə planması dövlətin təşviq siyasətinin əsasını təşkil edəcək;
- uşaqların xəstə doğulmaması üçün əvvəlcədən profilaktik tədbirlər görüləcək, laborator müayinələr tətbiq ediləcək, uyğunsuzluqların aradan qaldırılması üçün xüsusi proqram əsasında fəaliyyət göstəriləcək.
- xəstə hüquqlarını qoruyan yeni qanun layihəsi hazırlanacaq;
- həkimlərin maaşı həm ştat vahidi, həm də tibbi sığorta kartlarından ödənən faizlər hesabına tənzimlənəcək;
- həkimlərin ştat cədvəli üzrə maaşları bazar münasibətlərinə uyğun formalaşdırılacaq;
- tibb sahəsində elmi araşdırmalara xüsusi dövlət sifarişi həyata keçiriləcək, avtonom və xüsusi çalışmalara dəstək veriləcək;
- kəndlərdə, rayonlarda ailə həkimliyi institutlarına daha çox vəsait ayırmaqla, region səhiyyəsinin səviyyəsi yüksəldiləcək, populist səhiyyə siyasətinə son veriləcək, praktik fəaliyyət göstəriləcək, kadrlarla təmin olunacaq;
- regionda çalışan həkimlərin maaşı 1,5 dəfə mərkəzdə fəaliyyət göstərənlərdən artıq olacaq;
- özəl sektorda səhiyyənin keyfiyyəti daim diqqət mərkəzində saxlanılacaq, özəl sektorun inkişafı üçün dövlət proqramı qəbul olunacaq;
- dərman vasitələrinin ölkəyə gətirilməsində inhisarçılığa son veriləcək, keyfiyyətsiz və insan sağlamlığına zərər vuran preparatların istifadəsinə yol verilməyəcək;
- ölkədə dərman istehsalı üçün xüsusi dövlət proqramı qəbul ediləcək, investisiyanın cəlb olunması üçün təşviq vasitələrindən istifadə olunacaq, ortaq şirkətlər və ixtisaslaşmış xarici korporasiyalarla iş aparılacaq;
- əlil vətəndaşların sağlamlığına xüsusi diqqət ayrılacaq, dövlət vəsaiti hesabına hər bir pasientin istifadə edə biləcəyi reabilitasiya mərkəzləri fəaliyyət göstərəcək;
- təcili yardım xidməti yenidən qurulacaq, regionlarda bu işin təşkilinə xüsusi önəm veriləcək;
- Səhiyyə Nazirliyi təşkiledici standart formalaşdıran, nəzarətedici bir mövqeyə gətiriləcək;
- hər bir vətəndaşın sağlamlığı dövlətin təminatı altında olacaq;
- professional kadrların hazırlanması üçün yerli baza təşmilləşdiriləcək, mübadilə proqramları əsasında ixtisaslı kadrların artırılmasına və müasir tibbi biliklərə yiyələnməsinə nail olunacaq.