Toplantı zamanı ölkə, region və dünya gündəmi, Azərbaycanda ictimai-siyasi vəziyyət müzakirə edilib. Müzakirə zamanı Azərbaycanın regionda baş verən proseslərə adekvat münasibəti xüsusi diqqətə çatdırılıb.
Yaxın Şərqdə baş verən qarşıdurmalarda Azərbaycanın mövqeyi, Azərbaycan-Ermənistan arasında imzalanması gərəkən Sülh Müqaviləsi, Türkiyənin regiondakı rolu, Rusiya-Ukrayna savaşı, qərb dünyasının İsrail-Fələstin savaşına münasibəti və s. məsələlər də iclasın müzakirə mövzusu olub.
İclasda Qarabağa qayıdış planı, işğaldan azad edilmiş ərazilərdə idarəetmə siyasəti, partiyanın bu istiqamətdəki təklif, plan və düşüncələri də detallı şəkildə müzakirəyə çıxarılıb, partiyanın Konstitusiyaya etdiyi təkliflər müqabilində dəyişikliklər edilməsi və buna görə də mütləq Referendum keçirilməsinin vacibliyi də təhlil edilib. Həmçinin, bildirilib ki, hakimiyyət müharibəni qazanmaqla faktiki olaraq, Qarabağda ciddi avantaj əldə etməsi ilə, bunu davamlı prosesə çevirməli, ölkə daxilindəki sosial, siyasi, iqtisadi vəziyyəti dəyişməlidir.
Toplantının gedişatında partiyanın təşkilatlanma işi, sosial media üzərindən fəaliyyətin cari vəziyyəti müzakirə olunub, qarşıda dayanan vəzifələr barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, iclasda partiyanın bir neçə proqramının yenilənməsi detallı şəkildə müzakirə edilib. İclasda partiyanın rayon təşkilatlarının mütəmadi keçirilən toplantıları da müsbət dəyərləndirilib.
Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.