Azərbaycan Ümid Partiyası İqbal Ağa-zadəni təbrik etdi

17 sentyabr Qarabağ qazisi, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadənin doğum günüdür.
Ümid Partiyasının İdarə Heyəti və ümidçilər partiya sədrinə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Əziz və dəyərli İqbal bəy!
Siz məmləkətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda fədakarcasına döyüşmüş Qarabağ qazisisiniz və siz Birinci Qarabağ savaşı iştirakçısı olaraq, 44 günlük Vətən müharibəsində təşkilatçılığınızla partiya ilə bərabər Milli Ordumuza misilsiz xidmətinizlə qəlblərdə taxt qurmuş, dövlətimizin bütövlüyü uğrunda əlinizdən gələni etmiş, vətən uğrunda canınızdan keçməyə hazır olmuşsunuz!
2020-ci il 16 iyul tarixində partiya lideri olaraq, orduya getmək üçün ilk könüllü kimi Siz müraciət etdiniz.
Siz illərlə Azərbaycanımızın suverenliyinin qorunub saxlanması, ərazi bütövlüyünün bərpası, şəffaf cəmiyyətin, sivil, demokratik, insan haqlarının qorunduğu, sosial rifahlı xalqın, söz və mətbuat azadlığının təmin olunduğu bir Azərbaycan uğruna siyasət yürüdən siyasi lidersiniz.
Zaman-zaman dövlətçilik məsələlərində düşünmədən, tərəddüd etmədən atdığınız addımlar, verdiyiniz qərarlar, bəyanat və mesajlar dövlətə və millətə bağlı bir lider olduğunuzu dəfələrlə sübut edib və Milli Həmrəyliyin qorunub saxlanmasına böyük töhfə verib.
Milli Ordumuzun yazdığı böyük zəfər göstərdi ki, Siz lider olaraq hər zaman ən çətin məqamlarda belə düzgün qərar verə bilən bir partiya liderisiniz.
Siz bu gün də Şəhidlərimizin müqəddəs ruhu üçün mövcud iqtidara səslənir, ərazi bütövlüyümüz, əsgərlərimizin, hərbi qulluqçularımızın təhlükəsizliyinin təminatı üçün təkliflər təqdim edirsiniz.
Cənab Sədr!
Siz parlamentdə təmsil olunduğunuz zaman Azərbaycanda MİLLƏT VƏKİLİ nümunəsi qoydunuz. İllər əvvəl xalqın problemləri ilə bağlı etdiyiniz çıxışlar, problemlərin həlli üçün etdiyiniz təkliflər bu gün də zamanla ayaqlaşır. Odur ki, hələ də çoxları bu gün də sizi millət vəkili kimi tanıyır, parlamentdə olmasanız belə, Sizi özünə millət vəkili hesab edir.
Sizin yürütdüyünüz barış və dialoqla bağlı siyasi kurs, millət, dövlət, dövlətçiliklə bağlı fəlsəfi fikirləriniz, yazdığınız elmi məqalələr, Azərbaycanın fikir babaları ilə bağlı düşüncələriniz, ölkə problemlərinə yanaşmanız, ölkə problemlərini çözmək üçün hazırladığınız proqramlar biz ümidçiləri bir daha mübarizəyə ruhlandırır, güclü bir Azərbaycan quracağımıza ümidləndirir və inadırır.
Uğrunda canınızı qurban verməyi belə əsirgəmədiyiniz xalqımız sizin illərdir formalaşdırdığınız, israrla təlqin etdiyiniz barış, dostluq, qardaşlıq siyasətini milli siyasi müstəviyə daşımaqdadır. Bu, dövlətçilik fəlsəfəsi ilə yanaşı, sizin səmimi, realist düşüncə üzərində ardıcıl yürütdüyünüz siyasi fəaliyyətiniz nəticəsində baş verir. Sizin Azərbaycan siyasi arenasına yeni gətirdiyiniz siyasi kursu, barış, dialoq ritorikasını bir zamanlar süngü ilə qarşılayan bir çox siyasilər də artıq siyasətini Ümid Partiyasının siyasi kursuna yaxınlaşdırır.
Əminik ki, ölkənin demokratikləşməsi, millətin azadlığı uğrunda nəinki görəvini, hətta öz azadlığını belə qurban verən lider kimi Sizin timsalınızda Ümid Partiyası və komandamız müasir Azərbaycan tarixində əbədi qalacaqdır.
Cənab Sədr!
Sıralarında onminlərlə insanı birləşdirən böyük Ümid ailəsi daha müasir, daha demokratik və azad, ərazi bütövlüyü təmin olunan Bütöv Azərbaycan uğrunda müqəddəs mücadilənizdə sonadək Sizinlə birlikdədir.
Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə can sağlığı, uzun ömür, xoşbəxtlik və getdiyimiz bu müqəddəs yolda, siyasi fəaliyyətinizdə uğurlar arzulayırıq.
Şərh yaz