Azərbaycan Ümid Partiyası 7 fevral seçkilərindən sonra yeni dönəmin başlandığı ilə bağlı öz mövqeyini ifadə etmişdi.
Təəssüf ki, bəziləri yeni dönəmin təkcə iqtidar tərəfindən başladıla biləcəyi qənaətindədirlər.
Təbii ki, əsas yük iqtidarın üzərindədir. Lakin biz həm də qeyd etmişdik ki, siyasi institutlar da proqram partiyasına çevrilməlidirlər. Vətəndaş partiyaların onların həyatında nəyi necə dəyişə biləcəyini aydın görməlidirlər.
Ümid Partiyası ardıcıllıqla öz proqramını sahələr üzrə qısa xülasəsini təqdim etməyə başlayıb.
Əvvəlcə TƏHSİL haqqında proqramımızın qısa xülasəsini ictimai müzakirəyə təqdim etdik.
İndi KONSTİTUSİYAYA əlavə və dəyişiklikləri təqdim edirik. İnanmaq istəyirik ki, ictimai müzakirədə hər kəs iştirak edəcək.
Biz PROQRAM PARTİYASIYIQ, hakimiyyətə gəlişimiz seçicidən, vətəndaşdan asılıdır. Vətəndaş da bizim bütün sahələr üzrə proqramımızla tanış olmalı, seçimini buna görə etməlidir.
Hamınızın rəyi və düşüncəsi bizim üçün önəmlidir.
AZƏRBAYCAN ÜMİD PARTİYASININ AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA ƏLAVƏ VƏ DƏYİŞİKLİK EDİLMƏSİ İLƏ BAĞLI TƏKLİFLƏRİ
MADDƏ 21. DÖVLƏT DİLİ
- Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
- Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
Əlavə:
- Azərbaycan Respublikasının dövlət dili Azərbaycan türk dilidir. Azərbaycan Respublikası Azərbaycan türk dilinin inkişafını təmin edir.
III. Hər bir Azərbaycan vətəndaşı dövlət dilini bilməlidir.
MADDƏ 27. YAŞAMAQ HÜQUQU
- Hər kəsin yaşamaq hüququ vardır.
- Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
- Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir.
Dəyişiklik
- Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
- Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. Ləğv olunur
MADDƏ 29. MÜLKİYYƏT HÜQUQU
- Hər kəsin mülkiyyət hüququ vardır.
- Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
- Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
- Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
- Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
VII. Dövlət vərəsəlik hüququna təminat verir
Dəyişiklik
- Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
- Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. – Ləğv olunur
MADDƏ 38. SOSİAL TƏMİNAT HÜQUQU
- Hər kəsin sosial təminat hüququ vardır.
- Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur.
III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
- Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.
- Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.
Əlavə:
- Dövlət hərbi və vəzifə borclarıını yerinə yetirərkən şəhid olmuş vətəndaşların arvadı və uşaqlarına, əlillərə sahib çıxır, onların layiqli həyat şəraiti yaşamasını təmin edir.
VII. Dövlət anadan şikəst doğulan və iş qabiliyyəti olmayanların saxlanılmasına və cəmiyyətə inteqrasiyasına şərait yaradır.
VIII. Yaşlılar, qocalar dövlət tərəfindən qorunur. Bu məqsədlə təşkilat və fondlar qurur və ya qurdurur.
- Dövlət yetim uşaqların cəmiyyətə inteqrasiyasına məsuliyyət daşıyır.
MADDƏ 42. TƏHSİL HÜQUQU
- Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
- Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
- Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.
- Dövlət minimum təhsil standartlarını müəyyən edir.
Dəyişiklik və əlavə:
- Hər bir vətəndaşın ümumi orta təhsil almaq hüququ məcburidir, pulsuzdur və dövlət tərəfindən təmin edilir.
- Hər bir vətəndaş ölkənin ali məktəblərində 1 dəfə pulsuz təhsil almaq hüququna malikdir.
MADDƏ 56. SEÇKİ HÜQUQU
- Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
- Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.
III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Əlavə
- Əsgəri xidmətdə olanlar, hərbi müdavimlər, yaşayış yeri sabit olmayan müddətli hərbi xidmətçilər, cəzaçəkmə yerlərində cəza çəkən məhkum edilmişlər və cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilənlər bələdiyyə və parlament seçkilərində seçmək hüquqları məhdudlaşdırılır.
MADDƏ 68. ÖZBAŞINALIQDAN MÜDAFİƏ VƏ VİCDANLI DAVRANIŞ HÜQUQU
- Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.
- Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
III. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
- Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.
Dəyişiklik
- Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki və CİNAYƏT məsuliyyəti daşıyır.
MADDƏ 81. QANUNVERİCİLİK HAKİMİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
Əlvaə:
- Azərbaycan Respublikası Milli Məclisinin deputatları seçildikləri dairəni və seçiciləri deyil, xalqı təmsil edirlər.
- Azərbaycan Respublikası Milli Məclisinin deputatları Məclisin ilk iş günüdə aşağıdakı şəkildə and içirlər:
“Azərbaycan Respublikasının deputatı səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin və xalqın maraqlarını qoruyacağıma, seçicilərə ləyaqətlə xidmət edəcəyimə and içirəm”
MADDƏ 82. AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN SAY TƏRKİBİ
Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.
Dəyiklik:
Azərbaycan Respublikasının Milli Məclisi 151 deputatdan ibarətdir.
MADDƏ 83. AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİ DEPUTATLARININ SEÇKİLƏRİNİN ƏSASLARI
Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Dəyişiklik:
Azərbaycan Respublikası Milli Məclisinin deputatları MAJORİTAR və PROPORSİONAL seçki sistemləri, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
MADDƏ 85. AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATLIĞINA NAMİZƏDLƏRƏ AİD TƏLƏBLƏR
- Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.
- İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
Dəyişiklik:
III. Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik seçki günü 25 yaşı tamam olan, ali təhsilli, başqa ölkələr qarşısında öhdəliyi olmayan hər bir Azərbaycan vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.
MADDƏ 87. AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ DEPUTATLARININ SƏLAHİYYƏTİNİN BİTMƏSİ
- Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.
- Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.
III. Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.
Dəyişiklik:
- Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər 90 gün müddətində keçirilir, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.
MADDƏ 89. AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ DEPUTATLIĞINDAN MƏHRUMETMƏ VƏ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN SƏLAHİYYƏTLƏRİNİN İTİRİLMƏSİ
- Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina etdikdə;
6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.
- Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.
Dəyişiklik:
6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.
Çıxarılır
MADDƏ 100. AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTLİYİNƏ AİD TƏLƏBLƏR
Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
Dəyişiklik:
Seçki günü yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikası ərazisində seçki gününə qədər 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlərin qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası Prezidenti seçilə bilər
MADDƏ 101. AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİNİN ƏSASLARI
- Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər
- Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
III. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir.
- Səsvermənin ikinci dövrəsində səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
- Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
- Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.
Dəyişiklik
- Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Heç kəs 2 dəfədən artıq Azərbaycan Respublikası Prezidenti seçilə bilməz. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.
MADDƏ 107. AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN VƏZİFƏDƏN KƏNARLAŞDIRILMASI
- Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.
- Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.
III. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.
Dəyişiklik:
- 30 gün sözü 10 gün sözü ilə əvəz olunur
- Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər.
- 2 ay sözü 15 gün sözü ilə əvəz olunur
MADDƏ 124. YERLƏRDƏ İCRA HAKİMİYYƏTİ
- Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
- İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
Dəyişiklik:
- Azərbaycanda yerli idarəetmə şəhər, şəhərdə rayon, rayon və kənd formasında həyata keçirilir.
- Azərbaycan Respublikası Prezidenti şəhər, şəhərdə rayon və rayon icra başçılarını özünün yerli nümayəndəsi təyin edir.
- Yerli icra nümayəndələrinin səlahiyyətləri qanunla müəyyən edilir.
MADDƏ 134. NAXÇIVAN MUXTAR RESPUBLİKASININ STATUSU
- Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
Dəyişiklik:
- Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar qurumdur.
IX fəsil
Bələdiyyələr
MADDƏ 142. YERLİ ÖZÜNÜİDARƏNİN TƏŞKİLİ
- Yerli özünüidarəni bələdiyyələr həyata keçirir.
- Bələdiyyələr seçkilər əsasında yaradılır.
III. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir.
Dəyişiklik:
- Yerli idarəçilik şəhər, şəhərdə rayon, rayon və kənd bələdiyyə başçıları və məclisləri vasitəsilə seçilir.
- Bələdiyyə başçıları və məclislər seçkilər əsasında keçirilir
- Bələdiyyə başçılarının məclisinin və bələdiyyələrin statusu, bələdiyyələrin səlahiyyətləri, qərarları, müstəqilliyi və müstəqilliyinin təyinatı və məsuliyyətləri, bu Konstitusiya, bələdiyyələrə seçkilərin qaydaları və bələdiyyələr haqqında qanunla müəyyən edilir.